Direktor müavini olmaq istəyən müəllim nəticədən narazıdır - BŞTİ aydınlıq gətirdi
Bizi izləyin

Elm və təhsil

Direktor müavini olmaq istəyən müəllim nəticədən narazıdır - BŞTİ aydınlıq gətirdi

Bakı şəhəri üzrə direktor müavinlərinin işə qəbulu üzrə imtahanda iştirak edən namizəd Lətifə Qəhrəmanova nəticələrdən narazıdır.

Bununla bağlı o, Publika.az-a şikayət ünvanlayıb.

Lətifə Qəhrəmanova iddia edir ki, imtahandan uğurla keçsə də, müsahibə mərhələsində onu heç bir səbəb olmadan kəsiblər.

“Şəhid bacısıyam. 33 illik pedaqoji təcrübəm var. İmtahan mərhələsini uğurla keçsəm də müsahibə mərhələsindən keçə bilmirəm. Müsahibə mərhələsində verilən sualların 70-80 faizinə cavab vermişəm. Məndən daha az bal toplayan müəllim isə imtahandan keçib. Şəhid ailəsi olduğum üçün ikinci dəfə müsahibəyə girmək şansım oldu. Buna baxmayaraq yenə də keçmədim. Düşünürəm ki, müsahibədə uğurlu nəticə əldə edirəm, lakin məni heç bir əsas səbəb göstərmədən keçirmirlər. Şikayətimə isə baxılmır”, - namizəd bildirib.

İddia ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) sorğu ünvanladıq.

Cavab olaraq bildirildi ki, Lətifə Qəhrəmanova BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsində müsbət nəticə əldə etsə də, müsahibə mərhələsində mümkün 5 baldan 1,15 bal toplayaraq uğur qazanmayıb:

“Lətifə Qəhrəmanova 16.04.2024-cü il tarixində müraciəti əsasında BŞTİ-nin müdir müavini tərəfindən qəbul edilib. Qəbulun nəticəsi olaraq ona yenidən müsahibədə iştirak etmək imkanı yaradılıb. Təkrar müsahibədə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”ndakı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə əmək funksiyaları və ixtisas tələblərinə uyğun olaraq suallar verilib. Həmin müsahibədə namizəd mümkün 5 baldan 0,78 bal toplayaraq uğur qazanmayıb.

Qeyd edək ki, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində komissiya üzvləri tərəfindən qəbul edilmiş qərara əsasən 5 ballıq şkalaya uyğun olaraq 2-2,99 bal toplamış namizədlər əlavə təlimdən sonra təkrar müsahibəyə cəlb edilir. 3-5 bal arası nəticə göstərən namizədlər müsahibədən uğurla keçmiş, 0-1,99 bal nəticə göstərən namizədlər isə uğur qazanmamış hesab olunurlar.

Digər namizədlərlə bağlı informasiyalar şəxsi məlumat kateqoriyasına aid olduğu üçün yalnız namizədin özü tərəfindən müraciət daxil olarsa, onlara təqdim edilə bilər.

Onu da qeyd edək ki, şəffaf seçimlərə əsaslanan müsabiqədə uğur qazana bilmədiyinə görə adekvat olmayan təsir vasitələrinə (əsassız ittihamları ictimailəşdirmək, özünü qanunvericiliyə uyğun olmayan statusda təqdim etmək və s.) əl atmaq pedaqoji sahədə rəhbər vəzifədə çalışmaq istəyən namizədə uyğun davranış norması deyil.

Lətifə Qəhrəmanovaya tövsiyə olunur ki, növbəti müvafiq işə qəbul müsabiqələrinə qatılaraq özünü sınaya bilər”, - sorğuya cavabda deyilir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm