Müsəlman torpaqları üçün can verən yəhudi övladı, hərbi dərs keçən rus müəllim...
Bizi izləyin

Elm və təhsil

Müsəlman torpaqları üçün can verən yəhudi övladı, hərbi dərs keçən rus müəllim...

Bir neçə ay əvvəl Rus Dram Teatrının aktyoru Aleksey Saprıkinin vəfatı ilə bağlı nekroloqu oxuyanda diqqətimi bir məqam cəlb etdi. Həyat yoldaşı ilə birgə uzun illər Rus Dram Teatrında aktyor və rejissor kimi çalışmış Saprıkin Qarabağ uğurunda döyüşlərdə yaxından iştirak edib, 1996-cı ildə ehtiyyata buraxılandan sonra isə 4 il müddətində Azərbaycan Texniki Universitetindəki Hərbi kafedrada hərbi müəllim işləyib.

Saprikinin müharibədə iştirakı mənə Qarabağ, Şuşa uğrunda canından keçmiş və bugünlərdə Bakıda heykəli ucaldılmış Albert Aqarunovu bir daha xatırlatdı. Ona görə yox ki, Saprıkin xristian, Albert isə yəhudidir. Ona görə ki, bu insanları bir amal, bir arzu birləşdirir. Qarabağı azad görmək, vətən torpaqlarına uzanmış mənfur əlləri kəsmək arzusu.

2019-cu il 8 oktyabr tarixində Aleksey Saprıkinin vəfatından sonra həyat yoldaşı, aktrisa Lyudmila Saprıkina ilə müsahibə almaq üçün çox çalışdım, lakin hər dəfə Lyudmila xanım hər dəfə qəhərə boğulurdu və danışmaq ixtiyarında olmadığını deyirdi. Nəhayət mərhum Qarabağ qazisinin xanımından bu sözləri ala bildim: “Aleksey Bakıda doğulub böyümüşdü, İçərişəhərdəki 134 saylı məktəbi bitirmişdi, Bakıya, Azərbaycana, vətəninə çox bağlı idi. O, vətəni üçün canından keçməyə hazır idi və məncə elə vətən uğurunda canından keçdi”.

Doğulanda xaç suyuna salınan, vəfat edərkən xristian qaydaları ilə üzüaçıq dəfnə aparılan Aleksey Saprıkinlə bağlı sonra daha geniş yazacağıma söz verirəm və bu yerdə Əmircanda doğulmuş, yəhudi ailəsinin 10 uşağından biri olmuş və Şuşa uğrunda canını fəda edən Albert Aqarunovun sözlərini xatırlayıram:

– Adın nədir?

– Albert.

– Hansı millətdənsən?

– Yəhudi.

– Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?

– Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram burda, daha heç nə məcbur eləmir.

– Bir vətəndaş kimi borcunu nədə görürsən?

– Gəlib torpağı qorumaqda.

– Nə qədər vuruşmağı düşünürsən?

– Müharibənin axırına kimi…

Bu dialoq yəqin gözünüzdə həmin videonu da canlandırdı. Tank üstündə, gülərüz, nikbin ovqat yaradan ruh halı ilə Albert Aqarunov. Mirşahin Ağayev və mərhum Çingiz Mustafayevin hazırladığı bu müsahibəni də, sonrasını da – “əsgərlərdən biri Albert bundan sonra nə vuruşacaq, nə sevəcək, nə də ki…” cümləsilə başlayan reportajını ilk izləyişim məktəbli dövrümə təsadüf edir. O görüntülərin məndə hansı hisslərin yaşatdığını xatırlayıram deyib, fikrimi həssas, emosional bədii cümlələrlə düzsəm, əvvəlcə özümü, sonra da oxucunu aldatmış olaram. Dəqiqliklə tək xatırladığım qəzəb idi. Milliyətindən, dinindən asılı olmayaraq daha bir Azərbaycan əsgərinin şəhidliyindən, növbəti məğlubiyyətimizdən doğan qəzəb. Ünvanı da ki, bəlli… Albert Aqarunov yaşasaydı, müsahibə verərdimi, bilmirəm. Bəlkə də videoda olduğu kimi “mən müsahibə verə bilmirəm” deyərdi. Bəlkə münasibəti fərqli olardı, onu da bilmirəm. Yenə də ömrümüzü “yeyən” “bəlkə”lər dolanbacı. Albert haqqında bildiklərimiz vurtual dünyanın bizə qazandırdığı imkanlar çərçivəsindədir. Nədir bunlar? Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu il Bakı şəhərində 10 uşaqlı ailədə anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin 8-ci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert, xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Qarabağ müharibəsi başlayarkən, 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə gedir. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edir.

Dostlarının, əsgər yoldaşlarının xatirələrinə istinad edəndə bir sıra maraqlı faktlardan agah oluruq. Məsələn, Albert Qarabağ müharibəsində əfsanəyə çevirilməsindən, ölümündən sonra əsgər yoldaşlarının idarə etdiyi tankın adını “Albert” qoymasından… Albertin döyüşdüyü “Səbayıl” tank taborunun komandiri Hacı Əzimovun xatirələrindən: “T-72 tankları mürəkkəb idi. Albert öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədirdi. Onun tank döyüşündə bir metodu vardı ki, yoldaşları ona həmişə “yəhudi buterbrodu” deyirdilər. Erməni zirehli texnikası bir-birinə yaxınlaşandan sonra bir top mərmisi ilə iki texnikanı məhv etməsinə belə bir bənzətmə vermişdilər. Şuşaya hücum edilən vaxt, 9 tank, 7 BMP və bir çox texnikanı məhv etdi. Ermənilər onun başına pul mükafatı qoymuşdular. Albertin sonuncu döyüşü 8 may 1992-cu ildə Şuşa uğrunda oldu. O gün Azərbaycan tərəfi çox sayda yaralı və şəhid verir. Albert mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir”.

“Ən nifrət etdiyi şey – aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi”

Albert Aqarunovun ailəsi hazırda İsraildə yaşayır. Milli qəhrəmanın qardaşı Rantik Aqarunovl müsahibəsində qardaşının uşaqlıq və gənclik illərini belə xatırlayır: “Albert ailəmizin sonbeşiyi idi. Çox sakit, mehriban uşaq olub. Böyüklərə yardım etməyi sevərdi. Hamı ilə nəzakətli davranışına görə qonşularımız onu xüsusilə sevərdilər. Qəlbi uşaq kimi kövrək idi. Bəlkə də elə bu səbəbdən bir qədər böyük yaşda bacı-qardaşlarının uşaqlarının nazı ilə oynamaqdan, onlara maraqlı hekayələr danışmaqdan zövq alardı. Çox erkən yaşlarından musiqilə maraqlanırdı. Hətta musiqi məktəbində nəfəs aləti – truba sinfini bitirmişdi. Lakin gələcək karyerasını, həyatını musiqiyə bağlamaq fikri yox idi. Yeniyetmə yaşlarından zəhmətkeş olub. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edirdi. Amma bu, onun dostlarına da zaman ayırmasına, onlarla əylənməsinə mane olmurdu. Çünki, Albert kifayət qədər açıq, ünsiyyətçil, eyni zamanda olduqca sadə biri idi, arzuları kimi. Həyatdan tək istəyi adi insan xoşbəxtliyi, uğurlu işi və doğulub-böyüdüyü ailəsi kimi ailəyə sahib olmaqdı. Onun yeganə sevmədiyi, hətta deyərdim ən nifrət etdiyi şey – aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi. Və daxili ədaləti imkan verirdi ki, haqsızlıq gördüyü an düşünmədən haqlının müdafiəsinə qalxsın. Onu çox hiddətləndirən Qarabağ hadisələri, öz vətənini qoruma instinkti də istisna deyildi…”.

“Onu müharibəyə getmək fikrindən çəkindirməyə çalışdıq, amma…”

“Bir gün Albertin evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi hər birimizdə ani çaşqınlıq yaratdı. Ailə üzvləri bu xəbəri birmənalı qarşılamadı. Bir tərəfdən onun Vətənini müdafiə etmək çabaları qürurverici idi, bu istəyi dəstəklənirdi, digər tərəfdən də bütün ailə üzvlərinə qorxu hissi hakim kəsilmişdi. Erkən yaşda həyatını riskə atmasını istəmirdik və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışdıq. Amma nafilə…”.

Ailəsi Albertin döyüş yolu, qəhrəmanlığı haqda xatirələrdə hərbçi yoldaşlarına istinad edir. Yoxluğunun acısını yazılanlardan, deyilənlərdən çıxarmağa çalışır. “Cəbhə xatirələrini Albertin öz dilindən eşitmək, qələbəylə nəticələnən döyüşlərini onun paylaşmasını istərdik təbii ki. Lakin Tanrı onun qismətinə şəhidliyi yazdı. Xalq Cəhhəsinin nümayəndəsi qardaşımın ölüm xəbərini gətirdiyi o qara gün hələ də gözümün önündən getmir. Ailəmizin bütün üzvlərinə çox ağır zərbə oldu… Yeganə təsəlimiz Albertin xatirəsinin Azərbaycan xalqı, dövləti tərəfindən yüksək dəyərləndirilməsidir. Biz bunu hər an hiss edirik. Oxuduğu və hazırda da adını daşıdığı məktəbdə tez-tez Albertin anımına həsr olunmuş xatirə tədbirləri keçirilir. Həmin tədbirlərdən mütəmadi xəbərdar olur, fotolar alırıq. Ümumiyyətlə, bu illər ərzində mətbuatda yazılan məqalələr, onun xatirəsinə duyulan maraq, ailəsilə mütəmadi saxlanılan sıx əlaqələr, verilən layiqli dəyər göstərir ki, Albertin əməlləri unudulmayıb. Bu da bizi təbii ki, çox qürurlandırır. Xüsusilə deyim ki, qardaşımın xatirəsi təkcə Azərbaycanda yox, İsraildə də yad edilir, əziz tutulur. Xüsusilə də Azərbaycanda doğulub, böyüyən, hazırda isə İsraildə yaşayan miqrantlar tərəfindən. Biz də ailəsi olaraq Albert haqda əlimizdəki bütün materialları – xatirələr, video və fotoları gələcək nəsil və tarix üçün qoruyuruq”.

“Dini zəmində yaşanan fanatik nifrətin gələcəyi yoxdur”

Bu, Rantik Aqarunovun cavab reaksiyası idi. Yəni, bir müddət öncə sosial şəbəkələrdə milli qəhrəmanın milliyyətindən dolayı bir yəhudinin şəhid adlandırılmasına dair yazılan, deyilən təhqiramiz ifadələrə cavabı. Təkcə ailəsi deyil, sıravi vətəndaşların da kəskin etirazı qarşılıqsız qalmamalı idi. Qalmadı da. “Albertin xatirəsini ləkələmə cəhdlərini öyrənəndə kədər və qəzəbi eyni anda yaşadıq. Biz çox gözəl anlayırıq ki, hər şeyin arxasında dini zəmində yaşanan fanatik nifrətin ifadəsi dayanır və bu anormal hərəkətin gələcəyi yoxdur. Bu fikri yayanlar özləri də anlamadan düşmən dəyirmanına su tökmüş oldular. Erməni mətbuatı bu neqativliyi Azərbaycana qarşı istifadə etmişdi. Albertin ünvanına təhqiramiz ifadələr yayanların məsuliyyətə cəlb olunması üçün Azərbaycan rəhbərliyinə, Milli Təhlükəsizlik Nazrliyinə, eləcə də baş verənlərin aydınlaşdırılması üçün STMEQİ dağ yəhudilərinin mədəniyyəti və ənənələrinin qorunması beynəlxalq xeyriyyə fonduna müraciət etmişdik”.

“Səbayıl” tank taborunun komandiri Hacı Əzimov isə olanlarla bağlı hiddətini belə ifadə etmişdi: “Şəhidlik, Suriyaya gedib vuruşması, kimə və nəyə görə ölməsi bəlli olmayan zirvə deyil. Şəhidliyə, Vətəni və ailəsi uğrunda döyüşdə həlak olmaqla yüksəlmək mümkündür. Albert Aqarunov da Vətəni uğrunda döyüşərək şəhid olub. Bilməyənləri agah edim ki, Albert torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyurdu. Təhqir müəllifləri də belə cəsarətlidirlərsə, bizimlə – Albertin döyüş yoldaşları ilə görüşüb öz iddialarını üzümüzə desinlər”.

Albert Aqarunoviç Aqarunov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 833 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qarabağ şəhidi, Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.

Suraxanı rayonunda məktəb və Nərimanov rayonunda bir küçə Albertin adını daşıyır. Bu ilin noyabr ayında elə onun adının daşıyan mərkəzi küçədə Albert Aqarunovun xatirəsinə möhtəşəm abidə ucaldıldı. Abidənin müəllifi isə Azərbaycanın xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur. Qocaman heykəltaraş Albertin abidəsinin ərsəyə gəlməsi ilə bağlı deyir: “Albertin komandiri Akademiyaya gəlib mənə dedi ki, biz istəyirik Albert üçün büst düzəldəsiniz. Mən ona dedim ki, düzəldərik, ancaq büst yox, abidə. Qoy, şəhərimizdə Milli Qəhrəmanımıza abidə ucaldılsın. Bundan sonra vəsait ayrıldı. Ancaq o vəsait heç heykəlin materialının alınmasına çatmadı. Mən bu uşaqları çağırdım. Dedim, heykəli bunlar işləyəcəklər. Amma mən ideya verdim ki, böyük abidə olsun, tank və qaya olsun, bir də qəhrəmanın öz fiquru görünsün. Heykəlin hazırlanmasına ayrılan vəsait heç material alınmasına çatmadı. Albertin heykəlinin düzəldilməsinə öz cibimdən 8000 manat verdim”.

Azərbaycan xalqı üçün böyük işlər görmüş, nəhəng mənəvi dəyəri olan abidələr, heykəllər hazırlamış Ömər Eldarovun Albertin abidəsinin vaxtında hazırlanması üçün təmənnasız öz cibindən maddi dəstək olması bir Azərbaycan vətəndaşının torpağımız, vətənimiz uğurunda şəhid olan qəhrəmanımıza olan ehtiramı əks etdirir. Bu Ömər Eldarovun yox, bir azərbaycanlının qəhrəmanına, şəhidinə münasibətidir. Vətən uğrunda canını fəda edən hər kəs qarşısında maddi fədakarlıq nə qədər cılız olsa da belə…

Nizam Rza

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm