Kriminal
6 milyon manatdan çox mülki iddia... - "Oleq Bakinski"nin məhkəməsində YENİ FAKTLAR
Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleq Andreyevic və Ukrayna müdafiə sənayesi nazirinin avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə keçirilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkmişlər tərəfindən mülki iddia qaldırıldığı məlum olub.
Onların nümayəndəsi Samir İsayev mülki iddianın nəticəsini açıqlayıb.
Məlum olub ki, təqsirləndirilən K.Kuçerə qarşı “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti 1 milyon manat, "Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manatlıq iddia qaldırıb.
Digər iddiaçı isə Valeriy Zaxarenkodur. O, təqsirləndirilən şəxslərin hər birindən 50 min manat tələb edir.
Məhkəmə tərəfindən mülki iddia icraata qəbul olunub. Hakim bildirib ki, bu, araşdırma aparılması üçündür və sonda qərar veriləcək.
Daha sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.
İttihama görə, zərərçəkən kimi tanınan V.Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.
Oleq Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüb. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulkası ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.
Qeyd edək ki, cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.
Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhimdar Cəmiyyəti və “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
O.Bakinski 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.
O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O, Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar. Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.
Hakim K.Kuçerdən ittihamın ona aydın olub-olmadığını soruşub.
Müttəhim bildirib ki, şikayət ərizəsi yalnız müəssisədə baş verən xuliqanlıqla bağlıdır. O, ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyi söyləyib.
O.Bakinski də ittiham üzrə özünü günahkar bilməyib.
Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxslərin, sonra isə zərərçəkmiş və şahidlərin dindirilməsini təklif edib.
Müttəhimlərin vəkilləri, həmçinin zərərçəkmiş şəxslərin nümayəndəsi prosesin belə davam etdirilməsinə etiraz bildirməyib.
Hakimlər əvvəlcə günahlandırılanların, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi ilə prosesin davam etdirilməsi barədə qərar çıxarıb.
Prosesdə K.Kuçer sərbəst ifadə verib. O deyib: "İyulun 24-də dostum zəng edərək bildirib ki, onun iş gördüyü biznesmenlər onunla görüşmək istəyir. Razılaşdım. Oleq zəng edib dedi ki, qonaqlar gəlib. Aşağı düşəndə çox təəccübləndim ki, bu şəxslərlə daim görüşürəm. Yəni kiminsə vasitəsilə görüşmək mənə qəribə gəlib. Sonra qonaqlarla birgə ofisə qalxdıq və onlara yüksək səviyyədə qulluq göstərildi və söhbətə başladıq. Bu zaman Zaxarenko vəsaitlərlə bağlı tələblər irəli sürdü. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan "Günay Bank"dadır. 5-6 dəqiqədən sonra Oleq gəldi. Mən soruşdum digər qonaqlar hardadır? Valeriy Zaxarenko gəldi və onlar dedilər ki, axşam Bakıdan uçurlar. Biz çay içdik, normal söhbət etdik. Mənə çox qəribə gəldi ki, bu görüşü vasitəçi ilə niyə təşkil ediblər? İyulun 31-də polis əməkdaşları gəldi ki, onları general göndərib, getməliyik. Mən də vəkilimə zəng edərək heç bir problem yaratmadan Bakı Şəhər Baş Polisi İdarəsinə getdim. Orada müstəntiq Mahmud Quliyev bildirdi ki, Valeriy Zaxarenkonun şikayət ərizəsi var və mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb".
Təqsirləndirilən şəxs qeyd edib ki, onların şirkətlərə müqaviləsi olub. O bildirib ki, heç kimə qarşı dələduzluq etmək niyyəti olmayıb. Onun sözlərinə görə, müharibə başlamamışdan əvvəl Rusiyaya, Qazaxıstana və Hindistana mal göndərmək barədə razılıq olub: "Müharibə başlayana qədər tədarüklər yerinə yetirilib. Amma sonra problemlər yaranmağa başladı".
Daha sonra Oleq Bakinski ifadə verib: "Mən burada deyilənlərə qulaq asıram. Deyirlər ki, bir milyon bura getdi, bu qədər ora getdi. Öz-özümə fikirləşirəm ki, Məşədi İbad demişkən, bəs mənim bir abbasım hara getdi? Əgər mən butulka ilə zərərçəkmişi vurmuşamsa, həmin butulka hanı? Mən heç kimə əl qaldırmamışam. Günahım yoxdur. Mən onların nə fikirlə ora gəlməsini bilməmişəm. Deyirlər ki, köynəyində qan izi olub. Amma mənim paltarımda qan izim olmayıb. Kamera görüntülərinə baxmaq olar. Hədə-qorxu gəlməmişəm, şəxsi qərəzliliyim yoxdur. 6 aydır ki, həbsdə olmağımın səbəbini bilmirəm. Mənim bu insanlara köməkliyim dəyib. Mən kişi adamam. Etmişəmsə, cəzamı çəkərəm. 65 yaşım var, idmançı tələbələrim var. Mən qaçan oğlan deyiləm, namusum da var, vicdanım da. Mən 5 il diasporanın rəhbəri olmuşam. Belə bir hadisə olmayıb".
Məhkəmə prosesi fevralın 7-də davam edəcək.
-
Qoroskop00:30
Günün qoroskopu: Gələcək planlarınıza uyğun hərəkət edin!
-
Magazin124 Yanvar 22:50
Rəşad Dağlının ailəsinə AĞIR İTKİ
-
Dünya24 Yanvar 22:38
Faciənin yaşandığı hotelin sahibi həbs edildi
-
Hadisə24 Yanvar 22:26
Türkiyədə bina çökdü - FOTO/VİDEO
-
Magazin124 Yanvar 22:02
Elnarə oğluna 7 gün 7 gecə toy edəcək
-
İKT24 Yanvar 21:37
Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...
-
Sağlamlıq24 Yanvar 21:12
Meymunçiçəyi cinsi yolla keçir: Ölkəyə gəlib-gedənlərdən məcburi test götürülə bilər
-
Sağlamlıq24 Yanvar 20:40
Təhlükə saçdığı deyilən portağallarla bağlı RƏSMİ AÇIQLAMA