• USD 1,7000 0,00% EUR 2,0046 -0,37%
    • GBP 2,2216 -0,38% RUB 0,0232 0,00%

Orta məktəblərdəki FIRILDAQLAR: “əlaçılar” qəbul imtahanından niyə KƏSİLİR?

Orta məktəblərdəki FIRILDAQLAR: “əlaçılar” qəbul imtahanından niyə KƏSİLİR?

2016-cı il tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97,19 %-nin qəbul imtahanlardakı nəticələri də çox zəif 0-199 bal intervalında olub.

“5” qiymətlə bitirən məzunların isə yalnız 47,55 %-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.

Bu fikirlər Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12 saylı buraxılışında öz əksini tapıb.

2015-ci ildə isə tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.02%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub. Məktəbi “5” qiymətlə bitirən məzunların isə yalnız 48.46%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.

Hər iki ildə də nəticələr təxminən eynidir. Hər iki ilin nəticələrini elan edərkən indiki DİM, keçmiş TQDK bunu qiymətlərin şişirdilməsi ilə izah edir.

Yəni 2015-ci ildə orta məktəbi “5”lə bitirənlərin 51.54 faizi bu qiyməti doğrultmayıbsa, 2016-cı ildə bu 52.45 faiz olub. 5-lərin özünü doğrultması halı artmaqdansa, azalıb.

Jurnalda indiki halda attestat qiymətlərinin qəbul imtahanlarında nəzərə alınmasının mümkün olmadığı vurğulanır: “İndiki halda ali məktəblərə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə biləcəyi bildirilir.

Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik”.

Attestat qiymətlərində bəzi fənlərin “5” olmasına buraxılış imtahanlarının nəticələrinin müəyyən qədər təsir etməsi, bu imtahanı Dövlət İmtahan Mərkəzinin keçirməsini nəzərə alaraq nəticələri şərh etmələri üçün DİM-lə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Dövlət İmtahan Mərkəzinin yalnız imtahan keçirilməsi ilə məşğul olduğunu bildirdi.

Təhsil eksperti Etibar Əliyev Publika.az-a açıqlamasında nəticələrin hər il belə aşağı olmasını ilk növbədə qiymət şişirdilməsi ilə əsaslandırıb: “Orta məktəblərdə tədrisin keyfiyyətinin inkişaf etdirilməsi üçün işlər görülsə də, bu problemin illərdir həll edilməməsinin səbəbi müəllimlərin qiymət şişirdilməsinə yol vermələri, dərsə bir o qədər məsuliyyətli yanaşmamaları ilə əlaqədardır. Bu göstəricinin bir səbəbi də repititor hazırlığı, şagirdlərin məktəb dərslərindən bəhrələnməmələri, bəzi fənlərdən qiymətlərinin şişirdilərək yazılmasıdır.

Bu nəticənin əldə edilməsi ildən-ilə çətinləşən test tapşırıqları ilə də əsaslandırıla bilər. Lakin monitorinqlər göstərir ki, qəbul imtahanlarında istifadə edilən testlərdə dərsliklərdən kənara çıxılmır. Bundan başqa, buraxılış imtahanları 3, qəbul imtahanları 5 fənndən keçirilir. Buraxılış imtahanlarının qəbul imtahanlarının nəticələrinə müsbət mənada böyük təsir göstərməsini demək bir qədər çətindir”.

Ekspert hesab edir ki, sadalanan problemlərin qarşısı alınmadan nəticələrdə ciddi dəyişikliklər olacağı inandırıcı deyil: “Hər halda məktəblərin problemləri var, nə qədər ciddi yanaşma olsa da, problem həll edilməyib. Məsələn, orta məktəblərdə buraxılış, ali məktəblərə sınaq imtahanları keçirilir, orta məktəblərə direktor təyinatında xeyli dəyişikliklər olub, müəllimlər diaqnostik qiymətləndirmədən keçirilir. Xüsusən də, bu məsələdə keyfiyyətli kadr, müəllimlərin maaş məsələsinin təsirini qeyd edirdik. Lakin son illər keçirilən diaqnostik qiymətləndirmələr müəllimlərin maaşlarına da müəyyən dərəcədə təsir göstərib. Bütün bunlar keyfiyyətə təsir göstərməlidir. Lakin heç bir təsir hiss edilmir. Burada görünən yeganə səbəb orta məktəblərdə qiymət şişirdilməsidir. Bu məsələ həmişə olub, onun qarşısını almaq üçün bir mexanizm düşünülməlidir. Hansı müəllim qiymət şişirdilməsinə yol verirsə, onun yazdığı qiymət özünü doğrultmursa, həmin məktəbin direktoru da başda olmaqla, müəllim də cəzalandırılmalıdır. Bu məsələləri ciddi şəkildə qaldırmağa ehtiyac var”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR