8 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
Bizi izləyin

Avropa

8 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO

8 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO

2018-ci ildən etibarən İspaniyanın Sevilya Hava Limanında tərk edilmiş vəziyyətdə saxlanılan iki mühərrikli "Piper PA-23 Apache" tipli təyyarə cəmi 10 avro başlanğıc qiyməti ilə hərraca çıxarılıb.

Publika.az xəbər verir ki, sahibini tapmaq mümkün olmadığı üçün dövlət tərəfindən satışa çıxarılan təyyarənin uçuşa yararlı olmamasına baxmayaraq, hərraca böyük maraq göstərilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq təyyarənin həqiqi sahibini müəyyənləşdirmək üçün uzun müddət çalışmış səlahiyyətli qurumlar mümkün hüquq sahiblərinə müraciət etmək məqsədilə vəziyyəti İspaniyanın Rəsmi Dövlət Bülletenində (BOE) üç ayrı dövrdə rəsmi şəkildə elan ediblər. Lakin bütün bu cəhdlərə baxmayaraq heç bir hüquq sahibi müraciət etmədiyi üçün təyyarə hüquqi baxımdan "tərk edilmiş" statusu alaraq hərrac siyahısına daxil edilib.

BOE-də dərc olunan hərrac şərtlərində göstərilən tələblərə cavab verən hər bir fiziki şəxs, şirkət və ya qurum açıq hərracda təklif verə biləcək. Elanın yayımlanmasından sonra çox sayda elektron məktub aldıqlarını bildirən Aena rəsmiləri marağın olduqca yüksək olduğunu qeyd ediblər. Müraciət prosesi başa çatdıqdan sonra təklif zərflərinin açılacağı tarix Sevilya Hava Limanının rəhbərliyi tərəfindən elan ediləcək.

"Piper Aircraft Corporation" tərəfindən 1950-ci illərdə hazırlanmış "Piper PA-23 Apache" tarixdə ilk seriya istehsalı olan, dörd nəfərlik və tam metal gövdəyə malik iki mühərrikli təyyarələrdən biri hesab olunur. Model öz dövrünün ən populyar təyyarələri sırasında yer alırdı.

Lakin Aena 10 avroluq simvolik başlanğıc qiymətinin alıcıları çaşdırmamalı olduğunu vurğulayır. Qurum rəsmilərinin sözlərinə görə, uzun illər texniki xidmət göstərilmədiyi üçün təyyarənin vəziyyəti olduqca ağırdır və onun yenidən uçuşa yararlı vəziyyətə gətirilməsi mümkün deyil.

Mütəxəssislər 10 avro simvolik başlanğıc qiyməti ilə hərraca çıxarılan təyyarənin faktiki bazar dəyərinə də diqqət çəkirlər. Modelin vəziyyətindən və texniki təchizatından asılı olaraq "Piper PA-23 Apache" tipli təyyarələrin qlobal bazardakı orta qiymətləri belədir:

  • Texniki xidmətə ehtiyacı olan və köhnə avadanlıqlarla təchiz edilmiş modellər: 35 000–60 000 ABŞ dolları.
  • Uçuşa hazır və standart vəziyyətdə olan modellər: 60 000–130 000 ABŞ dolları.
  • Müasir kokpitə və yenilənmiş mühərriklərə malik yüksək seqment modellər: 150 000–225 000 ABŞ dolları.

Bildirilir ki, sözügedən təyyarə əsasən metal qırıntısı və ya kolleksiya nümunəsi kimi qiymətləndirilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm