Zal Yusifovun oğlu sorğu-sual edildi: "Bu işin məsuliyyətini daşıyıram"
Bizi izləyin

Kriminal

Zal Yusifovun oğlu sorğu-sual edildi: "Bu işin məsuliyyətini daşıyıram"

Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən bugünkü iclasda zərərçəkmiş Rəfayel Həsənovun epizodu üzrə araşdırma aparılıb.

Bundan əvvəlki iclasda İslam Yusifov bu epizod üzrə sərbəst ifadə verib. İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rəfayel Həsənovun oğlu Həsən Həsənovu Prezident Adminstrasiyasında hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, onun pulunu ələ keçiriblər.

Bugünkü iclasda İslam Yusifov zərərçəkmiş Rəfayel Həsənovun nümayəndəsinin suallarını cavablandırıb. O bildirib ki, makler olmayıb, alqı-satqı işi ilə məşğul olmayıb: "İlham Abbasovun vasitəçiliyi ancaq məni onlarla tanış etmək olub. Onlardan götürdüyüm pulu üç ay müddətində qaytarmalı idim. Mənə 100 min manatı Rəfayelin oğlanları verib. Obyekt 850 min manata satılmalı, 640 min manat banka çatmalı idi. Mən cinayət törətməmişəm. Bankın nümayəndələri var, onlar burada ifadə versələr, hər şey aydın olacaq. Mən pul götürdüyümü etiraf edirəm. İş görmüşəm, pul götürmüşəm. İş alınmayıb, mən də bu işin məsuliyyətini daşımışam. Buna görə də burdayam".

Digər təqsirləndirilən İlham Abbasov deyib ki, bu işin alqı-satqısı alınsaydı, satılan pulun 2 faizi ona çatmalı idi.

Daha sonra zərərçəkmiş Rəfayel Həsənov bildirib ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyir. Onun sözlərinə görə, obyektlərin satışı ilə bağlı İlham Abbasovla danışıblar: "Deyildiyi kimi çəkiliş iki dəfə olmayıb. Bir dəfə İlhama pul verəndə çəkiliş olub. Altı aya bu iş həll olunmalı idi. Sonradan İlham 102 mini geri qaytardı. Əvvəlcə mən pulu oğlumu Prezident Adminstrasiyasında işə düzəltmək üçün vermişdim. Obyekt söhbət olmayıb. Obyekti satmaq barədə sonra razılaşmışıq. Obyekt satılacaqdı, mənim də pulum qaytarılacaqdı. Pulu İlhama vermişəm, çünki ona inanmışam. Deyib ki, yaxşı tanışları var, bu işi görəcəklər".

Zərərçəkmiş qeyd edib ki, oğlunun işə düzəlməsi üçün İlham Abbasov ondan 360 min manat istəyib və deyib ki, 350 min işin həll olunması üçün Prezident Adminstrasiyasına veriləcək, 10 min manat onun özünə qalacaq.

İlham Abbasov qeyd edib ki, 102 min manatı İslam Yusifovun ailəsindən alaraq zərərçəkmişə veriblər: "Onların verdiyi pulun üstünə özüm də qoymuşam. İslam deyib ki, sən pul ver, sonra öz aramızda həll edərik".

İlham Abbasov qeyd edib ki, Rəfayel Həsənova məxsus obyekti 850 min manata satılması barədə razılaşıblar: "Həmin pulun 690 min manatı banka çatmalı idi. Bu işdə mənim də xeyrim olacaqdı. Bu da 20 min manat idi. Mən zərərçəkmiş şəxsin oğlunu işə düzəltmək barədə razılığımız olmayıb. Mənim heç ora kimisə işə düzəltmək üçün tanıdığım şəxs olmayıb".

Zərərçəkmiş deyib ki, pulunu İlham Abbasovdan tələb edir: "Mənə ziyanın 132 min manatı ödənilib. Qadın pulumu da tələb edirəm. Təqsləndirilən şəxslərə qarşı şikayətçiyəm".

Növbəti proses martın 6-da davam edəcək.

İttihama görə, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Məhkumluğunu ödəməməsinə baxmayaraq o, yenidən dələduzluq edib. İlk cinayəti o, oğlu həbsxanada olan Afət Hüseynovaya qarşı törədib. Ananın 13 il azadlıqdan məhrum olunmuş oğlu Kamran Nəcəfovun həbsdən azad ediləcəyi adı ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, ümumilikdə 70 min dollarını ələ keçirib.

Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisinə elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovun 308 min dollarını alıb.

İstintaq sənədlərinə görə, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rafael Həsənovun oğlu Həsən Həsənovu Prezident Adminstrasiyasında hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, ondan 360 min manat alıblar.

İttihama görə, İslam Yusifov Kamran Əsgərova onun iki avtomobil və torpaq sahəsini satacağı barədə yalan vəd verib, 275 min manatını ələ keçirib.
Daha sonra digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən "Ayfon" mobil telefonlar gətirəcəyini söyləyib və ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

Bunlardan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı ilə bağlı ona yalan vəd verib, 55 min manatını, Rafət Məmmədova məxsus evi satacağı adıyla aldadaraq 75 min manatını ələ keçirib.

İstintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddələri ilə ittiham irəli sürülüb.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərin əməli məhkəmədə sübuta yetirilsə, İslam Yusifovu 10 ildən 14 ilədək, İlham Abbasovu isə 5 ildən 10 ilədək cəza gözləyir.

Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla iştirak edib.

İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.

İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.
Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.

Bu günə kimi o, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm