Kanalizasiyaya düşən oğlanın ölüm işi: Hadisə baş verən gün... - Məhkəmə
Bizi izləyin

Kriminal

Kanalizasiyaya düşən oğlanın ölüm işi: Hadisə baş verən gün... - Məhkəmə

Bakının Nərimanov rayonunda “Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.

Şahid qismində dindirilən Səyyar Nuriyev istintaqa verdiyi ifadəsini təsdiqləyib: "Hadisə baş verən yerin yanında yerləşən mağazada sahibkarlıqla məşğulam. Çökmələrlə bağlı dəfələrlə aidiyyəti orqanlara xəbər vermişik. Onların qaynar xəttinə bildirmişik ki, burada çöküntülər baş verib. Onlar da gəlib baxış keçiriblər. Deyiblər ki, düzələcək. "Azərsu" tərəfi bizi ittiham edir ki, məhəccərləri oradan götürmüşük. Bu, həqiqətə uyğun deyil. Orada güclü yağışlardan sonra çöküşlər yarandı. Hadisə baş verən gün iş vaxtımız bitdiyi üçün getmişdik. Özümüz də oranın mühafızəsi üçün dəmirlər qoymuşduq".

Təqsirləndirilən Azər Cümşüdov bildirib ki, ərazidə kamera açıqdırsa, mühafizə dəmirlərinin kim tərəfindən söküldüyü bilinəcək:

"Sahibkar yalan danışır. Ərazidə olan dəmirləri biz götürməmişik. Bizim digər ərazilərdə kifayət qədər məhəccərimiz var idi. Taxtanın həmin çuxura qoyulması belə səhvdir. Çuxur olsa, zərərçəkən bəlkə görüb ora yaxınlaşmazdı. Hadisə baş verdiyi günün sabahı bizim işçilər gördü ki, məhəccərləri sahibkarlar yığıb öz obyektlərinə qoyub. Eyni zamanda həmin yerə təmir materialları yığılıb. Bunun video görüntüləri məndə var".

Digər şahid Asim Həbibov hadisə baş verən ərazidə mağaza işlətdiyini bildirib: "Çöküntü ilin əvvəlində baş vermişdi. Biz "Azərsu"yun qaynar xəttinə zəng edib vəziyyəti izah etdik. Amma bizi dinləyən olmadı. Buna görə də özümüz oraya məhəccərlər qoyduq ki, kiminsə başına iş gəlməsin. Həmin məhəccərləri icarəyə verdiyim üçün bir neçə vaxt sonra oradan götürdüm. "Azərsu"yun dəmirləri orada idi. Onlar məhəccərləri bərkitməmişdilər. Onlara məxsus heç nəyi oradan götürməmişik".

Təqsirləndirilən şəxs şahid Asim Həbibovun ifadəsinə münasibət bildirib. Onun sözlərinə görə, məhəccərlərin qoyulması onun səlahiyyətində olmayıb:

"Mənim işim təmir-tikinti sahəsi idi. Şahid çökmə barədə qaynar xəttə məlumat verdiyini deyir. Amma qaynar xətdən mənə məlumat verilməyib ki, nəsə gedim iş görüm. Məndən də yuxarı vəzifəli şəxslər var, onlara sual verin ki, niyə gec tədbir görülüb... 2025-ci ilin may ayında çökmə baş verən yeri məhəccərləmişik. İyun ayında rəhbərlik mənə deyib ki, təmir üçün materialımız yoxdur, oradan uzaqlaş".

Növbəti məhkəmə prosesi martın 17-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.Xatırladaq ki, Cümşüd Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm