"Maşa və Ayı" qalmaqalı: 50 deputat cizgi filminin yayımdan çıxarılmasını tələb etdi
Bizi izləyin

Avropa

"Maşa və Ayı" qalmaqalı: 50 deputat cizgi filminin yayımdan çıxarılmasını tələb etdi

"Maşa və Ayı" qalmaqalı: 50 deputat cizgi filminin yayımdan çıxarılmasını tələb etdi

Böyük Britaniyada müxtəlif siyasi partiyaları təmsil edən 50 deputat mədəniyyət naziri Liza Nandiyə açıq məktub ünvanlayaraq Rusiyanın məşhur "Maşa və Ayı" cizgi serialının ölkədəki striminq platformalarından çıxarılmasını tələb edib.

Publika.az xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb.

Açıq məktubu Leyboristlər, Mühafizəkarlar, Liberal Demokratlar, Yaşıllar, Şotlandiya Milli Partiyası və Uelsin Plaid Cymru partiyasından olan ümumilikdə 50 deputat imzalayıb.

Deputatlar bildirirlər ki, cizgi filmi "incə olmayan təbliğat vasitəsidir". Onların narazılığına səbəb serialın bir epizodunda Maşanın əvvəlcə NKVD əməkdaşlarının geyiminə bənzədilən mavi haşiyəli, qırmızı ulduzlu papaq, daha sonra isə tankçı dəbilqəsi taxması olub.

Məktub müəllifləri xatırladıblar ki, NKVD keçmiş SSRİ-də milyonlarla insanın deportasiyası, edamı və siyasi təqiblərində məsuliyyət daşıyan qurum olub. Onların fikrincə, cizgi filmi sovet hərbi estetikasını qlobal uşaq auditoriyası üçün normallaşdırır.

Deputatlar qeyd ediblər ki, "Maşa və Ayı" daha əvvəl də Avropanın bəzi ölkələrində tənqid olunub. Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna serialı Kremlin "yumşaq güc" alətlərindən biri adlandıraraq onun uşaqlar üçün nəzərdə tutulmuş əyləncə məzmunu vasitəsilə Rusiyanın hərbi və imperialist ideyalarını təbliğ etdiyini bildirmişdi.

Hazırda Böyük Britaniyada "Maşa və Ayı" "Netflix" və ITV-yə məxsus ITVX platformalarında yayımlanır. Deputatlar hesab edirlər ki, britaniyalı valideynlərin uşaqlarına təqdim olunan məzmunun dövlət təbliğatı ilə bağlı şübhələr fonunda ciddi şəkildə yoxlanılacağını gözləməyə haqqı var.

Cizgi filmini istehsal edən "Animaccord" studiyası isə ittihamları rədd edib. Şirkət bildirib ki, 2025-ci ildən etibarən Rusiyadakı fəaliyyətini tam dayandırıb və serialın istehsalı zamanı heç bir Rusiya dövlət maliyyəsindən istifadə olunmur.

Qeyd edək ki, "Maşa və Ayı" ilk dəfə 2009-cu ildə yayımlanıb. İndiyədək serialın yeddi mövsümü çəkilib, son mövsüm isə 2025-ci ildə təqdim olunub. Cizgi filmi "Netflix"lə yanaşı ABŞ, Kanada, Almaniya, Fransa, Yunanıstan və digər ölkələrin televiziya kanalları və striminq platformalarında da nümayiş etdirilib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm