Azərbaycan və Rusiya gömrükçüləri görüşdü
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan və Rusiya gömrükçüləri görüşdü

Xaçmaz şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri arasında növbəti işçi görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Publika.az-a bildirilib ki, Azərbaycanı təmsil edən nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Rusiya təmsilçilərinə isə Dağıstan Gömrüyünün Gömrük Tranzitinə Nəzarət şöbəsinin rəisi Zahidi Hacıyev rəhbərlik edib. Görüşdə, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Rusiya Dəmir Yolları” ASC-nin əməkdaşları da iştirak edib.

Görüşdə mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidinin sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində növbələrin aradan qaldırılması, şəxslər, mallar və nəqliyyat vasitələrinin intensiv qaydada buraxılışının təşkili, Azərbaycanla Rusiya arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi və bu istiqamətdə 2018-ci il mayın 31-də Dərbənd şəhərindəki görüşdə müəyyən edilən tədbirlərin icrasına dair məsələlər müzakirə olunub.

Tərəflər kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin “Samur” və “Yaraq-Qazmalar” sərhəd-buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsi, məntəqələrin qarşısında yaranan növbələrin operativ şəkildə aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər. Eyni zamanda, “Azərbaycan Dəmir Yolları” QSC-yə “Rusiya Dəmir Yolları” ASC-yə dəmir yolları ilə daşınan mallar barədə ilkin məlumat mübadiləsini tam həcmdə həyata keçirmək barədə razılıq əldə edilib.

Görüşün sonunda mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidinin sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələri önündə növbələrin aradan qaldırılması, şəxslər, mallar və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən intensiv qaydada buraxılışının təşkili və Azərbaycanla Rusiya arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsinə dair Protokol imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm