QHT qanunu ilə bağlı fikir ayrılığı yaranıb
Bizi izləyin

Dünya

QHT qanunu ilə bağlı fikir ayrılığı yaranıb

“Biz də istəyirik ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun daim təkmilləşsin”. Publika.Az-a bu sözləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni Avropa Şurası Venesiya Komissiyası ekspertlərin aprelin 19-da Bakıda keçirilən seminarda təqdim etdikləri Azərbaycan QHT-ləri haqqında qanuna edilən düzəlişlər haqqında rəyi şərh edərkən deyib.

QHT-lərin qeydiyyatının daha da sadələşdirilməsinə tərəfdar çıxan Rauf Zeyni deyib ki, bu, yalnız beynəlxalq ekspertlərin tövsiyələri ilə bağlı deyil: “Azərbaycan QHT təmsilçiləri, ekspertlər də qanunda mütərəqqi dəyişikliklər olmasını təqdir edirlər. Qanun Azərbaycan Konstitusiyası ilə yanaşı beynəlxalq konvensiyalara da uyğun gəlnməlidir”.

Qanunda QHT-lərin maddi təminatı ilə bağlı məsələlərə də yenidən baxılmasını vacib sayan Milli QHT Forumu prezidentinin fikrincə, QHT-lərin siyasi və dini təbliğat aparmaqla bağlı qadağaya beynəlxalq ekspertlərin mənfi münasibəti düzgün deyil: "Çünki “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 2-ci maddəsində konkret göstərilib ki, QHT-lər siyasi hakimiyyət uğrunda mübarizə aparmır.

Vətəndaş cəmiyyəti öz işi, özəl sektor da öz işi məşğul olmalıdır. Burada müəyyən sərhədlər olmalıdır. Kimin nə istəməsindən asılı olmayaraq qanunlar Azərbaycan Konstitusiyasına müvafiq olmalıdir”.

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov Venesiya Komissiyasının ekspertlərinin fikirləri ilə tam razı deyil. O, hesab edir ki, QHT-lər siyasi hakimiyyət uğrunda mübarizə apara bilməzlər: “QHT siyasi partiya deyil. Onun prezidentliyə, deputatlığa namizəd irəli sürməsi düzgün deyil. Dünya təcrübəsində də bu belədir”.

Sahib Məmmədov QHT-lərin qeydiyyat müddətinin azaldılması təklifini normal qəbul edir. QHT-lərə dövlət təşkilatların və ictimai-siyasi və tarixi liderlərin adının verilməsi ilə bağlı məhdudlaşdırmalara gəlincə, Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri burada sui-istifadə hallarının olduğunu bildirib: “Bu məsələnin bir qədər tənzimləməyə ehtiyac var. Əgər Səməd Vurğunun vərəsələri mənə icazə vermirlərsə, nə haqqım var onun adını QHT-yə qoyum. Bu məsələdə qanunda düzgün tənzimlənib.

Orta əsrlərin dahi şəxslərinin adlarının QHT-lərə qoyulmasına gəlincə, bu məsələnin tənzimlənməsinə ehtiyac var. Bu məsələni hansısa bir quruma, məsələn Mədəniyyət və Turizm Nazirliyinə həvalə etmək olar. Təsəvvür edin ki, kimsə Nizami Gəncəvinin adına QHT yaratsın, sonra da dələduzluqla məşğul olsun”.

İctimai fondların təsis edilməsi şərtlərinin sadələşdirilməsi təkliflərinə də toxunan Sahib Məmmədov qeyd edib ki, bu fondların yaradılması üçün pul tələbi haqlıdır. O, həmçinin hesab edir ki, QHT-lər əlavə dəyər vergisindən azad olunmalıdır.

Avropa Şurasının Venesiya Komissiyasının ekspertləri dünən Bakıda keçirilən seminarda QHT-lər haqqında qanuna 2009-cu ildə edilən son dəyişiklikləri tənqid ediblər. Tənqid olunan məqamlar arasında QHT-lərə siyasi və dini təbliğat aparmaq qadağalar, QHT-lərə dövlət təşkilatların və ictimai-siyasi liderlərin adının verilməsinin məhddulaşdırılması, qeydiyyat müddətinin çox olması, ictimai fondların təsisi və şərtləri, habelə QHT-lərin maliyyə hesabatlılığı ilə bağlı sənədlərin sərtləşdirilməsi yer alıb.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm