“Formula 1” pilotu olmaq niyə çətindir? - ARAŞDIRMA
Bizi izləyin

Formula 1

“Formula 1” pilotu olmaq niyə çətindir? - ARAŞDIRMA

Dünyaca məşhur “Formula 1” yarışlarının Azərbaycanda keçiriləcəyi xəbəri mətbuatda yayılanda bu məlumat cəmiyyətdə birmənalı qarşılanmadı. Buna qədər Azərbaycanda kiçik ölçülü avtoidman yarışları keçirilsə də, “Formula 1” başqa aləmdir və heç şübhəsiz, avtoidman növlərinin şahıdır. “Formula 1” istər tarix, istər tanınmaq, istərsə də peşəkarlıq baxımından nəinki avtoidmanın, eləcə də idmanın digər növlərini geridə qoyur. Cəmiyyətimizdə bu idman növü barədə köklü anlayış yoxdur. Lakin xırdalıqlarına qədər araşdırdıqda əslində bu işin arxasında nə boyda peşəkarlıq və zəhmətin dayandığını görürük. “Formula 1”də pilotlar yetərincə ön planda olsa da, bu komanda işidir və idmançının peşəkarlığı ilə yanaşı, onun idarə etdiyi bolidin hazırlanmasında mühəndislərin əməyi, yarış strategiyasının qurulmasında heyətin ortaya qoyduğu plan ümumi işin sadəcə bir hissəsidir.

Publika.az-da bu gün sizlərə məhz pilotlardan danışacağıq.

Bəziləri deyir ki, "Formula1" pilotu olmaq üçün peşəkar boksçu, basketbolçu və ya futbolçudan daha çox səy göstərmək lazımdır.

Yaxşı, bəs necə?!

Sadəcə bolid idarə edən şəxs kimi görünsələr də, pilotlar adətən idman dünyasının ən güclü və ən sağlam insanlarıdır. Belə olan halda sizcə, məsələ bu qədərmi sadədir?!

Pilotlar kartinq karyeralarından başlayaraq bir göz qırpımında qərar verəcəkləri bir çox hadisələrlə qarşılaşırlar. Onlar bu hadisələrə yüksək sürətlə, düzgün şəkildə reaksiya verməlidirlər. Bu, istedad, zəka, fədakarlıq və ambisiya tələb edən yüksək rəqabətli sahədir. Bütün bunlara əlavə olaraq, əlbəttə ki, ciddi maliyyə tələb olunur, lakin burada "bu, imkansızdır" deyə bir şey yoxdur.

İnam

“Formula 1” pilotları çox gənc yaşlarından trasa çıxırlar. Çoxları bir gün F1 şəbəkəsində olmaq arzusu ilə kartinq yarışlarında iştirak edirlər. Təəssüf ki, yalnız bir neçəsi bu yarışlarda özünə yer tapa bilir. Bu şanslı uşaqlar zəhmətə sadiq olan və məqsədlərinə çatmaqdan heç vaxt əl çəkməyən uşaqlardır. Bəziləri maliyyə hesabına müəyyən yerə qədər gələ bilsələr də, zaman keçdikcə tələb olunan meyarlara cavab vermədikləri üçün uzaqlaşırlar.

Risk

Bu idman gözlənilməz dərəcədə təhlükəli ola bilər. “Formula1” pilotu olmaq lazım gəldikdə qəfil, ölümcül situasiyaya uyğunlaşmağı tələb edir. Pilotlar istənilən çətin vəziyyətə hazır olmalıdırlar. Vaxt, reaksiya, risk və s.

Qidalanma

Qidalanma performansın əsas amilidir. Maraqlısı odur ki, pilotların pəhrizləri şəxsi məşqçiləri tərəfindən müəyyən edilir və hazırlanır. Qidalanmada üç zaman kəsiyinə diqqət edilir: yarışdan əvvəl, yarışda və yarışdan sonra.“Formula 1” dözümlülük idmanıdır və düzgün qidaları seçmək uğurun açarıdır.

Ürək-damar sistemlərində dözümlülük

Bütün pilotların yarışın heç bir yerində zəifləməməsi üçün çox səmərəli ürək-damar sistemlərinə malik olmaları vacibdir. Onlar idmanda dözümlülük və yüksək çətinliyə malik məşqləri birlikdə tətbiq edirlər.

Əzələ gücü

F1 bolidində pilotun bədəninə təsir edən təzyiq, G qüvvələri (gravitational force) ciddi sürətdədir və bədəniniz bunun öhdəsindən gələ biləcək qədər güclü olmalıdır. Bu idman əzələ dözümlülüyü və gücü üzərində işləyir. Yorulmadan sükanı sürətli hərəkət etdirərkən digər tərəfdən bir anda əyləc üçün yüksək qüvvə tətbiq etməyi bacarmalısınız.

Reaksiya və Konsentrasiya

F1 pilotlarının yaxşı işləyən sinir sistemi olmalıdır və yarışda yüksək sürətlə ətrafda baş verənlərə tez reaksiya verməyi bacarmalıdır. Onlar trekdə təkcə digər nəqliyyat vasitələrini deyil, həm də xəbərdarlıq bayraqlarını və izləri görə bilməlidirlər.

Zehin

F1 pilotları üçün təkcə fiziki güc kifayət etmir. Zehni quruluş zaman keçdikcə dəyişməməlidir. Bu, hər yarışın başlanğıcında dəyişə bilər. Məsələn, qalib gəldikdən sonra növbəti yarışa daha özgüvənli gedə bilərsiniz, məğlubiyyət zamanı da bu keçərlidir. Yəni, motivasiyaya və dolayısı ilə uğura gedən yol sağlam zehindən keçir

Düzgün ünsiyyət

Siz qarajda mühəndislərlə eyni bilik və anlayış səviyyəsində danışa bilməlisiniz. Bu, mühəndislərə sorğularınızı tez və dəqiq şəkildə anlamağa və həyata keçirməyə kömək edir. Boliddən, trasdan kənarda da mətbuat və sponsorlarla yaxşı ünsiyyət qurmağı bacarmalısınız. Bu, idmanın maliyyə strukturu üçün vacib amildir.

Pilotlar barədə daha çox şeyləri saya bilərik, ancaq gördüyünüz kimi, yalnız güclü boliddən istifadə etmək kifayət deyil. Təbii ki, coğrafiya da vacib amildir. Bu gün Azərbaycanda uşaqlar arasında bu idman növünə maraq artmaqdadır. Bir gün “Formula 1”in ən möhtəşəm treklərindən biri olan Bakı trasında, məhz azərbaycanlı pilotu görmək ümidi ilə…

Aysel Məmmədova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm