Polis Akademiyasında oxumaq istəyənlərin nəzərinə
Bizi izləyin

Elm və təhsil

Polis Akademiyasında oxumaq istəyənlərin nəzərinə

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının magistraturasında 2 illik təhsil üzrə əyani formada dövlət sifarişi əsasında magistratura pilləsi üzrə qəbul elan edir.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, artıq ikinci ildir ki, həyata keçiriləcək qəbul hüquqşünaslıq ixtisasının “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizasi” ixtisaslaşması üzrə 10 namizədin qəbulu keçiriləcək.

İmtahanlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının magistraturasında təhsilə namizədlərin seçilməsi və müsabiqəyə buraxılması Qaydaları”na əsasən aparılacaq.

Polis Akademiyasının magistraturasında təhsilə namizədlər daxili işlər orqanlarının hüquq ixtisası üzrə ali təhsilli, elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətə həvəsi olan, 45 yaşadək orta və böyük rəis heyəti sıralarından olan əməkdaşlar seçilir.

Əməkdaşların sənədlərinin qəbulu və tədris işlərinin tərtibatı onların xidmət etdikləri orqanda həyata keçirilir.

Seçim şərtlərinə uyğun gələn və təhsil almaq istəyən əməkdaş, sənədlərin qəbulu üçün müəyyən olunmuş müddətdə orqan rəisi (nizami polis hissəsinin komandiri) vasitəsilə Azərbaycan Respublikasının daxili işlər nazirinə raportla müraciət edir.

Naxçıvan Muxtar Respublikasının Daxili işlər Nazirliyi üzrə namizədlərin seçimi və sənədlərinin hazırlanması bu Qaydaların tələblərinə uyğun olaraq həmin orqanın müvafiq qurumları və müvafiq seçmə komissiyası tərəfindən təşkil edilir. Namizədlərin sənədləri DİN-in Baş Kadrlar İdarəsinə təqdim olunur.

İmtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na uyğun keçirilir.

Magistraturaya qəbul olunanlar Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə xidmət yerində tutduğu vəzifədə saxlanılmaqla Akademiyanın sərəncamına ezam edilirlər, onların əmlak və maliyyə təminatı tutduğu vəzifə üçün müəyyən olunmuş normalar həcmində saxlanılır.

Dinləyicilərin vəzifə və xidmət yerinin dəyişdirilməsinə, ştat ixtisarı ilə əlaqədar xidmətdən xaric edilməsinə yol verilmir. Təhsil müddətində dinləyicilər tutduğu vəzifə üçün müəyyən olunmuş həddə növbəti xüsusi rütbəyə nomenklatura aidiyyəti üzrə təqdim olunur, həmçinin Akademiya rəisinin səlahiyyətləri ilə mükafatlandırıla və ya intizam məsuliyyətinə cəlb edilə bilərlər.

Magistraturada təhsil proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarından müvəffəq qiymət almış və magistr dissertasiyasını müdafiə etmiş dinləyicilərə “magistr” elmi-ixtisas dərəcəsi, təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm