Çörək, dərman və tualet kağızı olmayan həyat – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Çörək, dərman və tualet kağızı olmayan həyat – VİDEO/FOTOLAR

2014-cü ildən başlayaraq "qara qızıl"ın qiymətinin düşməsi Venesuela iqtisadiyyatına ciddi zərbə vurub. Neft ehtiyatı 297,7 milyard barel olan Venesuela neftin satışından əldə etdiyi gəlirlərdən asılıdır və ixracın 96 faizini neft ixracı təşkil edir.

Hazırda ölkə neftin qiymətinin sabitləşdirilməsi ümidi ilə Neft İxrac Edən Ölkələr Birliyinə (OPEK) üzv ölkələri arasında müttəfiqlər axtarır. Lakin son aylar neftin qiyməti bir qədər artsa da, qiymətlər hələlik Karakasın gözlədiyi səviyyədə deyil. Neft gəlirlərinin kəskin azalması ölkəni ciddi maliyyə çətinliyi ilə üz-üzə qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, son aylar ərzində çörək Venesuelada ən çatışmayan məhsul olub. Parlament fevral ayında ərzaq sahəsində fövqəladə vəziyyət elan edib. Bir sonra qida naziri Rodolfo Marko Torres bildirib ki, hakimiyyət daxili bazarın ehtiyaclarının təminatı üçün təcili olaraq 50 min ton taxıl alıb.

Venesuelada çörək çatışmazlığı onun satışı üzrə məhdudiyyətlərin tətbiqinə gətirib çıxarıb. İnsanlar çörək növbələrində saatlarla durur, çörək-bulka məmulatlarının qiymətlər az qala hər həftə yüksəlir.

Sürətlə düşən neft qiymətləri ilə əlaqədar iqtisadi böhranla üzləşən Venesuela xalqı çətin günlər keçirir. Ölkə tamamilə batmaq üzrədir. İqtisadi böhran hər keçən gün dərinləşir. Bu da siyasi böhranı alovlandırır. Xalqın alıcı gücü tükənmək üzrədir. Ölkənin bir çox bölgəsində zibilliklərdən ərzaq toplayan insanların sayı hər keçən gün artır.

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) əsas üzvlərindən olan Venesuelada inflyasiya 720 faizə çatıb, xarici borc 120 milyard dollar həddindədir.

Şəxsi gigiyena vasitələrinin istehsalı daha bir zərər çəkmiş sahədir. Ötən bazar günü Amerikanın “Kimberly-Clark” korporasiyası Venesuelada işini dayandırdığını elan etdi. Korporasiya əsas səbəblər kimi xammalın çatdırılmasında çətinliklər, yüksək inflyasiya və Venesuelada valyutanın alınmasında olan çətinlikləri göstərib. “Kimberly-Clark” korporasiyasına məxsus zavodun işçilərindən birinin sözlərinə görə, minimum 5-6 min ailə bundan zərər çəkəcək.

Dərmanlarla bağlı vəziyyət də ağırdır. Venesuela parlamenti yanvar ayında səhiyyə sahəsində humanitar böhran elan edib. Respublika Əczaçılar Federasiyasının məlumatına görə, dərmanların defisiti 85 faiz təşkil edir. Ölkə xəstəxanalarının əksəriyyətində pasiyentlər öz dərmanlarını gətirməlidir.

Merida şəhərində yerləşən xəstəxanalardan birinin həkimi deyir ki, ilin əvvəlindən 70 uşaq antibiotiklərin çatışmazlığı ilə əlaqədar həlak olub. Dövlət səhiyyəsinin tənəzzülü tibbi xidmətlərdən pulsuz istifadəni öz prioriteti elan edən hökumət üçün ciddi problemdir.

Venesuelanın iqtisadi və maliyyə çətinlikləri qonşu Kubaya enerji daşıyıcılarının çatdırılmasına təsir edib. Karakas “Azadlıq adası”na gündəlik 85 min barel, yəni onun ehtiyacının yarısından çoxunu çatdırırdı. Amma hazırda bu göstərici ilin əvvəlindən ən azı 20 faiz azalıb. Kuba hakimiyyəti bütün qeyri-istehsal dövlət idarələrini enerji istehlakını azaltmağa məcbur edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm