Yoxa çıxan 277 nömrəli qatar, Hitlerin xəzinəsi – SİRLİ FAKTLAR
Bizi izləyin

Bilgi.az

Yoxa çıxan 277 nömrəli qatar, Hitlerin xəzinəsi – SİRLİ FAKTLAR

Nasist Almaniyasının tarixində açılmayan sirlər çoxdur. Bu günə qədər də bir çox tarixçini Üçüncü Reyxin qızılları maraqlandırır.

Publika.az bu barədə araşdırmanı təqdim edir.

Krım konfransının qərarına əsasən, müttəfiq ordularının bütün nümayəndələri maddi kompensasiya haqqına sahib idilər. Amma sənəddə müharibə qənimətləri ilə bağlı davranış qaydaları qanunla tənzimlənmədiyi üçün sonradan bu qənimətlərin Almaniyaya qaytarılması ilə bağlı neqativ hadisələr yaşandı. Bu problem əsasən də rəsm əsəri, heykəltəraşlıq nümunələri, qiymətli daş-qaş məsələsində özünü büruzə verdi.

İddiaya görə, müharibə başa çatdıqdan sonra Almaniyanın var-dövləti əsasən Birləşmiş Ştatlara və İngiltərəyə aparılıb. Amma unutmaq lazım deyil ki, Sovetlər İttifaqına da kifayət qədər maddi və mədəni sərvət çatıb. Çünki Hitler Almaniyası müharibə zamanı işğal etdiyi ölkələri talamışdı və xəzinəsi dolu idi. Əfsanəyə əsasən, müharibə qənimətləri bu günə qədər də Rusiya muzeylərindəki gizli fondlarda saxlanılır.

Sovet vaqonlarındakı qənimətlər

Alman qızılını yığmaq üçün SSRİ-də xüsusi qənimət briqadaları yaradılmışdı. Briqada üzvləri azad edilmiş Almaniyanı gəzib-dolanaraq, ərzaq məhsullarından tutmuş, qiymətli daş-qaşa qədər hər şeyi Sovetlər İttifaqına aparırdılar. Üçünçü Reyxin ərazisindən Qızıl Ordu tərəfindən 50 min ədəd avtomobil, 60 min musiqi aləti, 180 min xalça, 500 min radioqəbuledici, 950 min mebel dəsti, 600 vaqon çini qab, 150 vaqon xəz dəri və parça Rusiyaya aparılıb. Aparılan qızıl, platin və gümüşün dəyərinin 1.38 milyard rubl olduğu hesablanıb. 24 vaqonluq muzey sərvəti isə SSRİ-yə göndərilib.

Yuxarıda da qeyd edildiyi kimi, Hitler Almaniyasının əsas sərvəti ABŞ və İngiltərəyə daşınıb. Hələ 1943-cü ildən müttəfiq dövlətlər üçüncü reyxin xəzinələrini axtarmaq üçün xüsusi təşkilat (MFAA) qurmuşdular. Təşkilatın köməkliyi ilə bir çox gizli anbar aşkar edilib, əldə edilən qır-qızıl və digər qiymətli əşyalar əsasən ABŞ-a daşınıb. 1945-ci ilin aprelində Merkers şəhərinin Kayzerod şaxtasında 400 ədəd müxtəlif rəsm əsəri (əsərlər Berlin muzeylərinə məxsusdur), Reyxsbanka məxsus qızıl, əsir düşərgələrindən yığılmış qızıl və zinət əşyaları tapıldı.

Qızıl ev

1983-cü ilin yayında Avstriyanın Bad-Auszee şəhəri yaxınlığındakı meşədə iki turist azır. Onlar meşəlikdə kiçik bir evə rast gəlirlər. Bu evin dam örtüyü, divarı və pəncərə çərçivələri qızıldan hazırlanıbmış. Meşədə tapılan evin dəyəri 100 milyon dollardan çoxdur. Avstriya prokurorluğunun bəyanatına əsasən, 50-dən çox bu tip ev inşa edilib. 1945-ci ildə nasistlər qızılı adi tikinti materialı adı ilə ölkədən çıxarıblar!

Qızıl avtomobilin sürücüsü

Vyanalı tarix professoru Ernst Holdberqin fikrinə görə, bu, Bormanın dahi planının bir hissəsidir. Almaniyanın kapitulyasiyasına bir həftə qalmış Zalskammerqutda yerləşən zərgərlik emalatxanaları gecə-gündüz işləyirdilər. Qızıldan nəinki ev, eyni zamanda tavalar, məişət əşyaları hazırlayırdılar. SS Ştandartenfüreri Fridrix Şvend qızıldan hazırlanmış avtomobillə əvvəlcə İspaniyaya, sonra isə Peruya qaçıb. Sonralar - müharibənin sonlarına doğru Şvend Avstriyadan hər gün bir ton təmiz qızıl çıxardığını danışaraq lovğalanırdı.

Tarixçi-araşdırmaçı Herhard Zauner xəritədə Zalskammerqut ətrafında yerləşən və nasistlərə aid olan gizli anbarları göstərib. Onun köməyi ilə 20 gizli anbar aşkara çıxarılıb. Bu anbarlar əsasən dağlıq ərazilərdə inşa edilib. Bununla belə, qeyd etmək lazımdır ki, anbarların yarısı aldadıcı xarakter daşıyırdı və burada karton, torpaq və pambıqla dolu konteynerlər tapıldı.

Araşdırmacı Hayns Melevski artıq 20 ildən çoxdur ki, üçüncü Reyxin qızıllarını axtarır. Onun fikrinə görə, nasistlərin xəzinəsi ətrafında kifayət qədər müəmma var. 1945-ci ilin yazında Reyxin iqtisadiyyatı çökdü. Büdcədəki pulu son qəpiyinə qədər yeni silahlanmaya xərclədilər. Amma bu, belə deyildi. Qızıl və brilliant Borman tərəfindən toxunulmaz elan edilmişdi. Kifayət qədər vəsait vardı. Almanlar təkcə Belçika və Hollandiyada yarım milyard dollarlıq qızıl külçə ələ keçirmişdilər. Müasir qiymətlərlə bu, 30 dəfə çox pul deməkdir. Bundan başqa, Avstriya, Çexoslovakiya (104 ton), Danimarka, Fransa, Polşa dövlətlərinin də qızıl ehtiyatı nasistlərin ixtiyarına keçmişdi. Nəzərə alaq ki, işğal edilən ölkələrdə fəaliyyət göstərən yüzlərlə bank, minlərlə qızıl dükanı da bu siyahıya daxil idi. Əsir düşərgələrində əsirlərin ağzından çıxarılan qızıl dişləri də unutmaq olmaz. Təkcə Osvensim düşərgəsindən 4 il ərzində Berlinə 800 kilo qızıl göndərilib!

Gizli yer

Bormanın planına əsasən, SS xüsusi təyinatlılarının rəisi Otto Skorseni çoxsaylı saxta gizli anbar inşa etdi. O, reyxin qızıllarının bir hissəsini Zalskammerqutda gizlətdi. Sərvətin çox hissəsi isə yoxa çıxdı. Amma hara? 1945-ci il mayın 16-da Skorseni amerikalı patrullar tərəfindən Topliszee gölü ətrafında həbs edildi. Dindirilmə zamanı o, boş anbarların yerini nişan verdi. Üç il sonra isə Otto əsirlikdən qaçdı. Ölümündən bir müddət əvvəl Skorseni (1975-ci il) Madrid şəhərində sovet publisisti Yulian Semyonova müsahibə verərək, nasistlərin qızılı barədə müəyyən faktları açıqladı. Peruda üzərində svastika olan qızıl külçə görən Semyonov (bu külçələr hələ də Hondurasda bankda saxlanılır) Skorseniyə bu barədə sual verdi. Skorseni isə "1945-ci ilin aprelində Reyxin maliyyə naziri Funk mənə birlikdə qaçmaq təklif etdi. Funk artıq qızılları hara yerləşdirəcəyini bilmədiyini etiraf etdi" cavabını verdi. Onun fikrincə, nasistlər sərvəti mafiyanın köməyi ilə Almaniyadan çıxarıblar. Amma bu versiya mənasızdır.

Tarixçi Gerhard Zaunerin fikrincə, əvvəlcə qızılları Zalskammerqutdakı SS korpusuna göndərmək istəyirdilər. Amma sonradan Borman fikrini dəyişdi. Qızılla dolu onlarla vaqon Bad-Auszee şəhərindən Yuqoslaviya ilə sərhəddə yerləşən Qras şəhərinə göndərildi. Mayın 9-da Almaniya təslim olaraq, ağ bayraq qaldırdı. Qızılları yepiskop Aloiz Xudalyuya tabe olan Kama diviziyasının (SS-in diviziyası) xorvat zabitləri himayəyə aldılar. Aloiz Neapolitan mafiyası kamorro ilə münasibətləri əvvəlcədən qaydaya salmışdı. Qras sakini, Avstriya kilsəsinin Vatikandakı təmsilçisi Xudalyu eyni zamanda Hitlerin fanatı idi.

Digər bir məlumata görə, nasistlər yanvarın 31-də sərvətlərini Berlindən Münhenə, sonra Zalsburqa, oradan da Bad-Auszeeyə apardılar. Mayın 7-də qatar cənuba, Qrasa doğru istiqamət aldı.

İtmiş sərvət

* 50 ton platin. Macarıstan diktatoru Salaşinin 150 qutu qızılı itən sərvətlərdən biridir. Bu xəzinə Mattzee gölündə və dağlarda gizlədilib. 15 qutu qızıl və müqəddəs Stefanın tacı amerikalılar tərəfindən tapılıb. Tac Macarıstana qaytarılsa da, qızıl külçələr hələ də Fort-Noksda saxlanılır.

*CC-in tatar legionu "İdel-Ural"a məxsus 20 çəllək çervon. Gizlin yeri axtaran ingilislər burada yalnız pambıq tapdılar.

*Avstriyanın ali qaulyayteri Avqust Ayqruberin brilyantları. Bunlar üç dəmir konteynerdə idi. 1975-ci ildə dalğıclar Ayqruberin evinin yaxınlığında, Altaeszee gölündən cəmi bir konteyner tapdılar.

* Eston SS-çilərinin 200 kq-lıq qızıl külçələri. 1944-cü ildə Estoniya hitlerçilərinin rəhbəri Xyalmar Myae XX diviziya tərəfindən yəhudilərin əlindən alınmış qızılı Zalskammerquta apardı. Onun sözlərinə görə, qızıl külçələr Skorseniyə təhvil verilib və qızılın sonrakı taleyindən xəbərsizdir.

Yoxa çıxan 277 nömrəli qatar

Gerhard Zaunerin fikrinə görə, Reyxsbankın zirzəmisindən çıxarılan qızıldan başqa, 1945-ci ilin fevralından Zalskammerquta işğal edilmiş şəhərlərdən əldən edilmiş sərvət də daşınıb. Bu siyahıya Mussolini və xorvat rejiminin lideri Pavleviçin ehtiyat qızılı, Belçika bankına aid iki qutu brilliant da daxildir. Bundan başqa, slovakiyalı diktator Tisonun zümrüdləri də gölün sahilinə gətirilmişdi.

1944-cü il avqustun 10-da Adolf Hitlerin dəftərxana müdiri Martin Borman Strasburqda gizli iclas keçirib. İsveçrə maliyəçiləri ilə söhbətdə Reyxin pulunun sərhəddən kənara çıxarılması barədə məsələ müzakirə edilib.

Bazeldə yerləşən BİS bankına səlahiyyət verildi. Borman bu bank vasitəsilə Argentina, Çili və Perudakı hesablara 10 milyard dollar pul köçürdü. Amma bank bu qədər qızıl və platini "əritmək" iqtidarında deyildi. 1945-ci il yanvarın 31-də Almaniya maliyyə naziri Valter Funk sərvəti təhlükəsiz yerə daşımaq məsələsini təklif etdi. 24 vaqonu olan 277 nömrəli qatar Berlini tərk etdi.

Müttəfiqlərin tapdıqları sənədlərdə yoxa çıxmış qatar barədə heç bir məlumat yoxdur.

Avstriyalı tarixçi Ernst Qoldberqin fikrincə, xəzinə ilk olaraq Bavariyanın Oberzalsberq əyalətinə göndərilib.

277 nömrəli, bəzən isə Funka qatarı adlandırılan qatar əvvəlcədən təyin edilmiş məkana getməyib.

Alman orduları Ukraynadan geri çəkiləndə SS ştandartenfüreri Yozef Spasil və Zyüd-Russland polis idarəsinin rəisi tərəfindən banklardan üç vaqon qızıl çıxarılıb. Bu qızıl Altzee gölü ətrafında yoxa çıxıb.

Rumın kilsə qızılı ilə dolu bir vaqon Bad-Auszee stansiyasında qeyb olub.

SS tərəfindən İtaliyanın şimalından çıxarılmış 120 ton qızıl (Mussolininin ehtiyat qızılı) ilə dolu vaqonun izi Bad-İşl stansiyasında itib. Bu qızılın 20 tonu 1983-cü ildə tərk edilmiş su quyusunda tapılıb.

Xorvatiya diktatorunun 100 ton qızılı Qrasda (Avstriya ərazisi) yoxa çıxdı. Bu qızıldan sadəcə bir sikkə tapılıb.

Nasistlər yanvarın 31-də 277 nömrəli qatar da daxil olmaqla, bütün xəzinəni Berlindən çıxarıblar. Fevralda bu xəzinə artıq Münhendə idi. Sonra isə Zalsburq, Bad-Auszeeyə daşındı, mayın 7-8-də isə, cənuba, Qras şəhərinə aparıldı.

1950-ci illərdən Zalskammerqut göllərində üçüncü Reyxin qızılları axtarıldı. Topliszee və Qryünzee gölləri avantüristlərin daimi məkanına çevrildi. "Balıqçı koması" restoranının sahibi Albrext Syen yerli sakinlərin akvalanq kirayəsindən külli miqdarda pul qazandığını söylədi.

Qryünzee, Topliszee və Kammerzee göllərində nasistlər gizli anbarlarda qızıllarını gizlətmişdilər.

Tarixçi Gerhard Zauner 1974-cü ildə Qryünzee gölünün 70 metr dərinliyindən saf qızıldan hazırlanmış, 12,5 kq çəkisi olan və üzərində "Deutsche Reichsbank" yazısı olan külçə tapıb. 277 nömrəli qatardan aşkarlanan külçənin üzərində B425 nömrəsi olub.

1945-ci il avqustunda keçirilən Potsdam konfransında qəbul edilən qərara əsasən, Üçüncü Reyxin qızıl ehtiyatı Britaniya, ABŞ, Fransa və SSRİ arasında bölünməli idi.

İkinci cəbhə açıldıqdan sonra 1944-cü ilin iyununda müttəfiqlər bədii sərvətləri xilas etmək üçün xüsusi təşkilat qurdular. Xüsusi xidmət orqanları nasistlərin əlindən ABŞ-a qaçmış emiqrantları, incəsənət xadimlərini, muzey işçilərini bu işə cəlb etməyə başladılar.

Amma bütün müharibələrdə olduğu kimi, bu məsələdə də ixtilaflar yarandı. Məsələn, Helmştedt ətrafında yerləşən "Qrasleben" şaxtasına daxil olan ingilislər muzey eksponatları ilə dolu 6800 qutuya rast gəldilər. Amma qutuların böyük əksəriyyəti açılmışdı. Bir çox qiymətli əşya və Üçüncü Reyxin kino arxivi artıq amerikalılar tərəfindən ABŞ-a göndərilmişdi.

Amerikalılar tərəfindən Visbaden şəhərində qiymətli əşyaları toplamaq üçün xüsusi məntəqə təşkil olunmuşdu. İngilislər də eyni məqsədə xidmət edən məntəqəni Selle şəhərində yaratdılar.

Təkcə Berlin muzeylərindən 9 min qutu muzey eksponatı çıxarıldı. Bu sərvət Elba çayından qərbdə gizlədilib.

"Bernterode" şaxtasından amerikalılar 250 rəsm əsəri, 48 xalça və 3 qutu daş-qaş apardılar.

Bu yaxınlarda İngiltərə Bankı vaxtilə alman nasistlərinə Çexoslavakiyadan əldə edilmiş qızılları "əritməkdə" yardımçı olduğunu etiraf etdi. Yayılan məlumata əsasən, 1939-cu ilin may-iyun aylarında bu qızıl Reyxsbank adından satılıb və pul ABŞ-a göndərilib.

Aşağı Sileziya Hitler Almaniyasına məxsus sərvətin gizlədildiyi yerlərdən biri sayılır. Yazıçı Günter Qrundmanın fikrincə, İkinci Dünya Müharibəsi zamanı Sileziyada 80-ə yaxın gizli yer inşa edilib. SS zabitləri buraya üzərində Reyxsbankın qartalı həkk edilmiş külli miqdarda qızıl külçə daşınıb.

Qısacası, Üçüncü Reyxin xəzinəsi bu günə qədər də tapılmayıb. Bu barədə müxtəlif əfsanələr və şayiələr dolaşır. Yəqin ki, nə vaxtsa tədqiqatçılar tərəfindən Hitlerin xəzinəsi də tapılacaq.

Hikmət Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm