Klinika Nəzrin Mansurlunun görüntülərini gizlədir? - Açıqlama
Bizi izləyin

Kriminal

Klinika Nəzrin Mansurlunun görüntülərini gizlədir? - Açıqlama

Jurnalist Qənirə Ataşova burun əməliyyatından sonra komaya düşüb vəfat edən Nəzrin Həsənovayla (Mansurlu) bağlı bir çox məqamlara toxunub. O qeyd edib ki, “Liv Bona-Dea Hospital” kimi nüfuzlu və müasir avadanlığa malik klinikanın verdiyi rəylə ekspertizanın ilkin rəyinin ziddiyyət təşkil edir.

“Liv Bona Dea” klinikasının verdiyi rəydə “xəstənin kəllə sümüklərində sınıq və ya destruksiya izlənilmir” qeydi yazılıb. Amma ekspertiza xəstədə əməliyyat zamanı burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınması barədə ilkin rəy verib. Digər bir məqam “Liv Bona Dea” xəstəxanasının Nəzrin Mansurlunun maşından klinikayadək gəlişinin kadrlarını ictimaiyyətə açıqlamaması ilə bağlıdır.

Jurnalistin səsləndirdiyi iddialara münasibət öyrənmək üçün Teleqraf.com “Liv Bona Dea” klinikasıyla əlaqə saxlayıb.

Publika.az xəbər verir ki, klinikanın mətbuat katibi Samir Oruc Qənirə Ataşovanın da qeyd olunan fikirlərlə bağlı klinika ilə əlaqə saxladığını bildirib:

“Araşdırma məqsədiylə Baş Prokurorluqdan gələn bütün tələblər əsasında görüntüləri, sənədləri təqdim etmişik. Bizim xəstə yaxınlarının məlumatı olmadan, dövlət qurumları tərəfindən tələb olmadığı halda hansısa görüntünü kimləsə paylaşmaq icazəmiz yoxdur. Çünki bu, artıq hüquqi məsələdir. Qənirə xanımla danışığımız zamanı bunlar ona da bildirildi. Bu görüntülər ailənin hüquqi təmsilçisi olan vəkilə ailənin razılığı olduğu halda təqdim edilə bilər. Bu, video da, mətn də ola bilər”.

Samir Oruc qeyd edib ki, bu, ictimai məsələ olmaqla yanaşı araşdırma tələb olunan məsələdir: “Bu barədə hər kəs fikrini yaza bilər. Əlaqədar qurumların ekspert komissiyaları var. Biz sənədi təqdim etmişik. Əlaqədər qurumlarla nəticələrin üst-üstə düşməməsi üçün onların müqayisə olunması lazımdır. Belə bir sənəd varmı mətbuatda? Qənirə xanımla dialoqumuz zamanı bildirdi ki, görüntülərin təqdim edilməsini istəyir. Bir daha vurğulayırıq ki, həmin görüntülər araşırma məqsədiylə Baş Prokurorluğa, Səhiyyə Nazirliyinə təqdim oluna bilər.

Qənirə xanımın əlavə sualları isə dərmanlarla bağlı oldu. Hansı dərman müdaxilələri olduğunu, Nəzrin Mansurlunun hansı vəziyyətdə klinikaya gəldiyini soruşdu. Hər bir xəstə klinikaya daxil olan zaman onun dosyası yaradılır. Ən kiçik dərmandan tutmuş ən ağır cərrahi müdaxiləyə qədər hər biri dosyada əks olunur. Əlaqədar qurumlarda da var. Bu məlumatları biz ailə üzvləri, onların hüquqi təmsilçiləri olan vəkillərinə təqdim edə bilərik. Bu vaxta qədər ailədən belə bir müraciət almamışıq. Bu barədə Qənirə xanım bizimlə əlaqə saxlayıb, jurnalist olaraq ona açıqlamamızı vermişik”.

Qeyd edək ki, Nəzrin Mansurlunun yanvarın 5-də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib. Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm