Bakıda obyektlər ucuzlaşır – TƏHLİL
Bizi izləyin

Daşınmaz əmlak

Bakıda obyektlər ucuzlaşır – TƏHLİL

Ötən ay qeyri-yaşayış sahələri bazarında yanvar ayı ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması ilə yadda qalıb. Buna da əsas səbəb kimi kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsidir.

Publika.az "MBA Consulting Group"un monitorinq qrupuna istinadən xəbər verir ki, ümumilikdə fevral ayı ərzində qiymətlərdə azalma müşahidə edilsə də, ümumi satış portfelində təkliflərin sayında artım baş verib: “Alıcılıq qabiliyyəti aşağı səviyyədə olduğundan, bazarda təklif edilən əmlakların hər ay müəyyən səviyyədə artmağını normal hesab etmək olar. Ötən ayda olduğu kimi, bu ay da kommersiya obyektləri üçün daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayı azlıq təşkil edib və nəticə etibarı ilə bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikasında ötən aya nisbətən bir qədər də azalma olub. Ümumilikdə, müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan qеyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa еdilən binaların 1-ci və 2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bazara çıxarılan obyektlərin sayı ay ərzində 20.5% artaraq 79 ədəddən 95 ədədə qalxıb. Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 45.5%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər bazarda müvafiq olaraq 38.2% və 10.9% paya sahibdirlər. Satışda olan ofis və zirzəmi təyinatlı yerlərin birgə sayı isə ümumi payın 5.4%-nə malikdir”.

Ekspertlərin rəyinə görə, qeyri-yaşayış obyektlərinin orta sahəsi fevral ayı üçün 174.38 kv.m təşkil edib. Bu da öz növbəsində ötən aya nisbətən 14.1% azalıb: “Sahənin azalmasına əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifinin azalmasını göstərmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Binəqədi rayonunda 8-ci mikrorayonda “boş yer” təyinatlı xidmət sahəsi qeydə alınıb. Ən az sahəyə isə Nəsimi rayonunda 3-cü mikrorayon qəsəbəsində 10 kv.m sahəyə malik olan “boş yer” təyinatlı xidmət sahəsi olub.

Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakların orta satış qiymətinə gəldikdə isə, fevral ayında -2.61% azalma qeydə alınıb. Yanvar ayında 1 kv.m qеyri-yaşayış sahəsinin orta qiyməti 2877 dollar olduğu halda, bu rəqəm fevral ayında 2802 dollar olub. Ay ərzində seqmentlər üzrə ən çox qiymət azalması “mağaza” təyinatlı obyektlərdə müşahidə edilib. Yanvar ayında bu seqment üzrə qeydə alınan qiymət 3235 dollar olduğu halda, fevral ayında təklif qiyməti -3.2% azalaraq 3130 dollar bəndində qərarlaşıb. Nisbətən qiymət artımı isə “xidmət” təyinatlı obyektlərdə qeydə alınıb. Yanvar ayında bu seqment üzrə qeydə alınan qiymət 2244 dollar olduğu halda, fevral ayında təklif qiyməti 1.3% artaraq 2273 dollar bəndində qərarlaşıb.

Bakı şəhərində qеyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil еtdikdə, görünür ki, qiymətlərin azalması zonalar üzrə qiymətlərə də təsir göstərib. Azalma hər bir zona üzrə müşahidə edilib. Bazarda qiymətlərin və tələbin qeyri-stabil olması ekspozisiya müddətinin dəyişməz olaraq qalmasına səbəb olub. Yanvar ayında olduğu kimi, fevral ayında da ekspozisiya müddəti 335 gün təşkil edir. Ötən ilin müvafiq ayı ilə müqayisədə Bakı şəhəri üzrə kommersiya obyektləri bazarında qiymət indеksində azalma -36.6%, ötən ayla müqayisədə isə qiymət indеksində azalma -2.6% olub”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm