“Zenith Energy” Azərbaycanda gündəlik hasilatını 219 barrel artırmağı hədəfləyir
Bizi izləyin

İqtisadi gündəm

“Zenith Energy” Azərbaycanda gündəlik hasilatını 219 barrel artırmağı hədəfləyir

Kanadanın “Zenith Energy Ltd.” şirkətinin törəməsi “Zenith Aran Oil Company Limited” tərəfindən Azərbaycanın quruda yerləşən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokdakı “M-45” nömrəli quyuda “Schlumberger” şirkətinin yeni nəsil elektrikli dalma nasosu quraşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, hazırda quyuda gündəlik hasilat 49 barreldir. Bu, şirkətin Azərbaycanda operatoru olduğu blokda quraşdırdığı ilk qurğudur.

“Zenith Aran Oil Company Limited” daha 11 quyuda bu qurğudan istifadə edəcək. Həmin qurğular “Baker Hughes” və “Schlumberger” şirkətlərində sifariş olunub. Şirkət bu qurğuların köməyi ilə 11 quyuda hasilatı gündəlik 219 barrel artırmağı hədəfləyir.

Xatırladaq ki, keçən ilin avqustunda “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokdan hasilatın pay bölgüsü sazişi çərçivəsində ilk neft hasil olunub.

Qeyd edək ki, 2016-cı il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.

Sazişdə “Zenith” şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.

“Zenith Aran Oil Company Limited” bütövlükdə “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm