Kriminal
Ərini qətlə yetirən qadın: “Əhməd kimi qətliam törədəcəyini, hamımızı öldürəcəyini söyləyirdi”

Abşeron rayonunda 1993-cü il təvəllüdlü Nazirə ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ayxan Hacıyevi öldürüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, onun 2024-cü ildən rəsmi nikahla birlikdə yaşadığı əri Ayxanla ailə-məişət zəminində mübahisəsi olub.
Qadın birlikdə yaşadıqları mənzildə əri ilə araq içib. Sərxoş olduqdan sonra ərinin onun və yaxın qohumlarının ünvanına nalayiq ifadələr səsləndirməsi, habelə onu döyməsi yadına düşüb.
Evin mətbəxindən götürdüyü bıçaqla zərərçəkmiş şəxsə çoxsaylı zərbələr vurub. Kişi aldığı zərbələrdən vəfat edib.
İstintaq orqanı tərəfindən Nazirənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən qadın ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 129.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.
“Qətliam törədəcəyini söylədi, qorxdum”
Qadın ifadəsində göstərib ki, həyat yoldaşı xaş yeməyini xoşlayıb: “Mən də ona həmişə o yeməyi bişirirdim. Hadisə baş verən gün Ayxan mənə işə getməməyi və birlikdə yeyib-içməyi təklif etdi. Bundan sonra baş verənlər artıq yadımda deyil. Təkcə mənə vurulan yumruqlar yadımdadır. Əvvəllər də arabir onunla birlikdə içki içmişəm. Hadisə günü yenə birlikdə araq içdik.
Ancaq içki içdikdən sonra Ayxanın məni nə üçün döydüyünü xatırlamıram, sadəcə uşağın səsini eşidirdim. Uşaq Ayxana məni döyməməyi söyləyirdi. Hər on saniyədən bir gözümü açdıqda mənə Ayxanın yumruq zərbəsi dəyirdi. O, uşağın gözü qarşısında qolumu kəsdi və divanda uzandı, daha sonra bədənimin müxtəlif nahiyələrinə kəsiklər atdı.
Bıçağın əlimə necə keçdiyini isə xatırlamıram. Ayxan uşaqlar məktəbdən gəldikdən sonra Əhməd necə qətliam törətdisə, o da elə böyük qətliam törədəcəyini, hamımızı öldürəcəyini söyləyirdi.
Mən bilərəkdən Ayxanı öldürmək istəməmişəm. Qəfildən gözüm qaraldı və Ayxanın uşaqlarımı öldürəcəyindən qorxdum. Uşaq Ayxanın məni pəncərədən atmaq istədiyini və pəncərədən atmaması üçün ona yalvardığını da söyləmişdi”.
“Ərimi canımdan çox sevirdim”
Nazirə qeyd edib ki, Ayxan onların hamısını öldürəcəyini söyləyəndən sonra ona bıçaqla zərbə vurub:
“Ayxan qalxıb üzərimə gəldi, “sən məni vurmaq istəyirdin?” deyib bıçağı əlimdən almağa çalışdı. Başıma yumruq zərbələri endirdi. Məndən uzaq durması üçün qolunun alt nahiyəsindən bıçaqladım. Ardınca qapıdan çölə çıxıb kömək üçün qonşuları çağırdım. Ayxan özü də qonşulardan kömək istədi.
Daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə və təcili yardıma zəng vurdum. Mən Ayxanı canımdan çox sevirdim, onu öldürmək niyyətim olmayıb. Qızımın atasını niyə öldürmək istəyim ki?”
“Uşaqlarla çox pis rəftar edirdi”
Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavabda deyib: “Biz Ayxanla bir il idi rəsmi nikaha girmişdik. Mənim birinci nikahımdan iki, Ayxanla olan nikahdan isə bir övladım var. İki il idi birlikdə yaşayırdıq. Mübahisələrimiz uşaqla bağlı olurdu.
Ayxan həm də narkotik istifadəçisi idi, bunu kiməsə söyləsəm, məni döyəcəyi ilə hədələyirdi. Əvvəllər cibində bıcaq gəzdirirdi. Heç vaxt mənə bıçaqla xəsarətlər yetirməyib. Uşaqlarla isə çox pis rəftar edirdi”.
“Məni döydüyünü xatırlamıram”
Nazirənin sözlərinə görə, yalnız Ayxana bıçaq zərbəsi vurduqdan sonra özünə gəlib: “Ayxana 3 bıçaq zərbəsi vurduğumu xatırlayıram. Qarnına və üzərimə gələrkən qolunun alt nahiyəsinə vurduğum zərbələr yadımdadı.
Hadisə baş verən oğlum və balaca qızım evdə idi. Oğlumun 10 yaşı var, o, şahiddir, baş vermiş hadisəni o görüb”.
Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, əvvəl ögey xalası oğlu ilə ailə həyatı qurub, daha sonra qardaşının həyat yoldaşı ilə xəyanət etdiyi üçün ondan ayrılıb.
Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
-
Avropa14:00
Rusiya 3 dağıstanlını Fransaya göndəribmiş: Onu öldürmək üçün - Saxlanıldılar
-
İqtisadi gündəm12:50
Türk lirəsi rekord səviyyədə UCUZLAŞDI
-
Hadisə11:45
Generalın anası vəfat etdi
-
Dünya11:18
Bu da ABŞ-ın Qəzza ilə bağlı yol xəritəsi: Trampın müşavirləri açıqladı
-
Sosial10:48
Hərbi xidmət haqqında qanuna dəyişiklik edilir
-
Dünya10:12
Trampdan Putinə gözlənilməz sual: Xoşuna gəlməyib
-
İdman09:26
Bu məşhur “Qarabağ” üçün Bakıya gələcək
-
ABŞ08:36
Boltonun daha bir "QARA ƏMƏLİ" - Arvadına və qızına...