Kriminal
“Gördüm, hərbi hissədə 280 min pul qalıb, özümə götürdüm...” - MN-də şok yeyinti işi
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində hərbi hissələrin maliyyə xidmətlərinin rəisləri ifadə veriblər.
Prosesdə ilk olaraq şahid qismində Musa Məmmədov dindirilib. O bildirib ki, apardığı maliyyə yoxlamaları zamanı 455 min manat ziyan müəyyən edilib.
Şahid qeyd edib ki, hərbi hissəyə ayrılan pullar nağdlaşdırılıb və korpusun maliyyə xidmətinin rəisi olmuş Rasim İbrahimova məruzə edilib. Rasim İbrahimov və Emin Poladov onun xidmət etdiyi hərbi hissədə təftiş aparıblar. Hərbi hissəyə ayrılan vəsaitdən mənimsənilən pulun 60 faizini onlara verib, qalan 40 faizini isə özünə götürüb.
Musa Məmmədov bildirib ki, onun tərəfindən mənimsənilən ziyanın 265 min manatını ödəyib. Qalan vəsaiti də hissə-hissəyə ödəyəcək.
Təqsirləndirilən Cəlal Kazımov deyib ki, şahid Musa Məmmədov tərəfindən xidmət etdiyi hərbi hissədə adı mövcud olmayan, lakin başqa bir hərbi hissədə xidmət edən Füzuli Ələkbərovun adına 17500 manat köçürüb. Bu hal da istintaq sənədlərində əksini tapıb.
Şahid isə bunun düzgün olmadığını, Füzuli Ələkbərovun kartına vəsait köçürmədiyini deyib. Suallara cavab verən şahid bildirib ki, mövcud olmayan şəxslərin adına kartlar açıblar və pulları həmin formada mənimsəyiblər.
Mövcud olmayan şəxslərin adına kartlar açılması və dövlət büdcəsindən pulların həmin formada nağdlaşdırılaraq mənimsənilməsinə təqsirləndirilən Cəlal Kazımov belə münasibət bildirib: “Bundan əvvəlki iclaslarda da mövcud olmayan şəxslərin adına kartlar açılması, pulların həmin kartlara əməkhaqqı adı altında köçürülməsi səsləndirilib. Burada hamı nağıl danışır. Belə kart açdıq, pulları belə köçürdük... Bunun mümkün olmadığı məlumdur. Bir neçə maliyyə xidmətlərinin rəisləri var ki, onlar şəxsi adlara pul köçürüblər. Amma həmin pulları niyə köçürüblər? Bu, bəlli deyil. Bunu istintaqda da demişəm”.
Digər şahid Yaşar Rzayev deyib ki, hərbi hissədə maliyyə xidmətinin rəisi olub. Xidməti dövründə maliyyə pozuntusuna yol verib. Qeyd edib ki, hərbi hissələrdən birində 280 min 685 manat əlavə pul qalmışdı: “Həmin pulu özümə götürmüşəm. Bir səhvdi, etmişəm. Bununla bağlı təftişə gələnlər olub. Onlara da həmin puldan vermişəm. Ümumilikdə hərbi hissədə 4 dəfə yoxlama aparılıb”.
Yaşar Rzayev deyib ki, təftişə gələnlərdən birinə rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi olmuş Rəfael Xələfov rəhbərlik edib: “Həmin vaxt Rafael Xələfova 164 min manat verdim. Dörd il ərzində ümumilikdə təftişçilərə 963 min manat vermişəm”.
Yaşar Rzayev bildirib ki, 2019-cui ildə Büdcə və Maliyyə İdarəsində planlaşdırma şöbəsinin rəis təyin olunub. Vəzifəsi şəxsi heyətin iş planını müəyyən etməkdən ibarət olub.
Təqsirləndirilən Nizami Məmmədov deyib ki, şahid Yaşar Rzayev onun kadrı olub: “Yaşar Rzayevi hərbi hissəyə maliyyə xidmətinə mən rəis göndərmişəm. Bir neçə ildən sonra dedi ki, rəis, təqaüdə çıxacam, məni yüksək vəzifəyə gətir, təqaüdə çıxanda pensiyam yüksək olsun. Onu idarədə planlaşdırma şöbəsinə gətirdim.
Rafael Xələfov 2017-ci ildə yoxlama aparıb. Bu da mənə bir söz deməyib. Belə çıxır ki, Rafael Xələfovla birləşib iş görüblər. Rafael Xələfov bu işçini çox tərifləyirdi, deyirdi, yaxşı işçidir, qabağa çəkmək lazımdır. Bildirdi ki, belə işçiləri qabağa çəkmək lazımdır, qoy yaxşı işçilərlə bağlı and içməyə yerimiz olsun. Amma indi məlum olur ki, əlbir olub, iş görüblər. Dəfələrlə qəbulumda olub. Amma mənə bir dəfə də Rafaelin qanunsuz iş görməsini deməyib. Desəydi, tədbir görərdim”.
Şahid Yaşar Rzayev deyib ki, Rafael Xələfovla heç vaxt birləşib iş görməsi halı olmayıb.
Digər şahid Əli Qədirlinin sözlərinə görə, dövlətə vurduğu ziyan maliyyə yoxlaması zamanı 400 min manat müəyyən edilib.
Onun sözlərinə görə, 2019-cu ildə maliyyə xidmətinə rəis təyin olunub. Vəsaitlərin mənimsənilməsinin qaydasını belə izah edib: “Pullar hesaba köçürüləndən sonra məbləğlərin şişirdilməsi nəticəsində bir qismi mənimsənilirdi. 2019-cu ildə həmin vəzifəyə gələndə vəziyyəti belə görmüşəm”.
Şahid qeyd edib ki, iki dəfə yoxlamanı Bayram Bayramov aparıb: “Üçüncü dəfə isə yoxlamaya Rafael Xələfov 4 nəfərlə gəlmişdi. Yoxlamalar zamanı bilinməyən məbləğlər müəyyən edildi. Həmin vəsaitin 50 fazini Rafael Xələfov götürdü”.
Əli Qədirli ifadəsində dövlətə onun tərəfindən dəymiş ziyanın 50 min manatını ödədiyini deyib. Bildirib ki, qalan məbləği də yaxın zamanlarda ödəyəcək.
Bundan sonra ifadə verən şahid Samir Həmidov deyib ki, mövcud olmayan 26 nəfərin adına əməkhaqqı kartı açıblar: “Ad-soyadları mən şərti adlar altında yazırdım. Adları banka təqdim etməklə əməkhaqqı kartı açılırdı. Pullar həmin kartlara köçürülürdü. Bundan sonra pullar nağdlaşdırılaraq götürülürdü”.
Şahidin ifadəsi ilə bağlı arayış verən Nizami Məmmədov deyib ki, mövcud olmayan şəxslərin adına bankda əməkhaqqı kartı açmaq mümkün deyil: “Bu, uydurmadır. Şəxsi heyətlə bağlı hərbi hissə komandiri tərəfindən banka siyahı təqdim olunub. Şəxsiyyət vəsiqəsini təqdim etməklə şəxsi heyət üzvlərinə əməkhaqqı kartı açılıb”.
Bu məsələ ilə bağlı arayış verən digər təqsirləndirilən Cəlal Kazımov deyib ki, 2013-cü ilə kimi əməkhaqqı kartları hərbi vəzifə kartını banka təqdim etməklə açılıb: “2013-cü ildə Zakir Həsənov nazir vəzifəsinə gələndən sonra hərbçilərə şəxsiyyət vəsiqəsinin verilməsinə başlanıldı. Həmin vaxtdan əməkhaqları kartlarının alınması üçün banklara şəxsiyyət vəsiqələri təqdim olunurdu. Şəxsiyyət vəsiqəsi təqdim etmədən əməkhaqqı kartı açdırmaq o vaxtdan qeyri-mümkünə çevrildi”.
Digər şahid Sahil Mehdizadənin ifadəsində ziddiyyətli məqam aşkarlanıb. O, ifadəsində mənimsəmə kimi qeyd edilən müəyyən vəsaitin çağırışçılara ödənildiyini deyib. Amma istintaqda həmin vəsaitin mənimsənildiyi qeyd edilən akta qol çəkib, təsdiq edib.
Vəkil Mirmehdizadədən bunun səbəbini öyrənmək məqsədilə bir neçə cəhd etsə də, cavab ala bilməyib.
Daha sonra şahidlər – Fərrux Xəlilov, Yasin Şahverdiyev, Təyyar Fərəcov, Yasin Davudzadə, Nicat Qurbanov, Nicat Yusifov, Taleh Hüseynov və İbadulla Əliyev də ifadə veriblər. Onlar işlədikləri hərbi hissələrdə qanunsuzluqlara, o cümlədən dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsinə yol verdiklərini deyiblər. Şahidlərin mənimsədikləri vəsaitlərin bir qismini ödədikləri məlum olub.
Şahidlərin dindirilməsi başa çatdıqdan sonra növbəti proses yanvarın 26-na təyin edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...
-
Sosial00:50
Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq
-
Hadisə8 Noyabr 23:55
Hərbi hissə yaxınlığında YANĞIN baş verdi
-
Magazin28 Noyabr 21:12
Cennifer Lopez Şahzadə Diana kimi geyindi - FOTOLAR
-
Sosial8 Noyabr 21:00
Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı - VİDEO
-
Sosial8 Noyabr 20:40
20 əsgəri ölümdən qurtaran SADİQ
-
Nəqliyyat8 Noyabr 19:10
Noyabrın 10-dan bu marşrutlar pulsuz olacaq