• USD 1,7000 0,00% EUR 2,0077 +0,03%
    • GBP 2,3515 +0,18% RUB 0,0235 +0,85%

Belə döyüşçüləri ancaq əsilzadə xanımlar doğa bilər- FOTOLAR

  • Bilgi.az
  • 21 Avqust 2016 09:55
  • 23 913 Baxış
Belə döyüşçüləri ancaq əsilzadə xanımlar doğa bilər- FOTOLAR

Bütün qədim imperiyalar taxt-taca sadiq və düşməni ram edə biləcək döyüşçüyə ehtiyac duyub. Heç şübhə yox ki, belə döyüşçüləri ancaq əsilzadə xanımlar doğa bilər. Məhz Sasanilər imperiyası hərəmxana ənənəsindən imtina edərək, zadəgan xanımların seksual istismarını, incə mexanizmini yaradıb.

Publika.az-ın "Ditdili" layihəsi bu dəfə Sasanilərin qəribə saray adətlərinə işıq salacaq. Ümumiləşdirsək, bu yazıda sasanilərin ər səfərdə olanda müvəqqəti nikahlar, üzük taxmamaq üçün edamlar, doqquz yaşlı gəlinlər və uşaq istehsal edən qadın fabrikinin incəliklərindən danışacağıq.

Eramızın 224-cü ilində Parfiya dövləti çökdü və onun yerində Əhəmənilər qədər qüdrətli olan Sasanilər imperiyası quruldu. Sasani imperiyası İran, İraq, Azərbaycan, Gürcüstan, Yəmən, Şərqi Ərəbistan, indiki Özbəkistan, Əfqanıstan və Türkmənistanın bir hissəsini əhatə edirdi. İki çay arasından Mərkəzi Asiyaya qədər olan ərazidə hökmranlıq edən imperiya üsyanların, parçalanmanın, romalıların, bizansların dayanmadan etdikləri yürüşlərin qarşısını almalı idi.

Bu yükü üzərinə sülalənin vuran əli götürdü. Xüsusi hərbi dəstəyə nikah və hərbi xidmət əlaqələri ilə cəm olan bütün əsilzadələr daxil idi. Zərdüşti kahinləri olan maqlar imperiyanın maraqlarına xidmət edir və sasanilərin güclənməsində böyük rol oynayırdılar. Şahənşahın əmrini yerinə yetirən, üsyanları amansızcasına yatıran yerli zadəganlar da sarayda vəzifələr tutur, dəbdəbəli titullar alırdılar. İmperiyanın əsas qayğısı hakim elitanı qorumaq idi. Çünki müharibələr, xəstəliklər və uşaq ölümləri onların fiziki mövcudluğuna son qoyurdu. Bütün imperiyalarda olduğu kimi, sasanilər də hakim sinfin seksini, nikahını və uşaq doğuşunu tənzimləməli idi.

Hakimiyyət və seks

Başqa sözlə desək, söhbət zadəgan bədənlərinin fasiləsiz istehsalından gedir. Ədəbiyyatda və incəsənətdə vəsf olunan döyüşçülərə adlar da qoyulurdu: "pələng kimi güclü", "yenilməz", "ağac kimi möhtəşəm" və s. Onlar at çapmalı, döyüşməli, mahir oxatan olmalı idilər. Adi əsgərlərdən və insanlardan seçilən bu elit döyüşçülər xüsusi müəllimlərin yanında hazırlıq keçirdilər. Onların bioloji üstünlüyü təkcə mübaliğəli söz deyildi. Onlar həqiqətən seçilmişlər idi.

İnsanın bioloji inkişafı ilk növbədə genetik məzmun daşıyır. Ancaq uşaq və yeniyetmə dövründə qəbul etdiyi qidalar ona birbaşa təsir edir. Siniflər arasında qeyri-bərabərlik insanların fiziki imkanlarına da təsir göstərirdi.

Eqalitar cəmiyyətlərdə insanlar fiziki görünüşcə də bərabər olurdular. Misal üçün XVI-XVIII əsr Avropasında yaxşı qidalanan zadəganlar, kəndlilərdən ortalama 5 sm hündür olurdular. Bu bioloji üstünlüyü nəsillikcə ötürmək yəni özünə bərabərlə nikah qurmaq elitanın digər inancı olan çoxlu qadını mayalandırmaqla bu möhtəşəm geni yüzlərlə uşaq arasında bölmək hissi ilə toqquşurdu. Potensialın reproduktivliyini aşırı həddə çatdırmaq bir çox tarixi dövlətlərin əsas amalı idi. Təsadüfi deyil ki, hazırda Avropa kişilərinin böyük əksəriyyəti Bürünc dövrünə aid cəmi üç nəsildən törəmədir. Dövrü üçün müasir silahlara sahib olan tayfalar Avropanı tutmaqla bərabər özünə bərabərləri yaratmaq üçün saysız-hesabsız nikahlara girirdilər. Qəribədir ki, Asiyanın səkkiz yüz milyon əhalisi cəmi on bir kişidən törəyib. Onların içində Çingiz xan və Mancur knyazı Gio Çanqi də var.

Çoxarvadlılıq – yenilməz kişiliyin təsdiqi

Hakim elita üçün heteroseksual nikah adı bir qayda idi. Dünyanın dörd bir yanından toplanmış hərəmlər çoxarvadlılığın tərkib hissəsi idi. Hərəmxanaya hər cür qadın yarayırdı. Əsirlər, qullar, saray xanımları və digərləri. Amma hökmdarlar çoxlu qadını təkcə genlərini yaymaq üçün yox, həm də özünü təsdiq üçün tətbiq edirdilər. Onlar bununla sanki özlərinin yenilməz kişi olduğunu isbatlayırdılar.

Sasanilər daha çox itkilərini şimal-şərq sərhədlərində verirdilər. Qanlı döyüşlərdə sonsuz sayda insan itkisi olurdu. Heç dinc dövrdə də itkilər az olmurdu. Son dövrlərin araşdırması göstərir ki, orta yaşama həddi 20-25 yaş idi və adi ailədə 5-6 uşaq doğulurdu. Onlardan yalnız ikisi və ya üçü sağ qalırdı. Elita nə qədər yaxşı qidalansa və komfortlu həyat sürsə də xəstəliklər onlara qarşı amansız idi.

Sasanilər dönəmində zadəgan ailələrdə yalnız bir və ya iki oğlan uşağı doğulurdu ki, onların döyüşdə ölümü nəslin sonu demək idi.

Sasani elitası digər imperiyalardan fərqli olaraq adlı-sanlı nəsilləri neçə yüz illiklər ərzində qoruyub saxlaya bildi. Bunun bircə yolu var idi. Uşaq doğumunun sayın artırmaq, yəni elit qadın bədənlərini son həddə qədər istismar etmək. Bu məsələnin həllində zərdüştlüyündə mühüm rolu var idi.

Sasanilərin dövründə zərdüştlüyün mahiyyətinə dəyişikliklər də edildi. Belə ki, zərdüştlük ümumi dövlət dini elan edildi. Din də öz növbəsində ari torpağını vəsf etməli və hakim ideologiyanın yayılmasına xidmət etməli idi. Həmçinin zərdüşt kahinlərinə məhkəmə səlahiyyəti də verildi. Zərdüşt maqlarının başçısı Mobədan Mobədin qərarı dəyişilməz hakim statusunda idi.

Əri yanında olmayanlara müvəqqəti nikah məcburiyyəti

Kahin hakimlər ailə və müqavilə hüququnu yaratdılar. Onların hökmü ilə qadından tələb olunurdu ki, 9-15 yaşında ərə getsinlər və ilk imkan yaranan kimi doğsunlar. Ərə getməkdən imtina etdikdə ölüm hökmü verilirdi. Bu hökmə "marqarzan" deyilirdi. Dullardan da tələb olunurdu ki, qısa müddətdə özlərinə ər tapsınlar. Abort ən böyük cinayət sayılırdı. Uşaq doğmaq müqəddəs xidmət kimi dəyərləndirilirdi. Homoseksual əlaqəni isə ən böyük günah hesab edərək, bu yolu seçən kişini şeytanın bizim dünyaya buraxdığını deyirdilər. Bu tələblərdə təəccüblü heç nə yox idi. Bu, Sasani dövrünün adi məişəti idi.

Zərdüşt kahinləri və məmurları bu dinə yeniliklər əlavə etdilər. Onlardan biri də "çagar" adlanan yardımçı nikah qaydası idi. Bu qaydaya görə hakim elitaya məxsus qadın müvəqqəti, bir, iki il müddətinə başqa kişiyə ərə gedə bilərdi (bu dövr üçün izah edəsi olsaq, təsəvvür edin həyat yoldaşınız hərbi xidmətə gedir və siz mütləq o hərbi xidmətdə olduğu müddətdə başqa biri ilə müvəqqəti olsa da nikaha girməlisiniz). "Çagar" əsasən, ona görə tətbiq olunurdu ki, ərlər uzun müddətli hərbi səfərlərdə olanda qadınları uşaq doğsun.

Ümumi arvadlar

Qadının doğmaq qabiliyyətini artırmaq üçün şahənşah Birinci Qubad arvadın ümumi olması haqqında xüsusi fərman verdi. Bu qərar zadəganları və kahinləri qıcıqlandırırdı. Əsas kimi də o gətirilirdi ki, əgər uşağın atası bəlli olmasa, mülkiyyət və titullar varislərə necə keçəcək. Bu təzyiqlərə dözməyən Qubad fərmanını ləğv etdi.

Qıcıq yaratmayacaq və hamının qəbul edəcəyi "ümumi arvad" anlayışının alternativ variantı yaradıldı. Zərdüşt kahinləri əvəzləyici nikah - "stürih"i yaratdılar. Mahiyyət etibarı ilə bu, levirat idi. Yəni, dul qalmış qadın ikinci dəfə yalnız ərinin qohumuna ərə gedə bilərdi. İlk növbədə isə qardaşlarına. Amma zərdüşt kahinləri bu qaydaya dəyişikliklər etmişdi. Əgər ər öləndə oğlan varis qoymazsa, onda onun arvadı, qızı və ya bacısı mərhumun və ya məhkəmənin təyin etdiyi şəxsin arvadı olmalı idi. Bu qayda zadəgan nəslin davamlı olmasına təminatçı kimi dövləti önə çıxarırdı.

Qadın bədəninin resuslarından maksimum istifadə etmək qaydası ailənin təməl prinsipi olan ata anlayışını sıradan çıxardı. Valideynlər həm öz uşaqlarını, həm də ondan əvvəlki kişidən doğulan uşaqları böyüdürdülər. Əvəzləyici nikah zadəganların seksual qəhrəmanlıqlarını nəsil artırmağa yönəldirdi. Hərəmxana yaradan, öz kişiliyini sübut etmək üçün saysız-hesabsız qadın saxlayan və çoxlu sayda varis törəyən hökmdarların taleyi heç də yaxşı olmurdu. Qardaşlar hakimiyyət uğrunda mübarizə aparırdılar. Ölkədə çaxnaşma yaranırdı. Dünyanın bir çox imperiyalarında bu tale yaşanmışdı. Teymurilər və Osmanli imperiyasını misal gətirmək olar. Sasanilər isə bu qaydanı tətbiq etməklə çoxlu qadın almaq yox, bir qadını daha çox istismar etmək prinsipi ilə zadəganlıq nəslinin qorunmasını, yaşamasını və bölünməzliyini təmin etdi. Digər imperiyalarda isə qardaşları bir-birinə düşmən edən ayrı-ayrı analar idi. Yenə qadın məkri özünü göstərirdi. Sasanilərdə isə ana bir olmaqla bütün varisləri də birləşdirə bilirdi.

İstənilən sayda qadınla...

Monoqamiya (bir arvad ilə kifayətlənmək) rəqabətin mümkünlüyünü azaltmaqla bərabər ümumiyyətlə varissiz qalmaq riskini də artırır. Qeyd edək ki, istəklərindən həzz ala bilməyən kişilər qulların xidmətindən istifadə edirdi. Zərdüştlərin nikaha gətirdiyi düzəliş sasani zadəganlarının çox arvadlılığını da qanuniləşdirdi. Kişi əvəzləyici nikahla istədiyi sayda qadınla evlənə bilərdi. Həmçinin, ölən dostları və qohumları üçün də uşaq əkə bilərdi. Bu islahatın nəticəsində həm kişilər, həm də qırılmaqdan sığortalanan və bir-biri ilə daha da sıx birləşən zadəgan nəsillər təbii ki, imperiya qazandı. Ordu üçün saysız-hesabsız döyüşçülər doğulurdu.

Bacı qardaşla, ana oğulla...

Qadın bədəni istismar edilsə də, yəqin ki, onlar da narazı qalmırdılar. Hər halda fərqli ərlər ilə yaşayırdılar. Deyilənə görə Zərdüşti maqları isə daha dərinə gedərək genin başqa nəslə ötürülməməsi üçün bacı-qardaş, ana-oğul nikahını belə qanuniləşdirmişdi.

Bu mövzuya biz toxunmuruq. Ancaq maraqlananlar üçün deyə bilərəm ki, böyük yazıçımız Yusif Vəzir Çəmənzəminli "Qızlar bulağı" əsərində bu məsələyə toxunub.

Sasanilərin nikah islahatı zadəganların hətta imperiyanın süqutundan sonra öz güclərini saxlamasına imkan verdi. Ərəb işğalında belə öz gücünü saxlayan bu təbəqə onuncu əsirdə fars dilini və mədəniyyətini hakimi-mütləq etdi və zadəgan dəyərlərini keçmiş imperiyanın ərazisində qismən də olsa qorudu.

Bu gün ki, yozumda ola bilsin ki, bu addım ikrah edici təəssürat yaratsın. Amma milli bütövlüyün və mədəniyyətdə varislik prinsipinin qorunmasında bu adətin yeri danılmazdır.

Yazının sonunda Azərbaycan tarixində və ədəbiyyatında iz buraxmış Sasani şahənşahlarından bir neçəsinin adını yada salaq:

Birinci Ərdşir, Birinci Şapur, Birinci Hörmüz, Birinci Bəhram, İkinci Bəhram, Üçüncü Bəhram, İkinci Hörmüz, İkinci Şapur, Birinci Yezdəgird, Beşinci Bəhram (Nizami Gəncəvinin "Yeddi gözəl"indən tanıdığımız Bəhram Gur), Birinci Qubad, Birinci Xosrov Ənuşiravan (nərd oyunlarının əsasını qoyub), İkinci Xosrov (Nizami Gəncəvinin "Xosrov və Şirin"indən tanıdığımız) və Üçüncü Yezdəgird.

Yazını hazırlayarkən bu mənbələrdən istifadə olunub:

1. Sex (Death, and Aristocratich Empire: İranian Jurisprudence in Late Antiquity. Comparative Studies in Society and History, 2016)

2. Law in the Crisis of Emprie: A Sasanian Example. Journal of Persianate Studies, 2013.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR