Suriyaya müdaxilənin marşrutu açıqlandı - DETALLAR
Bizi izləyin

Dünya

Suriyaya müdaxilənin marşrutu açıqlandı - DETALLAR

Böyük Britaniyanın nüfuzlu “The Financial Times” nəşri Səudiyyə Ərəbistanının Suriyada mümkün quru əməliyyatının detallarını açıqlayıb.

Publika.az xəbər verir ki, Ər-Riyad Suriyanın cənubi-şərqində quru əməliyyatının həyata keçirilməsi variantına baxır.

ABŞ hakimiyyəti Suriya böhranının siyasi həllinin vacibliyini önə çəkərək quru əməliyyatı mövzusunda təmkinli davranır. Amma dünya KİV-ində Türkiyə və ərəb dövlətlərinin hərbi müdaxiləsi haqqında xəbərlər dərc olunur. Türkiyə artıq Suriyanın şimalında PYD-nin (kürd gücləri) mövqelərini vurmağa başlayıb. Dünən isə xəbər yayılıb ki, hərbi texnika və silahla təmin edilən Suriya müxalifətinin iki min döyüşçüsü Türkiyədən Suriyaya keçib. Hərbi qrup Türkiyə-Suriya sərhədi üzərində nəzarət etmək üçün kürd gücləri ilə vuruşan müxalif güclərə kömək edəcək.

Daha əvvəl bildirilirdi ki, Səudiyyə Türkiyə üzərindən Suriyanın şimalına müdaxilə edəcək. Krallığın planları barədə “The Financial Times” nəşrinə yüksək vəzifəli səudiyyəli məmurlar danışıblar. Mənbələrin məlumatına görə, Səudiyyə Ərəbistanı Suriyanın cənubi-şərqində - İordaniya sərhədinə yaxın ərazilərdə quru əməliyyatı keçirə bilər. İordaniya ordusunun da krallığa dəstəyi istisna edilmir.

Suriyanın şərq hissəsinə nəzarət edən qruplaşmaların liderlərinin sözlərinə görə, Ər-Riyad artıq bu regionda kəşfiyyat aparıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ-la birlikdə Bəşər Əsədə qarşı vuruşan Suriyanın müxalifət güclərini fəal dəstəkləyir. Ər-Riyad 2015-ci ilin dekabr ayında 34 ölkənin iştirakı ilə İslam hərbi koalisiyasının yaradıldığını elan edib. Koalisiyanın tərkibinə Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Malayziya, Pakistan, həmçinin bir sıra başqa ərəb və Afrika dövlətləri daxildir.

Ər-Riyad hələ fevralın əvvəlində bəyan edib ki, Suriyada quru əməliyyatlarında yalnız ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkibində iştirak etməyə hazırdır.

Siyasi prosesi dəstəklədiyini bildirən Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsədi güc yolu ilə devirmək niyyətini də gizlətmir. Fevralın 14-də krallığın Xarici İşlər Nazirliyinin başçısı Adil Əl-Cubeyr bildirib ki, böhranın siyasi yolla nizama salınmasının müvəffəqiyyətsizliyi halında Əsəd güc yolu ilə devriləcək.

“Məndə Əsədin gedəcəyinə dair heç bir şübhə yoxdur. Bu ya hakimiyyətin siyasi keçidi çərçivəsində olacaq, ya da o, güc yolu ilə devriləcək”, - səudiyyəli nazir deyib.

Bu günlərdə Ankara açıqladı ki, Səudiyyə Ərəbistanının qırıcıları Suriya sərhədinin yaxınlığında İncirlik bazasında yerləşdirilib. Bundan başqa, Türkiyənin və Səudiyyə Ərəbistanının silahlı qüvvələri 5 günlük birgə hərbi təlimlərə bağlayıb. Fevralın 15-də başlayan təlimlər Türkiyənin Konya vilayətində keçirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm