Azərbaycanlı kişi rus sevgilisini başqası ilə yataqda tutdu: “Ayaq izləri ilə...” - Şok
Bizi izləyin

Kriminal

Azərbaycanlı kişi rus sevgilisini başqası ilə yataqda tutdu: “Ayaq izləri ilə...” - Şok

Goranboy rayon sakini, 1960-cı il təvəllüdlü Nazim Kazımov 2013-cü il aprelin 1-də Volqoqrad şəhərinin Krasnoarmeyski rayonunda Rusiya vətəndaşı Ravil Abdulovu qətlə yetirib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Nazim Volqoqrad şəhərində yaşadığı müddətdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Rusiya vətəndaşı Yananın spirtli içki qəbul etmək üçün rəfiqəsinin evinə getdiyini öyrənib.

Nazim gecə saat 2 radələrində həmin ünvana gedərək qapını döyüb. Heç kimin qapını açmadığını görəndə evin həyətinə keçib, pəncərələrdən birinə yaxınlaşıb. Bu zaman Yananın Ravil Abdulovla yataqda olduğunu görüb. O, pəncərəni açaraq otağa daxil olub. Yana Polyakova və Ravil Abdulovun sərxoş olduqlarını görüb və onları oyadıb.

Ravillə mübahisə zamanı üzərində olan bıçaqla ona ardıcıl bir neçə zərbə endirib. Ravil aldığı xəsarətlərdən ölüb.

İstintaq zamanı məlum olub ki, Nazim Kazımov sevgilisi ilə yataqda tutduğu Ravil Abdulov axtarışa verilib. O, 2023-cü ildə məsuliyyətə cəlb olunub.

İstintaq orqanı tərəfindən Nazimin barəsində Cinayət Məcəlləsinin 12.1, 120.1-ci (Azərbaycan hüdudlarından kənarda qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Qız qaçırmada iştirakçı kimi məhkum olundum”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nazim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində göstərib ki, 1981-ci ilədək Goranboy rayonunun kəndində yaşayıb, həmin ilin sonlarında işləmək üçün Rusiyanın Həştərxan şəhərinə gedib, 1986-cı ilə qədər orada yaşayıb:

“1986-cı ildə Goranboy rayonunun kəndinə qayıtdım. Elə həmin il qız qaçırmada iştirakçı kimi cinayət məsuliyyətinə cəlb olundum, 3 il müddətə azadlıqdan məhrum edildim. Cəzamı çəkmək üçün Rusiya Federasiyasının Volqoqrad şəhərində cəzaçəkmə müəssisəsinə göndərildim.

Ümumi olaraq təxminən 1 il cəza çəkdikdən sonra şərti olaraq vaxtından əvvəl azad edildim. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra daha Goranboy rayonuna qayıtmadım. Volqoqrad şəhərində qalaraq işlədim, inşaat və tikinti materiallarının satışı ilə məşğul oldum.

1989-cu ildə Olqa ilə qeyri-rəsmi ailə həyatı qurdum, birgə nikahdan 1989-cu təvəllüdlü oğlum Roman dünyaya gəldi. 1995-ci ildə Olqa ilə rəsmi nikaha daxil oldum. 2005-ci ildə daha bir oğlum Artem doğuldu”.

“Sevgi münasibətlərimiz yarandı”

Nazim qeyd edib ki, 2002-ci ildə tanımadığı bir qrup şəxs onu küçədə döydüyü üçün sol gözü görmə qabiliyyətini itirib: “Təxminən 2005-2006-cı illərdə Yana ilə tanış oldum. Yana bazarda satıcı işləyirdi. Həmin bazarda meyvə-tərəvəz yeri götürərək onu satıcı qoydum. Bizim qeyri-rəsmi sevgi münasibətlərimiz bu zamandan yarandı.

Bir müddət sonra meyvə satışını dayandırdım. Lakin Yana ilə münasibətlərimiz davam etdi. Olqa bu münasibətdən xəbər tutduqdan sonra, səhv etmirəmsə, 2008-ci ildə məndən boşandı. Lakin onunla yaşamağa davam etdim. Yəni biz sadəcə sənəd üzərində boşandıq. Həmin vaxt mən müflis oldum, bütün işlərim bağlandı. Bir müddət metal alqı-satqısı ilə məşğul oldum.

Daha sonra mərhum bacım oğlundan mənə qalan “Qazel” markalı mikroavtobusla sərnişin daşımaqla məşğul oldum. Mən Yana Polyakova, onun anası Nadya və əlil qardaşı Aleksey ilə birlikdə yaşayırdım”.

Nazimin sözlərinə görə, 2009, yaxud 2010-cu ildə oğlu Danil dünyaya gəlib, Yananın deməsinə görə, həmin uşaq ondan doğulub: “Lakin sonra eşitdim ki, uşaq doğulmamışdan qabaq Yananın başqa kişi ilə münasibəti olub. Bu səbəbdən Danilin mənim oğlum olmasına şübhə etməyə başladı. Bundan sonra Yana ilə münasibətlərim soyudu. Lakin tam ayrılmadıq”.

“Yana və tanımadığım kişi lüt vəziyyətdə yatmışdılar”

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, yəni 31 mart 2013-cü ildə Nadya ona zəng edərək qızı Yananın 2 nəfər qadınla birlikdə sərxoş halda gələrək Danili götürüb getdiklərini bildirib: “Nadya mənə Yananın tanışının evində qaldığını söylədi.

Əsəbiləşərək həmin ünvana getdim. Qar təzə yağmışdı, yerdə yalnız 1 evə gedən ayaq izləri görünürdü. İzi tutub tanımadığım bir evə yollandım. Qapını döydüm, açan olmadı. Pəncərəyə yaxınlaşıb alışqanı yandırdım, pəncərəyə tutanda Yananın yad kişi ilə yatdığını gördüm. Yumruqla plastik pəncərəyə vurdum, pəncərə açıldı, otağa daxil oldum. Yana və tanımadığım kişi lüt vəziyyətdə idilər. Sonradan həmin kişinin Ravil olduğunu öyrəndim.

Oyatmaq üçün Yananın sifətinə şillə vurdum. Yana oyanıb məni gördükdə qorxdu və çarpayıdan qalxaraq evin başqa otağına keçdi. Onun ardınca həmin otağa keçdim, orada daha 3 qadının, 1 qız uşağının və Danilin yatdığını gördüm. Qadınların adlarını xatırlamıram.

Ev yiyəsi olan qadını hadisədən əvvəl 2-3 dəfə Yananın yanında görmüşdüm, digərlərini tanımırdım. Mən Yananın üstünə qışqıranda yatan qadınlar və uşaqlar səs-küyə oyandılar”.

“Axı sənə demişdim mənim kişim var”

Nazimin sözlərinə görə, daha sonra Ravil Abdulovun yatdığı otağa keçib: “Ravil oyanıb çarpayıdan durdu. Məni vuracağından qorxub onu yerə yıxdım və dirsəyimlə boğazından sıxdım. Yana əynində xələt, əlində alma və bıçaq həmin otağa gəldi. Rus dilində Ravilə “axı sənə demişdim mənim kişim var” söylədi.

Ravili qorxutmaq və zərərsizləşdirmək məqsədi ilə Yananın əlində olan bıçağı aldım, sağ tərəfindən qabırğa nahiyəsinə bir dəfə vurdum və bıçağı yerə ataraq Yanaya yaxınlaşdım. Yana üstünə gəldiyimi gördükdə qaçdı. Dalınca düşdüm, onu tutaraq sifətindən bir şillə vurdum. Bundan sonra evdən çıxaraq getdim.

İdarə etdiyim “Qazel” markalı mikroavtobusu bibim oğlu Abuzərin yaşadığı evin qarşısında qoydum. Lakin ona hadisə barədə heç nə demədim. Öz evimə getdim, sənədlərimi götürərək avtobusla Azərbaycana gəldim. Həmin vaxtdan Goranboy rayonunun kəndində tək yaşamağa başaldım”.

“Şər və böhtandır”

Təqsirləndirilən şəxs bildirib ki, hadisə baş verən evin sahibi İrina ilə heç bir münasibəti olmayıb: “Hadisə gününə qədər onu Yananın yanında 2-3 dəfə görmüşəm. Rima isə hadisə günü həmin evdə olan qadınlardan biridi. Onu əvvəllər görməmişəm və heç bir münasibətlərimiz olmayıb.

Qadınların ifadələrində göstərdikləri tamamilə yalan, şər və böhtandır. Mən həmin evə öz bıçağımla getməmişəm, üzərimdə bıçaq olmayıb. Bıçağı Yananın əlindən almışam.

Ravil Abdulovu bir dəfə bıçaqla vurduqdan sonra oradan getmişəm. Onun yaralarını təmizləməmişəm, paltarlarını geyindirməmişəm, meyiti apararaq harasa atmamışam. Bunların heç birindən xəbərim olmayıb.

Hətta Ravil Abdulovun ölüb-ölməməsindən də xəbərsiz olmuşam. Onu cəmi bir dəfə zərərsizləşdirmək məqsədi ilə vurmuşam”.

“Lüt və silahsız olan qardaşıma hücum edib”

Cinayət işi üzrə zərərçəkmiş Ravil Abdulovun hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, onlar milliyyətcə tatardır:

“Ravil 1973-cü ildə Rusiya Federasiyasının Həştərxan vilayətinin kəndində anadan olub. Tikintidə dizayner işləyib, çoxlu sifarişləri olub. Həm dövlət, həm də fərdi sifarişləri yerinə yetirib. Rita adlı qadınla evlənib, iki övladı dünyaya gəlib. Oğlunun 25, qızının 14 yaşı var.

Ravilin uşaqlığı həm doğma kəndimizdə, həm də Volqoqrad şəhərində keçib. Evləndikdən sonra daimi olaraq Volqoqrad şəhərində yaşayıb.

2013-cü il martın 31-dən aprelin 1-nə keçən gecə mərhum qardaşım Yana ilə birlikdəymiş. Təqsirləndirilən Nazim isə Yananın birgə yaşadığı şəxs olub.

Nazim Yananın ona xəyanət etdiyini bilib, həmin evə gəlib. Bıçaqla pəncərəni açaraq evə daxil olub. Bundan sonra lüt və silahsız vəziyyətdə olan qardaşım Ravilə hücum edib.

Hadisə barədə ilk arvadı mənə zəng edərək məlumat verdi”.

“Davaya meyilli insandır”

İbtidai istintaq zamanı ifadəsi alınan Yananın sözlərinə görə, Nazim mənfi tərəfdən xəsis, əsəbi, aqressiv, səbəbsiz münaqişə, savaş və dava törətməyə meyilli insandır: “Alkoqol sərxoşluğu vəziyyətində davranışı tamamilə dəyişir, son dərəcədə aqressiv və qeyri-adekvat olurdu. Əvvəllər sərxoş olanda məni bir neçə dəfə döyüb.

Hadisə günü mən və oğlum barələrində az məlumatım olan Konstantin və Viktorun yaşadıqları ünvana getdik. Viktorun həyat yoldaşı İrina və Rimma da oradaydı. Rimma orada müvəqqəti yaşayır, təsərrüfatda onlara kömək edirdi. Biz Rimmanın yanına getmişdik. Onunla spirtli içki içmək istəyirdik.

Əvvəllər tanımadığım Sergey və Ravil də orada idi.Yalnız mən, Rimma, Ravil və Sergey içki içdik. Qalanlar spirtli içkilərdən ümumiyyətlə istifadə etmədilər. Hamımız bir yerdə mətbəx otağında masanın arxasında oturmuşduq.

Spirtli içkiləri, yəni 2,5 litr həcmində bir plastik butulka “Jiqulyovskoye” markalı pivəni, markasını xatırlamadığım iki butulka yarımlitrlik arağı Ravil almışdı. İçkilər qurtarnda kimsə yarım litr həcmində bir butulka da araq aldı. Ravili əvvəllər tanımırdım, birinci dəfə idi görürdüm”.

“Aramızda simpatiya yarandı”

Yanna qeyd edib ki, Ravil əvvəl pivə, sonra araq içib, sərxoş olub: “Bu, mənə Ravilin pozulmuş nitqindən aydın oldu. Lakin hərəkət koordinasiyası pozulmadı.

Bir müddət oturduqdan sonra ona İrinanın evinə getməyi mən təklif etdim. Çünki Ravil xoşuma gəlirdi. İrinanın evinə gəldikdə artıq hava qaralmışdı. Onun 8 yaşlı qızı Tatyana da evdə idi. İrinanın evinin mətbəxində mən, Ravil, İrina və Rimma spirtli içkilər içməyə davam etdik. Bir az sonra Rimma yatmağa getdi.

Ravillə mən mətbəx otağında içməyə davam etdik. Ravillə aramzıda simpatiya yarandı və biz öpüşməyə başladıq”.

“Nə baş verdiyini görməmişəm”

Yananın ifadəsinə görə, təxminən saat 02:00-da Ravillə yataq otağına gedib cinsi əlaqədə olublar:

“Cinsi akt bitəndən sonra mən çarpayıda kürəyi üstə uzanıqlı vəziyyətdə Ravillə söhbət edirdim. Bir anda pəncərənin açıldığını və Nazimin içəri sıçradığını gördüm. Bu anda çökək nahiyəmdə kəskin ağrı hiss etdim. Ravil yataqdan qalxdı və qapı tərəfə qaçdı. Qapı bağlı idi.

Nazim döşəmədən durdu və mənə xəsarət yetirdiyi bıçaqla Ravilin arxasınca qaçdı. Mənə xəsarəti təsadüfən yetirdi. Ona görə ki, Ravili nişan almışdı. Bu səbəbdən onun arxasınca qaçdı. Mən də dəhlizə çıxdım. Dəhlizdə döşəmədə kürəyi üstə hərəkətsiz uzanan və xırıldayan Ravili gördüm.

Ravilin sinəsinin sağ tərəfində xətt şəkilli iki deşici-kəsici yara vardı. Nazim Ravilin başının üstündə sağ əlində qanlı bıçaqla durmuşdu.

Nazim məni döşəməyə yıxdı, təpiklə və yumruqla baş, bədən nahiyəmə zərbələr endirməyə başladı. Bu zərbələrdən mən güclü ağrı hiss etdim və qışqırmağa başladım. Qışqırıqlarıma dəhlizə İrina çıxdı və Nazimdən məni döyməməsini xahiş etdi. Yatdığı otaqdan oğlum gəldi və ağlamağa başladı.

Nazim məni döyməyi dayandırdıqdan sonra döşəmədən qalxdım. Arxada nə baş verdiyini daha görmədim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nazim Kazımov Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən öldüyünə görə ona cəza təyin edilməyib. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib.

İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Nazim Kazımov “dəqiqləşdirilmiş lokalizasiyaların ikincili bədxassəli yenitörəməsi” xəstəliyi səbəbindən 2024-cü ildə vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm