Krıma hücumun planı açıqlandı: sui-qəsdlər, terror aktları...
Bizi izləyin

Dünya

Krıma hücumun planı açıqlandı: sui-qəsdlər, terror aktları...

Xəbər verildiyi kimi, dünən Rusiya və Ukrayna arasında münasibətlər kəskinləşib. Krıma daxil olmağa cəhd edən diversantların iki qrupu ilə baş verən toqquşmalarda iki Rusiya zabiti həlak olub, bir neçəsi yaralanıb.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin versiyasına görə, səs-küylü terror aktları hazırlayan bütöv agentura şəbəkəsi hərəkət edirdi.

Rusiya prezident Vladimir Putin Ukrayna hakimiyyətinin terror təcrübəsinə keçdiyini bildirib. O, rusiyalı hərbçilərin həlak olmasına laqeyd qalmayacağına söz verib. Dövlət başçısı eyni zamanda Çində sentyabr ayında keçirilməsi planlaşdırılan “Normandiya formatı”nın görüşünü mənasız adlandırdı.

Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, məlum hadisədə Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyatının idarəsinin agentləri iştirak edirdilər. “Kommersant”ın mənbələri danışıb ki, 7 avqust gecəsi yeddi nəfərlik silahlı qrup hava ilə doldurulan qayıqlarda Perekop körfəzi vasitəsilə göndərilib və Armyansk ərazisində endirilib. Qrup sərhəd postlarını keçməyi bacarıb, ancaq sahilin iki kilometrliyində Federal Təhlükəsizlik Xidmətinin “Vımpel” xüsusi təyinatlı dəstəsinin əməkdaşları qrupu aşkar ediblər. Atışmada qrupun iki üzvü öldürülüb, digər beşini isə sağ ələ keçirmək mümkün olub.

Mənbələrinin məlumatına görə, saxlanılanların əksəriyyəti Krım sakinləridir. Saxlanılanlar Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiklərini və diversiya hazırlığını keçdiklərini bildiriblər. Onların sözlərinə görə, respublikanın rəhbərlərinə qarşı, həmçinin sənaye obyektlərində terror aktlarını həyata keçirməyi planlaşdırırdılar. Yarımadanın turizm biznesi hücumların hədəfi olub. Müxtəlif turizm nöqtələrində təşkil ediləcək partlayışlar insanların həlak olmasına gətirib çıxarmamalı, amma turistlər arasında həyacana gətirib çıxarmalı idi.

Ukrayna prezidenti Pyotr Poroşenko Krımda terror aktlarının hazırlığında Ukraynanın ünvanına səsləndirilən ittihamları “fantaziya” adlandırıb. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko isə bildirib ki, Ukraynanın ünvanına səsləndirilən terrorizm ittihamları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm