“Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)” kitabının təqdimatı oldu
Bizi izləyin

Elm və təhsil

“Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)” kitabının təqdimatı oldu

Azərbaycan Dillər Universitetində (ADU) beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin beynəlxalq münasibətlər kafedrasının dosenti Rafiq Abbasovun “Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)” kitabının təqdimatı keçirilib.

ADU-dan Publika.az-a bildirilib ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan və Çin münasibətlərinin ölkəmizin xarici siyasətində önəmli yer tutduğunu söyləyib. O, bu münasibətlərin yüksək səviyyəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb.

Aydın Mirzəzadə “Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)” kitabının ərsəyə gəlməsini yüksək qiymərləndirərək deyib: “Bu nəşri gələcəkdə Çinlə münasibətlərimizə dair buraxılacaq kitablar silsiləsində çox gözəl bir nümunə hesab edirəm”.

Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib ki, Çin Azərbaycanın haqq səsini müdafiə edən ən qüdrətli dövlətlərdən biridir. İki ölkənin dostluq və işgüzar münasibətlərinin formalaşmasının ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə şahidi olmuşuq: “Prezident İlham Əliyev hazırda bu münasibətləri layiqincə davam etdirir. Kitab Çin dilini, iqtisadiyyatını öyrənən, ümumiyyətlə, Çin haqqında məlumat almaq istəyən insanlar üçün nəzəri və praktik bir əsərdir. Hesab edirəm ki, kitab ulu öndər Heydər Əliyevin Çinə səfərləri dövründə müzakirə olunan məsələlərlə bağlı məlumat, bu dili öyrənənlər üçün dəyərli vasitədir”.

Çinin ölkəmizdəki səfirliyinin siyasi şöbəsinin müdiri Cen Hay Nin kitabın nəşri münasibətilə səfir Vey Cinhuanın təbriklərini çatdırıb. O, kitabın ərsəyə gəlməsində əməyi olan, ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasova təşəkkürünü bildirib.

Cen Hay Nin Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışıb: “Prezident Heydər Əliyev Çin-Azərbaycan diplomatik əlaqələrinin qurucusudur. O, Çinə daim dost münasibəti bəsləyib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Çinə səfərindən sonra dövlət rəhbəri Deng Xiaoping, eyni zamanda, Çin hökumətinin sədri Jiang Zeminlə birgə Çin-Azərbaycan münasibətlərinin tamamilə yeni dövrü başlandı. Bu münasibətlər Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında daha da inkişaf edib. Çində belə bir deyim var: “Bir quyudan su içdikdə həmin quyunun kim tərəfindən qazıldığını unutma”. Bu gün biz Çin-Azərbaycan dostluq münasibətlərini daha da genişləndirərkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin töhfələrini unuda bilmərik. Eyni zamanda, Çin-Azərbaycan münasibətlərinin daha gözəl inkişaf etməsi üçün töhfəmizi verməliyik”.

ADU-nun beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Aida Yusifzadə, rektorun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov, beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli, dosentlər Namiq Əsədov və Samirə İmanova təqdimatı keçirilən kitabın əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə nəşr edilmiş kitab Ümummilli Liderin Çin Xalq Respublikasına tarixə dönmüş rəsmi səfəri zamanı bu ölkənin ictimaiyyəti qarşısında, Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin Sədri Li Penin rəhbərlik etdiyi Çin Xalq Respublikasının (ÇXR) nümayəndə heyəti ilə görüşündəki çıxışlarına, Çinin milli bayramı münasibətilə keçirilən rəsmi qəbullardakı çıxışlara, Ümummilli Liderin tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransdakı nitqlərinə, Çinin rəsmi nümayəndə heyətləri, ölkəmizdəki ÇXR səfirləri ilə görüşlərindəki söhbətlərinə, həmçinin ÇXR rəhbərləri ilə yazışmalarına həsr olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm