İŞİD-in arxasında duran ölkələrin adları açıqlandı
Bizi izləyin

Dünya

İŞİD-in arxasında duran ölkələrin adları açıqlandı

Türk mətbuatından sensasion iddia: hücum ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyənin məlumatları çərçivəsində hazırlanıb; Ankaranın İŞİD olaylarında rolu nədən ibarətdir?

İŞİD qruplaşmasının İraqda fəallaşması və ölkənin bir hissəsini ələ keçirməsi radikal islamçı qruplaşma ilə bağlı bir çox iddiaları ortaya çıxarıb. Bəzi mütəxəssislərə görə, 15 min nəfərə yaxın silahlı döyüşçüsü olan radikal islamçı qruplaşmanın birdən-birə 400 min nəfərlik ordusu olan İraq dövlətinə güc gələrək faktiki olaraq ölkənin üçdə birini işğal etməsi bu qruplaşmanın arxasında maraqlı qüvvələrin olması ilə bağlıdır.

Türkiyənin “Azad gündəm” qəzeti isə bu günlərdə İŞİD-in İraq əməliyyatları barədə sensasiya sayılacaq məqalə dərc edib. Yüksək rütbəli diplomata istinadla yazılan məqalədə qeyd olunur ki, İŞİD-in İraqın ikinci böyük şəhəri Mosulu alması da daxil olmaqla, Yaxın Şərqdəki situasiyanı dəyişən hərəkət ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyənin məlumatlandırılması çərçivəsində İordaniya paytaxtı Əmmanda planlaşdırılıb. Məlumatda o da qeyd olunur ki, toplantı bu il iyunun 1-də baş tutub və qeyd olunan ölkələrin nümayəndələri ilə yanaşı, İraq Kürd Demokrat Partiyası və Səddam Hüseyn tərəfdarı olan keçmiş BƏƏS-çilər də iştirak edib.

Yazıda qeyd olunur ki, Səddam Hüseynin devrilməsindən sonrakı prosesdə İraqda vəziyyət böyük güclərin planlarına uyğun getmədiyi və proseslər nəzarətdən çıxdığı üçün İŞİD-in əliylə yeni bir müdaxilə planı gündəmə gəlib. Qeyd olunur ki, planın sənəti Orta Şərqdə uzun illər çalışmış bir diplomat tərəfindən qəzetə ötürülüb. Planda dəqiqliklə İraqda yeni proseslərin başladılmasının xəritəsi çəkilib. Bu toplantıdan cəmi 8 gün sonra İŞİD hərəkətə keçərək Mosulu işğal edib. O da məlum olub ki, Əmmanda keçirilən toplantında qəbul edilmiş sənədin orijinal nüsxəsi sonradan 4 milyon dollara İraq hökuməti nümayəndələrinə satılıb.

Maraqlıdır ki, məlumatda bu toplantıdan 4 gün əvvəl Şimali İraq kürd administrasiyasının rəhbəri Məsud Bərzaninin Əmmanda səfərdə olduğu və toplantı üçün onunla danışıqlar aparıldığı bildirilir. O da bildirilir ki, bu plandan xəbər tutan İran kəşfiyyatı bir zamanlar İraqda nüvə silahının olduğu iddiasını irəli sürmüş Əhməd Çələbini Məsud Bərazinin yanına göndərərək İŞİD və tərəfdarlarına dəstək verməməsini, əks təqdirdə peşman olacağı ilə bağlı hədələyiblər. O da qeyd edilir ki, İŞİD Mosulu ələ keçirdikdən dərhal sonra Bərzaninin peşmərgələri Kərkükdə yerləşən İraq ordusunun 12-ci korpusuna hücum edərək bütün silah və texnikanı ələ keçirib.

Məlumatda Əmman toplantısında İordaniya kəşfiyyatının rəhbəri, kral Abdullahın təmsilçisi Saleh Kelab, KDP (kürdlər) nümayəndəsi Azad Bervari və kürd administrasiyasının kəşfiyyat xidmətini təmsil edən Cuma adlı bir nəfər, BƏƏS Partiyasının sağ qalan əsas isimləri, Nəqşibəndi Hərəkatında Səddamın generalı İzzət əl-Duri, Ceyş əl-Mücahidin (“Mücahidlər ordusu”) nümayəndəsi Amid Rukun və əbu Mahir, “Ənsar əl-İslam qruplaşmasından Seyfəddin adlı bir nəfər, “Ceyş Ənsar əl-Sunnə”, “Ceyş əl-Tayfa əl-Mansura”, “Sövrə əl-İşrin”, “Ceyş əl-İslam”, “Şurai Ənsar əl-Tövhid” və eləcə də hazırda Mosulda olan liviyalı bir nəfər iştirak edib.

Maraqlıdır ki, mənbə bu prosesdə Türkiyənin də iştirak etdiyini qeyd edir. Bildirilir ki, hazırda həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı hakimiyyəti məzhəbi, eyni zamanda siyasi görüşləri baxımından bütün imkan və əlaqələrini cəmləşdirərək Yaxın Şərqdə həyata keçirdikləri fəaliyyətləri Suriya sərhədlərindən kənara çıxarıb bütövlükdə bölgəyə yaymağa çalışırlar.

O da bildirilir ki, baş verən prosesin nəticəsi olaraq İraqın bölünməsi və bu bölgünün sonradan bütün regiona sirayət etməsi ehtimalı var. İkinci variant isə yeni şərtlər formalaşdırılacağı, ancaq İraqın artıq keçmişdəki kimi olmayacağı ilə bağlıdır. Daha bir variant isə bu savaşın davam etdirilməsi və tərəflərin heç biri üstün gəlmədən müharibənin uzun illər davam etməsi ehtimalıdır. Bundan başqa, iddia olunur ki, Türkiyə hökuməti Mosuldakı Türkiyə konsulluğunun İŞİD tərəfindən ələ keçirilməsini gözləməyib. Bu səbəbdən də Ankara bu vəziyyətə hazırlıqsız yaxalanıb.

Son günlər məhz bu mövzu geniş müzakirə olunmaqdadır. Necə olur ki, kiçik bir qrup asanlıqla İraq və Suriya kimi ölkələrin ərazilərini rahatlıqla tutur və burda öz “xilafətini” elan edir. Əlbəttə, indiki xaos durumunda hansısa qruplaşmaların fəaliyyəti qeyri-adi görünmür, amma məsələyə region dövlətlərinin, o cümlədən bölgənin əsas oyunçusu olan ABŞ-ın müşahidəçi münasibəti şübhələrə səbəb olub. Bir sıra mənbələr İraqdakı hazırkı durumun – xaos vəziyyətinin Qərbi, İsraili, Türkiyəni və eləcə də Səudiyyə Ərəbistanını təmin etdiyini qeyd edirlər.

Qərb üçün artıq neçə ildir Vaşinqtonun “orbitindən” çıxaraq Tehrana yaxınlaşan Malikinin cəzalanması, İraqda yenidən Amerikaya ehtiyacın olması məqbuldur. Bu mənada ABŞ rəsmiləri hər nə qədər sərt bəyanatlar səsləndirsələr də hərəkətə keçməyə tələsmirlər. İsrail üçün maraqlı olan diqqətin Fələstin mövzusundan yayınması, müsəlmanların özlərinin biri-birini qırması və nəhayət, Yaxın Şərq üçün “ikinci İsrail” modeli hesab olunan Kürdüstanın yaranması şansı çox əlverişlidir. Artıq İsrail prezidenti və baş naziri bəyan ediblər ki, Kürdüstan dövlətinin yaranması labüddür. Səudiyyə Ərəbistanı hökuməti isə artıq uzun müddətdi ki, malikinin devrilməsi üçün yerli siyasi qruplarla işləyir. Bu məsələdə S.Ərəbistanının Amerika ilə maraqları üst-üstə düşür.

Türkiyəyə gəldikdə isə müşahidəçilərə görə, Ankara daha əvvəldən Suriyada Bəşər Əsədin silah yolu ilə devrilməsi üçün qurulmuş koalisiyanın əsas iştirakçısı olub. Ərəb ölkələrinin maliyyə, insani Qərb dövlətlərinin silah və informasiya dəstəyi ilə yanaşı, Ankara Suriyada savaşmaq üçün gələn döyüşçülərin hazırlanması, daha sonra Suriyaya keçməsinə şərait yaradıb. Əsas hədəf Bəşər Əsədin devrilməsi olduğu üçün Ankara bu planda baş rollardan birini oynayıb. Bu mənada Suriyada savaşan və əsasən xaricdən formalaşan qruplaşmaların bir çoxu, o cümlədən Azad Suriya Ordusu kimi yerli qruplaşmalar da Türkiyədən geniş dəstək alıblar. Türkiyə hökuməti bu məsələdə ABŞ-ın Sovet-əfqan müharibəsi zamanı istifadə etdiyi taktikadan yararlanmağa çalışıb. O vaxt dünyanın bütün ölkələrindən gələn SSRİ düşmənlərini silahlandırıb, təlimatlandırıb Əfqanıstana göndərirdilər. Bu taktika sovetlərin Əfqanıstanda faktiki, məğlubiyyəti ilə nəticələndi.

Ancaq eyni taktikanın İraqda və ya Suriyada hansı effekti verəcəyi aydın deyil, çoxqütblü oyunun sonrakı mərhələsinin Ankara üçün hansı nəticələr doğuracağı şübhəlidir. Bir real fakt var ki, uzun illər qonşularla sülh şəraitində yaşamağa çalışan Türkiyənin iki əsas qonşusunda İraq və Suriyada xaos və dəhşətli müharibə var. Bu durum Türkiyənin özü üçün də təhlükə vəd edir.

Və son olaraq bir neçə ay əvvəl Suriyada döyüşən azərbaycanlıların etirafına əsasən hazırda bu ölkədəki radikal silahlı qruplaşmalarda 250 nəfərədək azərbaycanlı var. Onların 60 faizi məhz İŞİD-in tərkibində savaşır. Ancaq müharibə şəraitində, dəqiq araşdırma olmadığı üçün bu rəqəmlər xeyli dərəcədə şərti sayılır və hər gün Suriyaya kimlərinsə getməsi haqda xəbərlərin gəlməsi azərbaycanlı savaşçılarla bağlı dəqiq rəqəm əldə etməyə imkan vermir. Bir fakt var ki, hazırda bu qruplaşmalara qoşulmaqla bağlı çağırışlar daha da aktivləşib, xüsusən də sosial şəbəkələrdə İŞİD-i dəstəkləyən həmvətənlərimiz çoxdur. Bu günlərdə isə İŞİD-in Azərbaycan nümayəndəsi təyin etməsi ilə bağlı xəbərlər yayılıb.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm