Kim Çen Inın bacısı bu bəyannaməni tənqid etdi
Bizi izləyin

Dünya

Kim Çen Inın bacısı bu bəyannaməni tənqid etdi

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın bacısı Kim Yo-conq Şimali Koreyanın təhdidləri ilə əlaqədar Cənubi Koreyaya nüvə silahı hücumunun qarşısını almaq üçün ABŞ-nin səylərini gücləndirən Vaşinqton razılaşmasını tənqid edərək, müttəfiqlərin planının yalnız "daha böyük təhlükə"ilə nəticələnəcəyini söyləyib.

Publika.az "Yonhap" agentliyinə istinadla xəbər verir ki, bu, Pxenyanın Cənubi Koreya Prezidenti Yun Sok Yolun ABŞ səfəri zamanı iki ölkə arasında imzalanmış Vaşinqton bəyannaməsinə ilk reaksiyasıdır. Kim Yo-conq Vaşinqton bəyannaməsinin Şimali Koreyaya qarşı hərəkətə keçmək üçün düşmən iradəsi əks etdirdiyini, bu cür yanaşmanın şimal-şərqi Asiyada və bütünlükdə dünyada sülhün və təhlükəsizliyin daha ciddi təhlükə altına düşməsinə səbəb olacağını söyləyib. Hakim Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin departament direktorunun müavini vəzifəsini tutan və iki Koreya arasında məsələlərdə böyük təsiri olan Kim Yo-conq Koreya yarımadasında təhlükəsizlik mühitinin dəyişdirilməsinə yönələn səylərin ölkəsini daha qəti addımlar atmağa vadar edəcəyini bildirib.

KXDR lideri Kim Çen Inın bacısı “Şimali Koreyanın ABŞ-yə, onun müttəfiqlərinə və tərəfdaşlarına nüvə silahı ilə hücumu Pxenyandakı hakim rejimin məhvinə gətirib çıxaracaq” sözlərini “ölkəsinin təhlükəsizliyi və gələcəyi üçün məsuliyyət daşıya bilməyən, gələcəyi olmayan yaşlı bir adamın mənasız bir ifadəsi” kimi qəbul oluna biləcəyini deyib.

Qeyd edək ki, Vaşinqton bəyannaməsi Şimali Koreyanın nüvə silahı ilə hücumu halında ABŞ-nin Cənubi Koreyaya dəstəyini əhəmiyyətli dərəcədə gücləndirməyi, operativ, əzici və qətiyyətli fəaliyyət göstərməyi vəd edir. Cənubi Koreya Prezidenti Yun Sok Yol Ağ Evdə amerikalı həmkarı Cozef Bayden ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, Amerika tərəfi Pxenyandan nüvə hücumu olacağı təqdirdə, qüvvələrini operativ şəkildə ölkəsində yerləşdiriləcəyinə əmin edib. O əlavə edib ki, ABŞ və Cənubi Koreya şimaldan gələn təhlükənin qarşısının alınmasından ötrü xüsusi planlar hazırlamaq üçün nüvə məsləhət qrupu yaratmaq barədə razılığa gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm