Şirkət sərnişinlərdən üzr istədi
Bizi izləyin

Dünya

Şirkət sərnişinlərdən üzr istədi

Kanadanın “Air Canada” aviaşirkəti əvvəlki uçuşda qusmuş sərnişinin təmizlənməmiş oturacağında oturmaq istəməyən 2 sərnişini təyyarədən endirdiyi üçün üzr istəyib.

Publika.az xəbər verir ki, avqustun 26-da “Air Canada” aviaşirkətinin Las-Veqas-Monreal reysində baş verən və avqustun 29-da “Facebook” sosial şəbəkəsində paylaşılan hadisə mətbuatda öz əksini tapıb.

Sözügedən paylaşımda əvvəlki reysdə qusmuş sərnişinin oturacağının yetərincə təmizlənmədiyi, qoxunu aradan qaldırmaq üçün ətir və toz qəhvədən istifadə edildiyi bildirilib.

Qeyd olunub ki, oturacaqların vəziyyətini görən 2 sərnişin məmurlarla məsələni dəqiqələrlə müzakirə etsələr də, təyyarə dolu olduğundan başqa yerə keçə bilməyiblər.

Məlumata görə, sərnişinlərə çirkli oturacaqları örtmək üçün yorğan verilib. Daha sonra pilotun sərnişinlərə şikayətlərini davam etdirəcəkləri təqdirdə, mühafizəçilər tərəfindən təyyarədən endiriləcəkləri və uçuş qadağası siyahısına salınacaqları barədə xəbərdarlıq etdiyi və sərnişinlərin endirildiyi öz əksini tapıb.

"Air Canada" isə mövzu ilə bağlı açıqlamasında hadisənin araşdırıldığını, prosedurlara düzgün əməl olunmadığını və sözügedən sərnişinlərdən üzr istədiyini bildirib.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm