Dənizlərdə rekord istilik: Fəlakət ən çox harada gözlənilir?
Bizi izləyin

Avropa

Dənizlərdə rekord istilik: Fəlakət ən çox harada gözlənilir?

Dənizlərdə rekord istilik: Fəlakət ən çox harada gözlənilir?

Dünya üzrə dənizlərin temperaturu iyul ayında rekord həddə çatıb. Alimlərin məlumatına görə, qütb bölgələri istisna olmaqla, okean və dənizlərin səth temperaturu iyul ayları üzrə bütün müşahidələr tarixində ən yüksək göstəricini qeydə alıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat yayan “The Guardian” yazır ki, əvvəlki rekord 2023-cü ilin iyulunda qeydə alınmışdı.

Avropa İttifaqının iqlim monitorinq xidməti “Copernicus”un məlumatına görə, Atlantik okeanının Avropa sahillərində və Aralıq dənizinin qərb hissəsində suyun temperaturu da iyul üçün rekord səviyyəyə yüksəlib. Avropa dənizlərində genişmiqyaslı və güclü istilik dalğaları müşahidə olunur.

Eyni zamanda, 2026-cı ilin iyulu qlobal hava temperaturuna görə tarixdə ikinci ən isti iyul olub. Yer səthinə yaxın havanın orta temperaturu 2024-cü ilin iyulundan cəmi 0,01 dərəcə aşağı qeydə alınıb.

Qərbi Avropada anomal istilər

İyun və iyul aylarında Qərbi Avropa rekord istilərlə üzləşib. Güclü istilər Aralıq dənizi hövzəsində meşə yanğınlarını artırıb, quraqlığı dərinləşdirib.

“Copernicus”un məlumatına görə, 2026-cı ilin ilk iki yay ayında Avropada temperatur normadan 2,79 dərəcə yüksək olub. Bu göstərici əvvəlki rekordu da geridə qoyub.

Mərkəzi Avropada, o cümlədən Avstriya və Slovakiyada milli temperatur rekordları qeydə alınıb. Uzunmüddətli isti və quraq hava bitki örtüyünü qurudaraq meşə yanğınlarının yayılması üçün əlverişli şərait yaradıb.

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin iqlim üzrə mütəxəssisi Samanta Bercess bildirib ki, bu yay iqlim dəyişikliyinin ekstremal hava hadisələrini necə gücləndirdiyini göstərən “parlaq nümunədir”.

Elektrik stansiyaları da dayandı

Quraqlıq və yağıntıların kəskin azalması çaylarda suyun səviyyəsini aşağı salıb. Fransa, İspaniya, Almaniya və Böyük Britaniyanın bəzi ərazilərində su çatışmazlığı su təchizatı, kənd təsərrüfatı və enerji sistemlərinə ciddi təsir göstərib.

Soyutma suyu çatışmazlığı səbəbindən Polşada iki kömür elektrik stansiyasının, Macarıstanda isə ölkənin yeganə atom elektrik stansiyasının fəaliyyəti dayandırılıb. Bu, həmin AES-in 44 illik tarixində ilk belə hal olub.

Quraqlıq Avropaya milyardlarla avro itki gətirir

İsti hava və quraqlıq Avropa iqtisadiyyatı üçün ən ciddi ekoloji təhdidlərdən birinə çevrilib. İlkin hesablamalara görə, bu ilin iyununda yaşanan istilər fermerlərə təxminən 2 milyard avro zərər vurub.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, quraqlığın uzunmüddətli təsirləri daha ağır ola bilər. Avropa İqtisadiyyatı üzrə CMCC İnstitutunun araşdırmasına görə, 2015-2018-ci illərdəki meqaquraqlıq Avropaya təxminən 439 milyard avro iqtisadi zərər vurub.

Bu arada, ilin əvvəlindən Avropa İttifaqı ərazisində təxminən 500 min hektar meşə və digər ərazilər yanıb. İsti, quru və küləkli hava yanğınların qarşısının alınmasını çətinləşdirir və bu dövr üçün yeni intensivlik rekordları yaradır.

Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişikliyi gələcəkdə iri meşə yanğınları üçün daha əlverişli şərait yaradacaq. Bunun qarşısını qismən almaq üçün bitki örtüyünün düzgün idarə olunması və şəhərsalma tədbirlərinin gücləndirilməsi vacibdir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm