ÜST-ün prezidentindən koronavirusla bağlı MÜHÜM XƏBƏR
Bizi izləyin

Dünya

ÜST-ün prezidentindən koronavirusla bağlı MÜHÜM XƏBƏR

“Kovid-19-un pandemiyaya çevrilməsi təhdidi realdır”.

Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adanom Qebreyesus deyib.

Çindən dünyaya sürətlə yayılan və 110 min insana yoluxan yeni tip koronavirusla bağlı danışan qurum rəsmisi Kovid-19-un hələ ki, pandemik xəstəlik kateqoriyasına daxil edilmədiyini, amma bu ehtimalın gerçəkləşə biləcəyini bildirib: “Çox insanın və ölkənin bu xəstəlikdən əziyyət çəkməsi qəti şəkildə narahatlıq doğurur. Pandemiya təhlükəsi var. Amma koronavirus tarixdə nəzarətə götürülə biləcək ilk pandemiya ola bilər. Bu ana qədər dünya miqyasında müəyyən edilən bütün faktların 93%-i sadəcə 4 ölkədədir. Bu, qlobal miqyasda nizamsız bir epidemiyadır”.

Qebreyesus Kovid-19-a yoluxanların çoxunun sağaldığını diqqətə çatdırıb: “ ÜST 57 ölkəyə qoruyucu ləvazimatlar yollayıb, daha 28-nə göndərməyə hazırlaşırıq. 120 ölkəyə laboratoriya ləvazimatları göndərdik. Bu savaşda qalib gələ bilərik”.

Pandemiya nədir?

Pandemiya (yun. πανδημία - bütün xalq) yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip) bütün ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çoxunu bürüməsinə deyilir.

Ən sadə izahıyla, dünyada eyni vaxtda çox sayda insan həyatını təhlükə altında qoyan yoluxucu xəstəliklərə verilən addır. Söz xəstəliyin təhlükəsini deyil, yayılmasının miqyasını təyin edir. Yalnız yoluxucu xəstəliklərə aiddir.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) verdiyi izaha görə, xəstəliyin pandemiyaya çevrilməsi üçün təxminən üç meyar olmalıdır:

1) yeni virus olması

2) asanlıqla insanlara keçməsi

3) insandan insana asan və davamlı ötürülməsi

Bəzi səhiyyə mütəxəssisləri yeni tip koronavirusun bütün bu meyarlara cavab verməyə başladığını söyləyirlər.

Pandemiya və epidemiya arasındakı fərq nədir?

Epidemiya nəzarətdən çıxan hər hansı problemi təsvir etmək üçün istifadə edilən ümumi konsepsiyadır. Tibb sahəsində bir bölgədə, cəmiyyətdə və ya bir qrup insanda hər hansı xəstəliyin yayıldığı görüldükdə, bu, epidemik virus hesab olunur.

Pandemiya isə bölgələr və qruplar üzrə coğrafi yoluxma deməkdir. Bir ölkəyə və ya bütün dünyaya təsir edən xəstəliklər üçün istifadə olunur.

Qeyd edək ki, 2009-cu ildə donuz qripi pandemiya xəstəliyi elan edilmişdi. Mütəxəssislər yüz minlərlə insanın H1N1 virusundan öldüyünü bildirmişdilər.

Tarixdə hansı pandemik xəstəliklər olub?

Pandemik xəstəliklərin yaranması bəşəriyyətə çoxdan məlumdur: bunlara məşhur “Qara ölüm” (14-cü əsrdə Avropada yayılan taun pandemiyası) və 1918-20-ci illərdə dünyada təxminən 100 milyon insana yoluxmuş “İspan qripi” pandemiyası daxildir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm