ABŞ prezidentlərinin sevimlisi, yüzlərlə əsgərin xilaskarı, hərbi rütbə almış dördayaqlı çavuş – FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ prezidentlərinin sevimlisi, yüzlərlə əsgərin xilaskarı, hərbi rütbə almış dördayaqlı çavuş – FOTOLAR

Serjant Xabbi – 1916-cı ildə doğulmuş bu it ABŞ tarixinə dördayaqlı hərbçi kimi düşüb. Nə qədər təəccüblü görünsə də, Birinci Dünya Müharibəsində Amerika əsgərlərinə kömək etmiş köpək bu xidmətlərinə görə çavuş rütbəsi alıb. Çünki Stabbi quru döyüşlərində xüsusi şücaət göstərmiş heyvan idi.

Publika.az yüzlərlə əsgəri ölümdən xilas etmiş dördayaqlə çavuşla bağlı maraqlı faktlarl təqdim edir:

Yel universitetinin təlim mərkəzində hərbi xidmət keçən sıravi Con Robert Konroy buradakı küçüyün dərisini kiçik zolaqlarla rəngləyib, ona qayğı göstərməyə başlayıb. Bu səbəbdən də küçüyün hansı it növünə aid olması bilinmirdi. Sonralar fotolar əsasında aparılmış analizlər nəticəsində məlum oldu ki, bu heyvan boston-teryer və pitbulteryer it növlərinin cütləşməsindən yaranıb.

İtə Stabbi (mənası “Kötükvari” deməkdir) adını verdilər. O, tezliklə ABŞ-ın 102-ci alayının 26-cı piyada diviziyasının (“Yanki”lər) talismanına çevrildi.

Stabbi qısa müddət ərzində təlimləri olduqca yaxşı mənimsəməklə hər kəsi təəccübləndirməyə başladı. Şeypurun səsini digər səslərdən ayırd edən Stabbi hərbi nizam qaydası ilə addımlamağa başladı. O, hətta diviziyanın əsgərləri kimi ön sağ pəncəsini qaldıraraq, hərbi salam verməyi də bacarırdı.

Stabbinin bütün hərəkətləri diviziyanın əsgərlərinə müsbət təsir göstərir, onların döyüş ruhunu qaldırırdı. Elə bu səbəbdən hərbi hissələrdə heyvanların saxlanılmasının qadağan edilməsinə baxmayaraq, komandanlıq Stabbinin hərbi hissədə saxlanılmasına razılıq verdi.

Birinci Dünya Müharibəsinin gedişində diviziya «SS Minnesota» gəmisi ilə Fransaya, cəbhəyə göndəriləndə Con Robert Konroy qeyri-leqal olaraq onu gəminin bortuna aldı. Əsgər əvvəlcə iti gizləsə də, gəmi sahildən uzaqlaşanda matroslar gec-tez onun yerini aşkarladılar. Gəmidə heyvanın daşınmasına icazə verilmirdi, lakin dənizçilər az sonra qeyri-adiliyi ilə seçilən bu heyvanın hərbi qaydalara uyğun hərəkətlərinə heyran qaldıqlarından Stabbinin onların yanında olmasına razılıq verdilər.

Diviziya Fransa torpaqlarına çatıb cəbhəyə göndəriləndə Stabbiyə diviziyanın əsgərlərini müşayiət etməklə bağlı xüsusi tapşırıq verildi.

1918-ci ilin 5 fevralında döyüş nöqtəsinə çatan diviziya ilə birlikdə Stabbi də ağır döyüşlərə atıldı.

Şemi de Damdakı ilk döyüşdə iştirak edən Stabbi bir ay gecə-gündüz atəş altında qaldı. Nə qədər maraqlı olsa da, bu qeyri-adi heyvan çoxsaylı tüfənglərin və ağır artilleriyanın atəş səslərinə alışdı.

Yüzlərlə əsgəri zəhərli qazdan xilas etmiş heyvan

Ağır döyüşlərdən birində düşmənin buraxdığı zəhərli qazdan yaralanmış heyvanı yaxınlıqdakı səhra qospitalına göndərdilər. Stabbi buradakı müalicədən sonra yenidən cəbhəyə qaytarıldı.

Zəhərlənmə heyvanda bu təhlükəli qaza qarşı xüsusi həssaslıq yaratdı. Həmin səbəbdən də sevimli diviziyasına qovuşmuş Stabbi əsgər yoldaşlarının xilaskarına çevrildi. Belə ki, o, səhərlər düşmən tərəfdən qoxu hiss etdikdə qarşı tərəfin növbəti zəhərli qazdan istifadəsi planını duyur, dərhal tranşeydən çıxaraq, geri qayıdır, hərbi hissənin şirin yuxuda olan əsgərlərini yuxudan oyadırdı. Stabbi beləcə yüzlərlə ABŞ əsgərini zəhərlənmədən, hətta ölümdən xilas etdi.

Qeyri-adi heyvanın xilaskarlığı bununla yekunlaşmırdı. Stabbi hətta ağır döyüşlərdən sonra səngərdə və neytral zonada qalmış yaralıların yerini müəyyənləşdirir. İngilis dilində yardım istəyən hərbçilərə tərəf qaçan it həkimləri də arxasınca aparırdı.

Stabbinin xilas etdiyi əgərlər yaxalarından onun kiçik fotolarını asaraq, xatirə şəkilləri çəkdirirdilər.

Alman casusunu tapdığına görə çavuş rütbəsi

Stabbi bir dəfə düşmən əsgərinin də yerini müəyyənləşdirdi. Alman əsgəri qaçmağa çalışanda it onun ayağından dişləyərək aradan çıxmasına imkan vermədi. Amerika əsgərləri gələnədək düşmənin hərəkət etməsinə imkan verməyən it casusla əlbəyaxa olaraq onun aradan çıxmasının qarşısını aldı.

Düşmən casusunu zərərsizləşdirən Stabbi 102-ci piyada polkunun çavuşu rütbəsini aldı. O, bununla da ABŞ-ın hərbi qüvvələrinin hərbi rütbə almış ilk heyvanı oldu.

ABŞ-dakı hərbi paradda əsgərlərdən öndə addımlayırdı

1918-ci ilin aprelində almanların atdığı əl qumbarasının qəlpəsindən yaralanmış dördayaqlı çavuş növbəti dəfə yaxınlıqdakı qospitala yerləşdirilərək müalicə olundu. Daha sonra növbəti müalicə kursu almaq üçün Qırmızı Xaç Cəmiyyətinin qospitalına göndərildi. Stabbinin hərbi xəstəxanada müalicə alması əsgərlərin döyüş ruhunu qaldırdı.

Stabbi bundan sonra da müxtəlif hərbi əməliyyatlarda iştirak etdi. O, Birinci Dünya Müharibəsinin sonuna kimi ümumilikdə 17 döyüşdə iştirak etdi. Onlardan bir neçəsi ağır əməliyyatlar idi.

Müharibədən sonra yenidən ABŞ-a qayıdan Stabbi hərbi qüvvələrində hərbi xidmətini davam etdirdi. Xüsusi paltarda, orden və medallarla Amerika hərbi paradlarında iştirak edən dördayaqlı çavuş hərbçilərin önündə addımlayırdı.

Birinci Dünya Müharibəsində yüzlərlə Amerika hərbçisini ölümdən xilas etmiş Stabbini hərbi paradda prezident Vudro Vilsona təqdim etdilər. ABŞ prezidenti onun barəsində eşitdiklərindən heyrətləndi.

ABŞ prezidentlərini təəccübləndirən dördayaqlı çavuş

Dördayaqlı çavuş ayrı-ayrı illərdə iki dəfə Ağ Evə gətirildi və prezidentlər – Uorren Qamaliel Hardinq, habelə Con Kalvin Kuliclə görüşdü. Hər iki president Stabbi haqda eşitdiklərindən təəccübləndilər.

Dördayaqlı çavuşun Birinci Dünya Müharibəsindəki xidmətləri onun Verden ətrafındakı döyüşdəki şücaətinə görə Fransa medalı, Amerika legionunun 1-ci dərəcəli, Nyu-Heyven müharibəsi veteranlarının medalları, habelə Fransa Respublikasının «France Grande», San-Mişel, Şato-Tyerisskoy kampaniyası medalları, ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı ilə təltif edildi.

Qəhrəmanlıqlarına görə xeyli medalla təltif edilmiş Stabbiyə mükafatlar almaqla yanaşı, ABŞ legionun üzvü də seçildi.

Stabbi 1926-cı ildə sevimli sahibinin qollarında öldü. Onun qalıqları daha sonra “Azadlığın qiyməti: - amerikalılar müharibədə” sərgisinə çıxarıldı. Beləcə, bir sıra qeyri-adilikləri ilə hətta bəzi insanlardan seçilən Stabbi amerikalılar üçün əfsanəyə çevrildi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm