Dünya
Yeraltı səltənətdə bir saat... - REPORTAJ
Aidin yeraltı səltənəti
Qədim yunan əfsanələrində yeraltı səltənətə hökmranlıq edən tanrı
Aid təsvir olunur. Guya bu səltənətə ölən insanların ruhları köçür.
Aidin ayaqları altında oturmuş üçbaşlı köpək hamını yeraltı
səltənətə buraxır, lakin heç kimi oradan qayıtmağa qoymurmuş...
Metronu həmin səltənətə bənzətmək ədalətsizlik olardı – çünki
adətən hamımız ora düşə də bilirik, ordan çıxmağımızda da elə ciddi
problem olmur...Amma dünya statistikasında hər 20-ci ölüm
hadisəsinin metroda baş verməsi kimi acınacaqlı reallıq da var.
Hətta"statik"lər bu məsələdə"rekord" sındıran şəhərin də adını
müəyyənləşdiriblər. Paris metrosu. Burada il ərzində 61 ölüm
hadisəsi baş verir.
Elmlər Akademiyası – tələbə, tələbə, tələbə...
Metro ən praktik və operativ nəqliyyat vasitələri sırasında xüsusi
yer tutur. Bu nəqliyyat növü sübh tezdən işə gedənlərin və gecə
yarısına qədər çalışan insanların işinə yarayır. Düzdür, indi Bakı
Metropolitenində gediş haqqı avtobusla gediş haqqından fərqlənmir.
Amma insanların rahatlıq baxımından çətin seçim qarşısında qoymur.
Son məlumatlarına görə, təkcə ötən yanvar-fevral ayında Bakıda
metrodan istifadə edənlərin sayı 8, 3 faiz artaraq 53, 6 milyon
nəfər təşkil edib. Biz də metronun ən gur vaxtında - iş çıxışında
sərnişinlərin sıxlığını görüb, onları söhbətə tutmaq qərarına
gəldik.
İlk üz tutduğumuz metro stansiyası əsasən tələbələrlə"bol" olan
Elmlər Akademiyası stansiyası oldu. Bu stansiyada axşam saat 6-dan
sonra vaqonlarda iynə atsan, yerə düşməz. Qatarın gec gəlməsindən
istifadə edib müşahidələr apardıq. Üç universitet tələbəsi öncə
maşinist istiqamətində qatarı gözləsələr də, 3 dəfə vaqona minə
bilməmələrindən məyus olub, mərkəz istiqamətinə yol aldılar.
56 yaşlı Zəhra Quliyeva ilə onun iş yoldaşı Gülsənəm Əliyeva
metroda sıxlıqdan şikayətçidirlər:"Hər gün eyni mənzərə ilə
qarşılaşırıq. Nə qədər qatar gəlir keçir, heç cür minə bilmirik.
Amma nə edək, saatlarla avtobusda tıxaclarda qalmaqdansa, metroda 1
saat qatar gözləməyə məcburuq".
Elə bu an qatar gəldi və tələsən xanımlar qatarın yenidən dolu
gəlməsinə dözməyərək bir təhər özlərini vaqona sala bildilər.
Xanımların hər ikisinin kök olmasını görən gənclər onları itələyib
vaqonun bağlanmasına kömək edirdilər. Bu an elə bir yaşlı kişi
qadınları"qucaqlayaraq" içəri basdı və nəhayət qapı bağlandı. Bu
mənzərə ətrafdakılarda gülüş doğurdu və bir neçə dəqiqə iş gününün
yorğunluğunu, stressini bununla çıxardanlar da oldu...
Maraqlı mənzərə iki dostun birinin vaqona girə bilməsi, digərinin
isə stansiyada qalması idi. Hər kəs bu iki dostun him-cimlə
bir-birlərinə nə isə izah etməsinə tamaşa edirdi. Vəziyyət əvvəl
gülməli görünsə də, sonradan stansiyada qalan gəncin əhvalının
pozulması gözümüzdən qaçmadı...
Qızların çantasına xüsusi maraqla baxan polis
Metroda söhbətləşdiyim 26 yaşlı həkim Cavid Hətəmov havasızlıqdan
şikayətçidir:"Bu basabasda havalandırma sisteminin də normal
səviyyədə olmaması əlavə çətinlik yaradır. Bu günlərdə 20
yaşlarında bir gənc qatar gedən zaman huşunu itirdi. Epilepsiya
xəstəsi olan oğlanı zorla həyata qaytara bildik. Metroda normal
nəfəs ala bilməyən insanların tənəffüs orqanlarında xəstəliklər
yaranır. Uzun müddət havasız şəraitdə qalan qadınların da dəfələrlə
huşunu itirməyinin şahidi olmuşam".
Elmlər Akademiyası stansiyasında platformada sıxlığın yaranmasının
bir səbəbi də eskalatorların işində ləngimələrdir. Səhər
saatlarında hər 3 eskalator işləsə də, iş çıxışı zamanı bu
eskalatorlardan biri"dincəlir". Sərnişinlərin narazı olduqları
məqamlardan biri təhlükəsizliklə bağlıdır.
Universitet tələbəsi Günel Behbudova deyir ki, polis dəfələrlə
böyük yükləri yoxlamadan buraxır:"Amma bizə gələndə çantamızın
dəmir brelokuna da irad tuturlar. Bir dəfə məni çantamı açmağa
məcbur etdilər. Mən də acıqla onun içərisində"prakladka" çıxarıb,
polisə göstərdim. Necə utandısa, ondan sonra mən çemodanla da
gəlsəm, yoxlamır. Birdə görürsən eskalatorun hansısa işləmir.
Millət dəyir bir-birinə. Başa düşə bilmirəm, bu qədər xərc çəkib
eskalator düzəldirlər, sonra da normal istifadəyə vermirlər".
Minəndə"Dərnəgül", düşəndə"İçərişəhər"
Bayaqdan üç tələbə qızın sonuncu vaqonlara tərəf getdiyini görüb
anladıq ki, onlar da mənzil başına gecikirlər. Stansiyadan birtəhər
minib, qarışıq və səs küylü stansiyalardan biri olan"28 May"
stansiyasında düşürük. Burada, ümumiyyətlə, sərnişinlərin
platformada dayanıb qatar gözləməsi mümkün deyil. Çünki
intervalları arasında uzun fasilələr olan qatarlar gəldikcə, sıxlıq
dözülməz olur.
Sərnişinlərin ən çox narazı olduqları məqamlardan biri
platformalarda qatarın getdiyi istiqamətin düzgün
göstərilməməsidir. 35 yaşlı müəllimə Pərvanə Bayramova bu
anlaşılmazlıq səbəbindən işə gecikdiyindən şikayət edir:"Müdirimə
başa sala bilmirəm ki, platformada"Dərnəgül" yazılır, sonra"28
May"-a çatanda dəyişir,"İçərişəhər" stansiyası olur. Yollarda tıxac
olduğu üçün ən sürətli nəqliyyat növü hazırda metrodu. Əvvəllər
belə problemlər az-az olardı, indi demək olar ki,
"Əhmədli"dən"Elmlər"ə gəlincə qatar yalan olmasın bir 5 dəfə
tuneldə dayanır. Adamın səbri tükənir".
Metronun"28 May" stansiyasında isə sıxlıq olmasına baxmayaraq
sərnişinlər yaranan problemin aradan qalxdığını bildirdilər:"Burada
hər zaman sıxlıq olur. Əsas odur ki, qatarlar tez-tez tuneldə
qalmasın. Əvvəllər belə hal tez-tez baş verirdi. Son vaxtlar bu
problem aradan qalxıb. Tıxacı yaradan əsas səbəb eskalatorların
işləməməsidir".
Qatarda olan yaşlılar isə qatar getdiyi vaxt reysin altından çıxan
cingilti səsindən narahat olduqlarını bildirdilər.
Təqaüdçü Elxan Aslanovun sözlərinə görə, bu səsə görə metroya
minmək istəmir:"Dəmirlərin bir-binə sürtünməsi nəticəsində çıxan
səs adamın beynini dağıdır. Hələ yaxşı ki qulaqlarım yaxşı eşitmir.
Onda bu səsə qulaq asmaq lap dəhşətli olardı. Bir də metroda
havasızlıq var. Adam nəfəs ala bilmir. Bizim ölkədə metro çox pis
vəziyyətdədir. Xarici ölkələrin əksəriyyətində olmuşam. Bizim metro
kimi bərbad metro görməmişəm".
Bakı Metropolitenində sərnişinin sıxlığı ilə fərqlənən stansiyalar
içərisində Nefçilər, Koroğlu stansiyalarının da adını çəkmək olar.
Amma hələlik bu iki stansiyadakı müşahidələrimizlə
kifayətləndik.
Bakı Metropoliteninin ümumi uzunluğu 34,6 km olan 2 xəttdən, 23
işləyən və iki tikilən stansiyadan ibarətdir, həmin stansiyaların
23 vestibülü var. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir.
Metropolitendə pilləkən zolağının ümumi uzunluğu 4000 metrdən artıq
olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin
ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin
nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə
yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır,
burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər
mövcuddur
Rihannanın metro sevgisi
Xarici mətbuatının yaydığı məlumata görə, dünya şöhrətli pop ulduz
Rihannanı metroda görənlər gözlərinə inana bilməyib. Müğənni yaxın
rəfiqəsinin yeni kolleksiyasının təqdimat mərasiminə qatılıb.
Mərasimdən sonra isə paytaxtda alış-veriş üçün müğənni metroya
minib. Pərəstişkarları müğənnini metroda görüncə təəccüblənib.
Rihanna pərəstişkarlarına avtoqraf verib. Qeyd edək ki, Rihannanın
metrodan istifadə etməsi adət halını alıb.
Metro humanizmi
Amma metroda müsbət hadisələr də baş verir. Ötən il şahidi olduğum
bir hadisə ilə yazımı bitirmək istəyirəm. Gənclik stansiyasında 20
yaşlarında gənc oğlan relslərin üstünə uzanmaqla özünü öldürmək
istəyirdi. O relsin üzərinə atlanan kimi platformada olan üç gənc
onun arxasında düşüb onu platformaya yenidən qaldırdılar və bununla
bir insan həyatını xilas etdilər. Dediyim odur ki, insanlığı hər
yerdə, hətta yer altında da göstərmək heç vaxt gec deyil...
P.S. Metro haqqında 10 maraqlı fakt
1. 2. Dünyanın ən qızğın stansiyası hesab olunan Tokionun İkebukuro
stansiyasından Sutkada 491 958 sərnişin keçir.
3. Yeraltı keçiddən 155 000 000 sərnişin istifadə edir bu isə
aviasərnişinlərin sayından 34 dəfə çoxdur.
4. Dünya müharibəsi zamanı (1941-1945) Rusiya metrosunda 150 uşaq
dünyaya gəlmişdir.
5. Dünyadakı metro reyslərinin uzunluğu 10 000 m-dir. Bu isə Şimal
qütbündən Ekvatora qədər olan məsafəyə bərabərdir.
6. Tokio metrolarının pik saatları qadınlar üçün təhlükəli hesab
olunur.
7. Barselonadakı metro tunellərinin diametri 12 metrdir. Orda
dünyanın ən qeydi-adi iki mərtəbəli poezdləri hərəkət edir.
8. Məkkədə ilk yeraltı keçid çəkilərsə 25 000 avtobusa ehtiyac
qalmayacaq.
9. Bilbaoda elektrik enerjisinin 33%-i qatarların dayandırılmasına
sərf olunur.
10. Dünyada 30 liniya metro maşinistsiz hərəkət edir. Bunlar
Avtomatlaşdırılmış şəkildə hərəkət edirlər.
Nailə RÖVŞƏNQIZI
Publika.Az
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO