Kriminal
Sabunçuda qanlı gecə: "Heç kəs yox idi, əvvəl alışqan istədi, sonra hücum etdi"
Bakının Sabunçu rayonunda 1997-ci il təvəllüdlü Şəmkir rayon sakini Elxan əvvəllər tanımadığı Fəridə (adlar şərtidir – red.) xəsarət yetirməkdə ittiham olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, ibtidai istintaq materiallarına görə, Elxan Böyük Şor qəsəbəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında əvvəllər tanımadığı Fəridə basqın edib.
Yumruq və təpiklə Fəridin başına, bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib. Yerə yıxdıqdan sonra 150 manat dəyərində “Samsung” markalı mobil telefonunu, içərisində 35 manat olan pul kisəsini, həmçinin 45 manat dəyərində əl çantasını götürüb.
Yenə də kəsici-deşici alətlə Elxanın baş və bədən nahiyələrinə bir neçə zərbə vurub.
İstintaq orqanı tərəfindən Elxanın barəsində Cinayət Məcəlləsinin 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddəsi ilə ittiham verilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə Elxan ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, qızı Bakı şəhərində yaşadığına görə arabir rayondan onu görməyə gəlib: “İyulun 13-də "Koroğlu" metrosu istiqamətindən körpüyə tərəf hərəkət edərkən yolun kənarında 4 nəfər şəxsin müxtəlif yerlərdə durduğunu gördüm. Yanlarından keçəndə Fəridin yaxınındakı şəxs məndən alışqan istədi. Mən siqareti yandıranda Fərid mənim intim yerlərimə əl ataraq əxlaqsız təklif etdi. Buna görə yumruqla vuraraq onu yerə yıxdım. Sonra isə qarın nahiyəsindən təpiklə vurdum, oradan uzaqlaşaraq getdim. Hadisə zamanı Fəridin hər hansı bir əşyasını götürməmişəm”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. Həmin ifadəsində o göstərib ki, Nərimanov rayonunda Montin qəsəbəsindəki nömrəsiz fərdi evdə tək yaşayıb:
“Şəmkir rayonundan Bakı şəhərinə işləmək məqsədilə gəlmişəm. Hadisə günü yaşadığım evdən gəzmək məqsədilə çıxdım. Böyük Şor qəsəbəsində olan zaman bir nəfər mənə yaxınlaşaraq alışqanım olub-olmadığını soruşdu. Onun əlində mobil telefon vardı. O, mobil telefonu sinəsi ilə paralel şəkildə arxası mənə tərəf tutdu. Alışqanı verdikdə, əlini mənim intim yerimə atdı, “nə gözəl bədənin var” dedi. Mobil telefonla məni qeydə ala biləcəyini ehtimal edərək əsəbləşdim və yumruqla onun üz nahiyəsinə vuraraq yerə yıxdım. Bundan sonra təpik və yumruqla onu döyməyə davam etdim. Əlimdə olan kiçik dırnaqtutan alətin uc hissəsi ilə onun başına vurdum”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra onun əlindəki mobil telefonu və çantanı əlindən dartaraq alıb: “Çantanın içərisinə baxdıqda çantanın içərisində şəxsiyyət vəsiqəsi və bank kartlarından başqa heç bir şey olmadığını gördüm. Həmin sənədlərə dəymədən çantanı içərisindəki sənəd və kartlarla birlikdə həmin ünvanda yol kənarına tullayaraq hadisə yerindən uzaqlaşdım. Çantadan götürdüyüm 32 manat pulu şəxsi ehtiyaclarıma xərclədim. Fəridin mobil telefonu tanışım İlkin adlı şəxsə əmanət olaraq saxlamaq üçün verdim. Ona həmin mobil telefonu cinayət yolu ilə əldə etdiyimi bildirməmişəm. Mobil telefonun üzərində olan mobil nömrəni çıxararaq özümdə saxlamışam. Sonradan həmin mobil nömrəni sındırmışam”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əmələ görə peşman olduğunu deyib.
O, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə özünü təqsirli bilməyib. İfadəsinin sonunda göstərib ki, Fəridə təpik və yumruqla vursa da, əlində deşici və ya kəsici alət olmayıb.
Zərərçəkmiş Fəridin sözlərinə görə, ailəlidir, bir qızı, bir oğlu var: “Özüm 1-ci Qarabağ müharibəsi veteranıyam, qardaşım isə şəhiddir. Mən hadisə günü axşam saat 20 radələrində “Olimpiya” stadionunun, eləcə də “Tosoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan zaman Elxan qarşımı kəsdi və “mənləsən sən” deyə səsləndi. Yanımda heç kim yox idi. Ona “sən kimsən, səni tanımıram” deyə bildirdim.
Elxan məni nalayiq ifadələrlə təhqir edərək üstümə hücum etdi. Zərbələrin təsirindən yerə yıxıldım. Çantamı çiynimdən dartaraq götürdü. Aldığım zərbələrin təsirindən huşumu itirdiyimə görə sonra nə baş verdiyini xatırlamıram”.
Zərərçəkmiş qeyd edib ki, həmin vaxtı onun 45 manat dəyərində olan əl çantasında 150 manat dəyərində “Samsung” markalı mobil telefonu, içərisində 15 manat dəyərində pul kisəsi, həmin kisənin içərisində 35 manat pul, bank və digər kartlar olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. O, 7 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiya həddində cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş edib.
Hökmdən təqsirləndirilən şəxs də apellyasiya şikayəti verib. O, məhkəmə kollegiyasından ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.
Hər iki şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimləri hər iki şikayəti araşdırıblar, sonda qərar qəbul ediblər.
Qərara görə, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib. Dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Bu qərardan təqsirləndirilən şəxs kasasiya protesti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Yaxın günlərdə bu şikayətə baxılacaq.
-
Rəsmi xronika16:07Azərbaycanda yeni agentlik yaradıldı - Fərman
-
Sosial13:48Pensiya alanlara şad xəbər: Mart ayında...
-
Nida Xəbər 12:54Bu deputatlara yeni vəzifə verildi - ADLAR
-
Dünya12:24Rusiyanın hücumu başlayanda Bayden Zelenskiyə nə təklif edibmiş? - İlk dəfə açıqladı
-
Nida Xəbər 12:21Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu - SİYAHI
-
Dünya11:36Kardaşyanın heyranı olan “Dodaq kralı” növbəti əməliyyatdan sağ çıxmadı
-
ABŞ10:48Trampdan İrana son xəbərdarlıq: Tehran dağılacaq
-
Dünya10:12Moskvada polisə hücum: Ölənlər və yaralananlar var






.jpg)















.jpg)
















