Milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - Bakıda lüks həyat yaşayan cütlük məhkəmədə
Bizi izləyin

Kriminal

Milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - Bakıda lüks həyat yaşayan cütlük məhkəmədə

2014-cü ildə ailə quran, lakin övladları olmadığı üçün sonda surroqat anaya müraciət edən cütlük məhkəmədə üz-üzə gəlib.

Publika.az-ın Teleqraf-a istinadən məlumatına görə, Samir Məmmədov Səbail Rayon Məhkəməsinə müraciət edərək bildirib ki, onun üç uşağı surroqat anadan dünyaya gəldiyi üçün, övladlarının doğum haqqında şəhadətnamələrində, müvafiq olaraq, ana qrafalarında keçmiş həyat yoldaşı Nazilə Məmmədovanın (ad-soyadlar şərtidir) adı silinməlidir.

Bundan başqa, o, ərizəsində uşaqların Nazilə Məmmədovadan alınaraq ona verilməsini xahiş edib.

İddiaçı ərizəsində bildirib ki, vaxtilə çox lüks həyat yaşayıblar. Yüksək gəlirli işdə işlədiyi müddətdə ildə azı iki dəfə müxtəlif ölkələrə istirahətə gediblər. Bundan başqa, xanımına müxtəlif vaxtlarda 40 min avroya “Mercedes CLA-250 AMG”, 66.000 ABŞ dolları dəyərində “Mercedes V-250” və daha sonra 51.000 manat dəyərində “Volkswagen İD-4 Crozz” markalı avtomobil alıb.

Eyni zamanda, Samir Məmmədov birgə nikah dövründə “Qrant Hayat”da, “Royal Park” yaşayış kompleksində, Şüvəlanda dəyəri milyon manatlarla ölçülən mülklər aldığını məhkəmənin diqqətinə çatdırıb. O, bu müddətdə uşaqlarını biri üçün illik xərci 6080 dollar olan bağçaya göndərdiklərini, 700 dollar qarşılığında iki Filippin vətəndaşını dayə tutduqlarını bildirib.

Onun sözlərinə görə, işdən çıxdıqdan xərcləri çox olması səbəbindən 200 min manata yaxın borc edib. “Qrant Hayat”da yaşayış kompleksindəki evi 550 min manata satdıqdan sonra borcları qaytarıblar. S.Məmmədovun iddiasına görə, işsiz olmasına baxmayaraq, həyat yoldaşı bədxərcliyindən geri qalmayıb:

“İki dişini düzəldirməyə 10 min dollar pul verdi. Sonra da “xoşuma gəlmir” deyərək sökdürüb yenidən 5000 dollara yenilərini qoydurdu. Heç ehtiyac olmadığı halda, mədəsini kiçiltdi, plastik əməliyyatlar etdirdi. Nikah pozulmazdan əvvəl mənə dedi ki, uşaqların hər biri üçün 35000 ABŞ dolları ödəsə, övladlarını ona verəcək. Bəzən bizi, uşaqları Bakıda qoyub günlərlə xarici ölkəyə istirahətə gedirdi. Bütün bunlar məni Nazilənin uşaqlarla bioloji bağının olub-olmaması
üzərində düşünməyə vadar etdi. Dost-tanış uşağın olmamasına görə onunla boşanıb başqası ilə evlənməyi məsləhət görsə də, mən bunu özümə rəva bilmədim. İşdən çıxdığım günə qədər bütün şəraitimiz ideal olub, amma sonra vəziyyət dəyişdi. Mənə qarşı münasibət dəyşişməyə başladı, Nazilənin psixologiyası pozuldu”.

Qeyd edək ki, cütlük surroqat ananı Gürcüstanda seçib. Onlar Nazilə Məmmədovaya qoyulan sonsuzluq diaqnozundan sonra belə qərar qəbul ediblər. Samirin sözlərinə görə, evləndikdən ilk 5 il ərzində müxtəlif ölkələrdə müalicələrdə olublar, bu müddətdə 77 min dollar xərcləyib. Onar 2018-ci ildə Gürcüstanda fəaliyyət göstərən şirkətlə müqavilə imzalayıblar. Həmin il ilk övladları, iki il sonra isə əkizləri dünyaya gəlib.

Məhkəmə hesab edib ki, qanunvericilik uşaqla anası arasında hüquq münasibətlərinin qan qohumluğu faktına əsaslandığı kimi süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi yolu ilə surroqat ana tərəfindən doğulması faktı əsasında da yaranmasını nəzərdə tutur. Qanunvericilik eyni zamanda öz bətnində böyüdüb doğulması üçün embrionların başqa qadına (surroqat anaya) köçürülməsinə (implantasiyasına) razılıq vermiş ər-arvad bu yolla doğulan uşağın doğum haqqında şəhahətnaməsində surroqat ananın razılığı əsasında onun valideynləri kimi yazıla bilməsini də nəzərdə tutur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Məhkəmə tərəflərin surroqat ana üçün müqaviləni imzaladıqlarını, bununla da iddiaçının cavabdehin dünyaya gələcək uşaqların genetik anası olmayacağına dair ehtimalların ola biləcəyi barədə əvvəlcədən məlumatlı olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının analıq barədə mübahisəyə dair gətirdiyi dəlilləri əsaslı deyil. Eyni zamanda məhkəmə qeyd edib ki, cavabdehə 2016-cı ildən “İ-li sonsuzluq” diaqnozu qoyulması, Nazilənin uşaq dünyaya gətirə bilməyəcəyi Samirə əvvəlcədən məlum olub.

Məhkəmə buna görə, Nazilə Məmmədovanın adının uşaqların doğum haqqında şəhadətnamələrində ana qrafalarında pozulmasını tələbini əssasız hesab edib. İddia təmin edilmədiyindən uşaqlar da Nazilə Məmmədovada qalmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm