Bakıda gecəyarısı rəfiqəsinin evində qadına təcavüz olayı: “Səsini çıxarsan, öldürərəm” - TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Bakıda gecəyarısı rəfiqəsinin evində qadına təcavüz olayı: “Səsini çıxarsan, öldürərəm” - TƏFƏRRÜAT

Bakının Nəsimi rayonunda 1992-ci il təvəllüdlü Telman əvvəllər tanımadığı Ləmana (adlar şərti verilib – red.) təcavüz edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il mayın 18-də rayonun Asif Məhərrəmov küçəsində baş verib.

Telman gecə saat 4 radələrində qəbul etdiyi spirtli içkinin təsiri altında “Memar Əcəmi” metrostansiyasının yaxınlığında gəzərkən yaşayış binasını əvvəllər yaşadığı ev olduğunu zənn edib. Binanın blokundakı mənzillərin qapısının açıq olub-olmamasını yoxlayıb, qapılardan birinin açıq qalmasından istifadə edərək içəri keçib. Cinsi ehtirasını təmin etməyə yönələn çirkin niyyətini həyata keçirmək məqsədilə qonaq otağında masanın üzərinə qoyulmuş mətbəx bıçağını götürüb.

Daha sonra otaqda yatmış Ləmanı oyadıb, bıçağı nümayiş etdirib, müqavimət göstərəcəyi təqdirdə onu vuracağını bildirib. Zor tətbiqi hədəsi ilə qadına iyrənc formada seksual hərəkətlər etdirib.

Ləman 33 yaşlı kişinin iyrənc hərəkətlərindən təngə gəlib, onun getməsinə çalışıb. Amma Telman qadının müqavimətini qırmaq məqsədilə baş nahiyəsinə bir neçə yumruq vurub, cinsi tələbatını pozğun formada tam təmin edib.

İstintaq orqanı tərəfindən Telmanın barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

“Əsəblərim sakitləşmədi”

Cinayət işi üzrə ifadə verən Telman özünü Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilməyib. O, məcəllənin 157.1-ci maddəsi ilə olan ittihamı qəbul edib. Deyib ki, əvvəllər 1 saylı Psixiatriya Xəstəxanasında müalicə olunub, dərmanlar qəbul edib: “Xəstəxanadan çıxdıqdan sonra da dərman qəbuluna davam etmişəm.

Hadisənin baş verdiyi gün, mayın 18-də işdə əsəbləşdiyim üçün evə qayıdanda yolda mağazaya girdim və "Go" adlı spirtli içki alıb içdim. “Böyükşor” ərazisində kirayə qaldığım evə getdim, 1 saat uzandım. Amma əsəblərim sakitləşmədi.

Təzədən geyinib çölə çıxdım və “Tarqovıy” adlanan əraziyə getdim. Restoranlardan birində olaraq viski və şampan içdim”.

“Qız məni görəndə təəccübləndi”

Telman qeyd edib ki, evə qayıtmaq qərarına gələndə bir manatlıq taksiyə minərək “Şamaxinka” adlanan əraziyə gedib: “Yaddaşım zəif olduğu üçün, həm də spirtli içkinin təsiri altında “Şamaxinka” adlanan ərazidə taksidən düşdüm. Cavadxan küçəsində yerləşən 5 mərtəbəli binanın həyətinə girdim. Fikrimdə belə qaldı ki, həmin evdə yaşayıram.

Bu səbəbdən binada mənzillərin bir-bir qapısını yoxlamağa başladım. Belə fikirləşdim ki, açıq qapı hansıdırsa, həmin ev mən qalan evdir. Qapılardan biri açıq olduğundan, ora daxil oldum. Ayaqqabımla cins pencəyimi çıxararkən, tanımadığım bir qız ayağa durdu və məndən “sən kimsən?” soruşdu.

Mən də ona eyni sual verdim. Qız məni, mən də onu itələdim. Qapını açaraq çölə çıxan vaxt dəhlizdə başqa bir qızla rastlaşdım. Bu zaman qorxdum. Çünki başa düşdüm ki, səhv yerə gəlmişəm. Sakit formada evdən getdim”.

“Mənzildə cəmi 15 saniyə olmuşam”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən sonra Memar Əcəmi metrostansiyası ilə 3-cü mikrorayon dairəsinin arasında yerləşən parkda oturub: “Anladım ki, səhv ünvana getmişəm.

Zərərçəkmiş şəxsi əvvəllər tanımamışam, onunla ədavətim və ya düşmənçiliyim olmayıb. Düşünürəm ki, Ləman xanım kimdənsə qorxaraq məndən şikayət edib.

Hadisə vaxtı binanın bütün qapılarını yoxlamışam, qapısı açıq mənzildə cəmi 15 saniyə olmuşam. Mənzildən bıçaq götürməmişəm, zərərçəkmiş xanımın başına yumruqla vurmamışam. Nəsilimizdə psixi xəstəliyi olan və ya intihar edən şəxs olmayıb.

Tez-tez əsəbləşmirəm, mütəmadi içki içən deyiləm, narkotikdən istifadə etmirəm. Yalnız sakitləşdirici dərmanlar qəbul edirəm, onların da tərkibində psixotrop maddə yoxdu. Dərmanları mənə həkim yazıb. Mən yaddaş pozğunluğundan əziyyət çəkirəm”.

“Bilirsən ki, mən güclüyəm”

İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, hadisə baş verən ünvanda yaşamır: “Orada rəfiqəm Elnarə yaşayır, həmin evə qonaq getmişdim. Divanda yatan zaman kimsə əli ilə üzümə su vurdu. Yuxudan oyandım, başımın üstündə kiminsə bıçaqla dayandığını gördüm. O, gözlərini bərəldərək “səsini çıxarma, səni öldürə bilərəm, bilirsən ki, mən güclüyəm” deyə bildirdi.

Onun rəfiqəm Elnarənin tanışı olduğunu düşündüm. Ondan “Elnarə hardadır?” deyə soruşdum. O, məni köynəyimdən tutaraq ayağa qaldırdı, şalvarının qabağının açıq olduğunu gördüm.

Mənə qarşı seksual zorakılıq hərəkətlərini etdi. Yəni zorla iyrənc hərəkələrə məcbur etdi”.

“Rəfiqəm oğlan dostu ilə görüşməyə getmişdi”

Zərərçəkmiş bildirib ki, bir müddət sonra rəfiqəsi Elnarə dostu İlqarla evə gəlib: “Onları görən kimi Telman qaçdı. Əlindəki bıçağı mətbəxdən götürdüyünü sonradan bildim.

Mənzilə məlum hadisə baş verən günü gecə saat 22-23 radələrində rəfiqəm Elnarə ilə birlikdə gəlmişəm. Mən mənzilə gələndə rəfiqəmin otaq yoldaşı olan bir qız və 14-15 yaşlı qardaşı da oarad idi.

Elnarə təxminən gecə saat 1-ə işləmiş evdən getmişdi. Onun qapını bağlamayıb çıxmasından xəbərim olmayıb. Çünki həmin vaxt yatmışdım. Bildiyimə görə rəfiqəm oğlan dostu İlqarla görüşmək üçün şəhər mərkəzinə getmişdi”.

Ləmanın ifadəsinə görə, hadisə günü yatarkən soyunmayıb: “Əynimdə papaqlı jaket və idman şalvarı vardı, üstümdə yorğan örtmüşdüm. May ayı olsa da, hava soyuq idi.

Əvvəllər Telmanı heç vaxt görməmişəm. O, təxminən 20 dəqiqə mənzildə oldu. Cibindən siqareti düşüb qalmışdı. Siqareti ibtidai araşdırma orqanına təhvil verdim”.

“Qorxumdan səsimi çıxara bilmədim”

Ləman qeyd edib ki, Telman 1-2 dəfə yumruqla onun başına vurub: “Qanayan xəsarət almadım. Lakin ekspert rəyinə görə, zərbə nəticəsində başımda şiş əmələ gəlmişdi.

Telman idman şalvarımı aşağı çəkib, cinsi əlaqədə olmaq istədiyini bildirdi. Mən isə ona aybaşı olduğumu dedim. O, əlindəki bıçağı divanın üstünə qoydu, tələb etdi ki, nə olur-olsun, mənimlə cinsi yaxınlıq etməlisən. Qorxumdan onun dediyini etdim, səsimi çıxara bilmədim. Telman eyni cümlələri dayanmadan təkrar edirdi”.

“Xəstəlik aşkar edilmədi”

Zərərçəkmişin sözlərinə görə, rəfiqəsigildə ilk dəfə idi qalırmış: “Telmanı rəfiqəm də tanımırdı. Hadisə vaxti ondan kəskin spirt iyi gəlirdi. Hadisədən sonra dəri-zöhrəvi xəstəliyə yoluxub-yoluxmamağımı dəqiqləşdirmək üçün analiz verdim, xəstəlik aşkarlanmadı”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Telman 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm