Bilgi.az
Stalinin şəhəri uğrunda ən qanlı savaş, 2 milyon əsgərin ölümü – FOTOLAR
Sovet İttifaqı 1941-ci ilin iyunun 22-si səhərini müharibə xəbəri ilə qarşıladı. Yayın ən uzun gününü yaşayan ölkə sakinləri 190 düşmən diviziyasının, 5 milyondan çox əsgərin onların sərhədlərini tapdayıb mərkəzə irəliləməsi xəbərindən sarsıldılar. "Barbarossa" adlı əməliyyata əsasən, Sovetlər ölkəsini yaxın bir neçə ay ərzində məğlub etmək nəzərdə tutulmuşdu.
Faşist qoşunları komandanlığının 90 faizinin Stalin tərəfindən məhv edildiyi Qırmızı Ordunun ayrı-ayrı hərbi birləşmələrini aradan götürüb, 5 milyon zabit və əsgəri əsir almaqla 3 istiqamətdə sürətlə irəliləyirdilər – Leninqrad, Moskva və Kiyevə doğru. Onların sürəti elə güclü, zərbələri elə ağır idi ki, ABŞ-ın hərbi dəniz donanmasının katibi prezident Ruzveltə məktubunda yazırdı: "Belə görürəm, SSRİ-ni tamamilə məğlub etmək üçün Hitlerə 6 həftədən iki aya qədər vaxt lazım olacaq".
Bəziləri SSRİ-nin diz çökdürülməsinin 4 aya başa gələcəyini düşünürdülər. Ta həmin ilin sonlarında alman qoşunları Moskva ətrafında məğlub edilib, 200 kilometr geri qovulanadək. Amma bu da hələ son deyildi. Qarşıda təkcə Böyük Vətən müharibəsinin deyil, ümumilikdə İkinci Dünya müharibəsinin ən uzun – 200 gün, 200 gecə davam edəcək Stalinqrad döyüşü vardı. Və sovet əsgərləri məhz bu ağır sınaqla İkinci Dünya müharibəsində əsaslı dönüşü reallaşdıracaqdılar…
Publika.az İkinci Dünya müharibəsinin ən qanlı və ən uzun döyüşünün maraqlı, gərgin anlarını təqdim edir.
Hitlerə məğlubiyyət proqnozunu ilk dəfə kim verdi?
Hitleri şərq cəbhəsində ağır döyüşlərin gözlədiyi SSRİ sərhədçilərinin Brest qalasındakı inadlı müqavimətindən bəlli oldu. Belə ki, aralarında 44 nəfər azərbaycanlının da olduğu 4000 nəfərlik qarnizon 17000 nəfərlik faşist ordu bölməsinə düz 1 ayadək müqavimət göstərdi. Müdafiədə dayanmış əsgərlərdən birinin qalanın divarlarına yazdığı "Ölürəm, amma təslim olmuram, əlvida vətən!" vida sözləri Brest qalasının xarabalıqları arasında bu günə kimi qalır. Bir aylıq ağır döyüşlərdən sonra hitlerçilər özlərindən 4 dəfə az olan sovet əsgərlərinin sığındıqları qalanı işğal etdilər. Hitler döyüşçülərinin əslində gülünc sayıla biləcək kiçik qələbəsini müttəfiqi Mussoliniyə göstərmək, əsgərlərinin "əzəmət"li qalibiyyətləri ilə öyünmək üçün italiyalı həmkarını özüylə birlikdə Brest qalasına gətirdi. Qalanın divarlarındakı yazılara gözü sataşan Mussolini yanındakı tərcüməçidən naməlum sovet əsgəri tərəfindən yazılmış sözlərin italyan dilinə tərcümə olunmasını xahiş etdi. Tərcüməçi bu sözləri Benitoya olduğu kimi çatdırdı: "Ölürəm, amma təslim olmuram, əlvida, Vətən!" Mussolini susdu, heç nə demədi. O, Romaya qayıtdıqdan sonra Brest qalasının divarındakı sözlərə eyham vuraraq, "Belə orduya qarşı döyüşmək olmaz" xəbərdarlığını səsləndirdi. İtalyan diktatoru haqlıydı.
Amma artıq gec idi. Mussolininin məğlubedilməz saydığı sovet ordusuna qarşı döyüşənlər arasında onun öz əsgərləri də vardı. Üstəlik, onlarla faşist diviziyası SSRİ sərhədlərini 1 ay əvvəl keçmişdi. Bütün bunlar onu göstərirdi ki, şərq cəbhəsində qalib gəlmək üçün Hitlerə 6 həftə, ya 2 ay yox, aylarla, illərlə vaxt lazım gələcək. Alman fürerinin əsgərləri ilə çiyin-çiyinə döyüşən italyanları, rumınları, bolqarları, macarları da sovet cəbhəsində ağır sınaqlar, rüsvayçı məğlubiyyət gözləyirdi – Stalinqrad uğursuzluğu.
Cənubi Qafqaz və Bakı nefti
Almanlar Stalinqrada və ona yaxın digər şəhərlərə hücumlara 1942-ci il iyulun 17-də başladılar. Hücum əməliyyatlarını Hitlerin sevimli, məğlubedilməz generalı Fridrix fon Paulsun rəhbərlik etdiyi məşhur 6-cı ordu, habelə gücləndirilmiş tank diviziyaları həyata keçirirdi. "Siz belə ordunuzla göylərdə də hökmranlıq edə bilərsiniz" deyən Hitler silahlı qüvvələrini hərtərəfli gücləndirmişdi. Bu, həmin 6-cı ordu idi ki, Paris də daxil olmaqla, Fransanı 1 ay ərzində genişmiqyaslı əməliyyatla təslim etmişdi. Habelə Avropanın bir sıra dövlətlərinin diz çökdürülməsində xüsusi fəallıq nümayiş etdirmişdi. Lakin Fransa SSRİ, Stalinqard isə Paris deyildi...
Paulsun əsgərləri əvvəlcə şəhəri güclü top atəşinə tutdular, ardınca Gerinqin bombardmançı təyyarələri havaya qalxdı. Əslində, sovet rəhbərliyinin düşmənin genişmiqyaslı hücumundan xəbəri vardı. Bununla bağlı məlumat Stalinə çatdırıldıqda SSRİ rəhbəri ilk dəfə olaraq sakinlərin şəhərlərdən evakuasiya olunması ənənəsini pozdu. Sovetlərin ali baş komandanı "əsgərlər sakinləri olan şəhərləri daha yaxşı müdafiə edirlər, nəinki boşaldılmış yaşayış məskənini" deyərək, Stalinqradın mülki sakinlərinin – qadınların, qocaların və uşaqların şəhərdən çıxarılmamasını tapşırdı. Bu isə SSRİ-yə baha başa gəldi. Almanların şəhəri bombardman etmələri nəticəsində 40 mindən çox mülki şəxs həlak oldu. Hitlerçilər Stalinqrada aparan yolların üstündə yerləşən bəzi yaşayış məskənlərini bir-birinin ardınca ələ keçirməyə başladı. Müdafiə döyüşləri quran sovet qoşunları ağır itkilər verərək geri çəkildi. İosif Stalinin 227 nömrəli "bir addım da geri çəkilməməli" əmri sovet döyüşçüləri və general Çuykov tərəfindən "Volqa çayının digər sahilində sizə torpaq yoxdur" anlamında qəbul olundu. Əsgərlər ya şəhərin özündə sonadək müqavimət göstərib, qalib gəlməli, ya da həlak olmalı idilər. Qaçan döyüşçünü hərbi tribunal və deməli, güllələnmə cəzası gözləyirdi. Almanların güclü hücumları sovet rəhbərliyini müdafiəni daha da gücləndirmək və rəhbərliyi daha etibarlı əllərə tapşırmaq zərurəti qarşısında qoydu. Avqustun 28-də şəhərin müdafiəsinə nəzarət məğlubedilməz general Gerorgi Jukova tapşırıldı. Buna baxmayaraq, almanlar gücləndirilmiş ordu hissələri ilə hücumların sayını daha da artırdılar. Əsas hədəf Stalinqradı ələ keçirib, Cənubi Qafqaz və Bakı neftinə sahib olmaq idi. Neft mədənlərinin ələ keçirilməsi isə SSRİ tanklarının və təyyarələrinin yanacaqsız qalması, bu isə öz növbəsində sovetlərin süqutu demək idi. "Bu şəhər Stalinin adını daşıyır və onu ələ keçirmək bizim üçün strateji məqsəddir" Hitler deyirdi.
13 dəfə əldən-ələ keçən vağzal, elevatordakı 40 şeytan
Avqustun sonu – sentyabrın əvvəllərində hitlerçilər şəhərin 85-90 faizinə nəzarəti əllərinə keçirdi. Stalinqradın çox az bir hissəsi, o cümlədən Volqa çayının sahilləri sovet əsgərlərinin nəzarətində idi. Lakin sahilə sıxışdırılmış SSRİ ordusunun qalıqları müqaviməti davam etdirirdi. Sentyabrın 15-də Stalinqradın ən hündür yerində faşist bayrağı ucaldıldı. Alman qəzetləri "Stalinqrad məğlub oldu" sərlövhəli manşet yazıları ilə ölkəni sevindirdi. Faşistlər döyüşlərdə fərqlənən əsgərlərini üzərinə almanca "Stalinqrad" yazılmış orden və medallarla təltif etdilər. Hitlerçilər şəhərin tam ələ keçirdiklərinə əmin olduqlarından, onu yenidən qurmağa başladılar. Onlar hətta dağıdılmış dəmir yolunu da yenidən bərpa edirdilər. Berlindəki izdihamlı tədbirdə "Stalinqrad təslim oldu" deyən Hitlerin, habelə bu xəbəri xalqa çatdıran təbliğat və informasiya naziri Yozef Gebbelsin sevincdən gözləri qamaşırdı. Faşistlər hardan biləydilər ki, əsas döyüşlər hələ qabaqdadır.
Volqa çayının sahilinə sıxışdırılmış, habelə şəhərin ayrı-ayrı yerlərindəki dağıdılmış binaların zirzəmilərində müqavimət göstərən sovet əsgərləri faşistlərə ağır zərbələr endirirdilər. Dağıdılmış Stalinqrad traktor zavodu tərəflər arasında ağır döyüş meydanına çevrildi. SSRİ-nin o dövrdə məşhur olan T-34 tankları məhz bu zavodda istehsal olunurdu. Onun həyətinə xeyli əsgər toplaşdığından burada darısqallıq yaranmışdı. Həmin illərdə leytenant olmuş Roman Afrimov xatırlayır ki, bir-birinə sıxışdırılmış sovet əsgərləri silahların gilizlərinin onların özlərini zədələyəcəyindən ehtiyat edərək, minaaxtaranların bellərindən və süngülərdən istifadə edirdilər.
Əlbəyaxa döyüşlər başladı, heç kim heç kimə aman vermirdi. Stalinqrad dəmiryol vağzalı 13 dəfə əldən-ələ keçdi. Ən ağır döyüşlərdən biri də elevatorda baş verdi. Alman hərbçilərindən biri – Vilhelm Hofman xatirələrində yazırdı: "Ruslar sahilə sıxışdırılıblar. Olmaya, onlar son sığınacaq yerində də müqavimət göstərəcəklər? Bu, ağılsızlıqdır".
Onun sentyabrın əvvəllərindəki qeydlərindən: "Onlar hər yerdən atəş açırlar, binaların zirzəmilərindən, xarabalıqların altından. Varvarlar, qaniçənlər!"
Hofman bir neçə gün sonra memuarlarına bu sözləri də əlavə etdi: "Elevatorda gizlənmiş düşmən amansızcasına müqavimət göstərir. Bunlar insan deyil, dəmir varlıqlar, ruhlardır. Hətta alovun içindən də bizi atəşə tuturlar".
Vilhelm Hofman sentyabrın 19-da gündəliyinə etdiyi əlavələrdə elevatordakı sovet əsgərlərinin hələ də təslim olmadığını yazırdı. Almanlar nəhayət sentyabrın sonlarında elevatordakı əsgərlərin hamısını məhv etdilər. İçəridən cəmi ... 40 meyit tapıldı. Faşistlər dəhşətə gəldilər. Onların elevatorda saylarını 200-dən artıq bildikləri sovet əsgərləri cəmi 40 nəfər imiş. Üstəlik, bu qədər az sayda əsgər mühasirədə olmalarına baxmayaraq, həftələrlə faşistlərə müqavimət göstərmişdilər. Alman generalı təəccübünü gizlədə bilmirdi: "Əgər sovet əsgərləri hər yerdə belə döyüşsələr, bizim hərbçilərdən biri də Almaniyaya geri qayıda bilməyəcək".
Müharibə veteranı Karl Borisenko xatırlayır ki, Staliqnrad döyüşlərində həm almanlar, həm də sovet əsgərləri arasında qəribə "həmrəylik" yaranmışdı: "Əgər təyyarələrdən atılan ərzaqlar bizim cinahlara yaxın düşsəydi, onları biz götürürdük. Onda almanlar atəş açmırdılar. Ərzaq bağlamaları faşistlərin səngərlərinə yaxın düşəndə də biz onları vurmurduq. Düşmən də olsaq, aramızda belə bir əsgər "həmrəyliyi" yaranmışdı".
Hazırda istefada olan DTK generalı Roman Aqrikov isə deyir ki, o, əsgərlərinin soyuqdan donmaması üçün onlara ətrafdakı 350 meyitdən süni sığınacaq yaratmağı əmr etmişdi. Zabitin bu qərarı əsgərlərini soyuqdan donmaqdan xilas etmişdi.
Sovet əsgərləri ilə almanların arası o qədər yaxın idi ki, ortada küçə döyüşləri gedirdi. Bəzi döyüşlər hətta eyni binanın ayrı-ayrı mərtəbələri ugrunda aparılırdı. Faşist əsgərlərindən biri anasına məktubunda yazmışdı: "Ana, dünən, 3-cü mərtəbədə mətbəx uğrunda döyüşü başa çatdırdıq, sabah qonaq otağı uğrunda savaşacağıq".
Bir vaxtlar alman və sovet əsgərlərinin mərtəbələri uğrunda döyüşdükləri, xarabalığa çevrilmiş, üzərində güllə, mərmi zədələrini saxlayan bina Stalinqradda (indiki Volqoqradda - müəl.) indi də qalmaqdadır. Ruslar onu "Serjant Pavlovun evi" adlandırırlar.
2000 faşisti məhv edən Həzi Aslanov, at əti yeyən feldmarşal
Stalinqradın təxminən 90 faizi almanların əlində olsa da, sovet ordusu gizli şəkildə gücləndirilirdi. Stalinin əmri ilə şəhərə 1 milyon əsgər gətirildi. Olduqca məxfi şəkildə həyata keçirilən bu əməliyyatdan nəinki faşistlərin, heç onların müttəfiqlərinin də xəbəri yox idi. Stalinqrad döyüşünə göndərilən gənc çağırışçıları Volqanın sahilinə gətirir, onlara əsgər paltarları geyindirərək, sahilin o tayına göndərirdilər.
Fridrix fon Paulsun 6-cı ordusunun sağ və sol cinahlarını rumınlar, macarlar və bolqarlar müdafiə edirdi. Lakin həm rumınların, həm də macarların tank əleyhinə silahları yox idi. İtalyanların isə mərmiləri qurtarmışdı. Sovet rəhbərliyi bu taktiki səhvdən çox məharətlə istifadə etdi. Noyabrın 19-da, səhər saat 06:30-da sovet aviasiyası fon Paulsun ordusunun sağ və sol cinahını güclü bombardman etdi. Aviasiya bombardmanından sonra T-34 tankları hərəkətə keçdilər. Tank əleyhinə mərmiləri, partlayıcı qurğuları olmayan rumınlar, italyanlar və macarlar təslim oldular. Noyabrın 23-də hər iki cinahdan hücum edən sovet əsgərləri Kalaçda birləşdilər. Bu uğur elə ani şəkildə baş verdi ki, sovet əsgərləri cinahların birləşməsini foto və videolentə ala bilmədilər. Həmin səhnəni yenidən, süni şəkildə çəkib Stalinə göstərmək lazım gəldi.
Stalinqrad döyüşlərində qəhrəmanlıq göstərən azərbaycanlıların şücaətlərinə isə ruslar da təəccüb edirdilər. Şəhər ətrafında gedən döyüşlərdə Həzi Aslanovunu başçılıq etdiyi 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa-vuruşa 40 km-dən artıq məsafə qət edib, Stalinqrad-Salsk dəmir yolunu tutdular, beləcə, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı. Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığındakı hərbi əməliyyatlarda böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumu dəf olundu, bir batalyon piyada qoşunu, 30 tank, 50 avtomobil sıradan çıxarıldı. 2000 faşist əsgəri öz ölümünü döyüş meydanında tapdı.
"Qırmızı Ulduz" qəzeti onun və döyüşçülərinin Stalinqraddakı şücaətləri haqda yazırdı: "Müharibə tarixi Həzi Aslanovun və döyüşçülərinin şücaətləri kimi qəhrəmanlıq görməyib". Göstərdiyi şücaətə görə polkovnik-leytenant Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü (yeri gəlmişkən, dünən həm də qəhrəmanın ad günü idi – A.T.).
Başqa bir azərbaycanlı Baloğlan Abbasovun rəhbərlik etdiyi snayperlər qrupu Stalinqradda 3000 faşist əsgər və zabitini məhv etdi.
Gündə 3 dəfə alt paltarını dəyişən feldmarşalın əzabı
Sovet ordusunun komandanlığı yanvarın 8-də fon Paulsa silahı yerə qoymağı təklif etdi. Leytenant Vasili Popov 2 səhifəlik sənədi faşistlərə təqdim etdi. Onun gözlərini bağlayıb, Paulsun qərargahına gətirdilər. Bir neçə saat gözləyən Popovun səbri tükənəndə və o, cavabın nə vaxt veriləcəyini soruşdu. Almanlar isə leytenanta "get ..." söyüşü ilə cavab verdilər. Yanvarın 9-da Rokosovskinin ordusunun 7000-lik topunun yaylım atəşi cır-cındıra bürünmüş faşist əsgərlərini yerə uzanmağa məcbur etdi.
Almanlar ümidsiz vəziyyətdə idilər. Faşistlər əvvəlcə pendir-çörək yeyirdilər, bu qurtardıqdan sonra isə atları kəsib ətlərini yeməyə başladılar. Gündəlik çörək norması əsgərlər üçün cəmi 50, fon Pauls üçünsə 80 qram idi. Mühasirə və sonrakı əsirlik gün ərzində 3 dəfə alt paltarını dəyişən, hər şeydən iyrənmək xəstəliyindən əziyyət çəkən sofu Fridrix fon Pauls üçün əsl cəhənnəm əzabı idi.
Fon Pauls Hitlerlə əlaqəyə girərək, sağ qalmış əsgərlərinin xilası naminə təslim olmasını təklif etdikdə fürer onun bu təşəbbüsünü rədd etdi. Alman diktatoru yanvarın 30-da ona feldmarşal rütbəsi verdi. Hitler onun özünə qəsd edəcəyini gözləyirdi. Amma Fridrix yeni rütbə almasından bir gün sonra təslim oldu. Mühasirə nəticəsində 1 feldmarşal, 24 general və 91 min əsgər, kiçik və orta rütbəli zabit əsir düşdü.
Staliqnrad univermağının zirzəmisində Fon Paulsu əsir alanlardan olan İlya İvçenko alman feldamarşalının necə sarsıldığını öz gözləri ilə görmüşdü.
Faşistlərin məğlubiyyətindən sonra onların bir sıra vəhşilikləri üzə çıxdı. Sovet ordusu şəhərin içində almanların həbs düşərgəsində 1900-dən çox meyit aşkarladılar. Əsir almanlardan biri etiraf etdi ki, cəmi 2 həftə bundan əvvəl – yanvarın ortalarında burada 2000 əsgər vardı. Lakin onların hamısı soyuqdan və aclıqdan həlak oldu. Lakin ruslar əraziyə nəzarəti ələ keçirəndə konslagerdə cəmi 20 nəfər sağ qalmışdı.
Tarixin təzadlı, ziddiyyətli, maraqlı faktları - əsas məqamlar
Stalinqrad savaşı ilə maraqlı və təzadlı bir neçə məqam var. Əvvəla, fon Pauls sovet əsgərlərinin müharibədə əsir götürdükləri ilk ali rütbəli zabit idi. Onlar indiyədək feldmarşal əsir almamışdılar. Sovet zabitləri elə təəccüblənmişdilər ki, əsir alıb danışdıqları "general"ın gerçək feldmarşal Pauls olmasına inanmırdılar. İkinci maraqlı məqam isə bundan ibarətdir ki, Stalinqradda 91 min əsgər, 24 generalla təslim olan Fridrix Pauls elə SSRİ-yə hücum planı – "Barbarossa" əməliyyatını hazırlayan zabit idi. O, bu əməliyyatı 5 aya hazırlamışdı. Paulsun heç yuxusuna da girməzdi ki, hücum hazırladığı ölkənin ilk əsir aldığı ən yüksəkçinli zabit özü olacaq.
Ümumilikdə Stalinqrad uğrunda gedən döyüşlərdə 1 milyon 200 min sovet əsgəri həlak oldu. Almanların itkiləri ilə bağlı fərqli göstəricilər deyilsə də, bu rəqəmin 800 mindən çox olmaması dəqiqdir. Sovet ordusunun rəhbərliyi 1942-ci il noyabrın 23-də mühasirəyə aldığı düşmən əsgərlərinin saylarının 100 min olduğunu düşünürdü. Halbuki, tələyə düşmüş almanların sayı 240 min nəfər idi. Lakin onlar bir neçə ay müqavimət göstərib, sonra sovet əsgərləri tərəfindən məhv edildilər. Bu səbəbdən də, Fon Pauls yanvarın 31-də təslimiyyət bayrağını qaldıranda onun tabeliyində olanların sayı cəmi 91 min nəfər idi. Onlar uzun dəstələrlə şəhərdən keçib sovet hərbi düşərgələrinə göndərildilər. Vətənə - Almaniyaya ən "tez" qayıtmaq faşist əsgərlərinə bir də 15 ildən sonra – 1958-ci ildə nəsib oldu. Üstəlik, hamıya yox. Hər 100 nəfərdən təxminən 85-90 nəfəri sovet əsir düşərgələrindəki işgəncələrdən və ağır əmək şəraitindən dünyalarını dəyişdilər. Bu səbəbdən onların cəmi bir neçə min nəfəri evlərinə qayıda bildi.
1942-ci ilin noyabrından 1943-cü il yanvarın 31-dək davam edən Stalinqrad savaşında şəhər tamamilə dağıdıldı. Britaniyanın baş naziri Uinston Çörçil, Stalinə bu şəhəri elə xarabalıq vəziyyətində saxlamağı, onu alman barbarlarının vəhşiliklərinin əbədi xatirə memorialına çevirməyi təklif etdi. Lakin SSRİ rəhbəri özünün adını daşıyan şəhərin yenidən qurulmasını tapşırdı. Stalinqrad savaşına görə Stalinə ABŞ və Britaniya dövlət rəhbərlərinin ali mükafatları təqdim olundu.
Anar Tağıyev
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO