Azərbaycan dünya enerji təhlükəsizliyinə töhfə verib - Deputat
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan dünya enerji təhlükəsizliyinə töhfə verib - Deputat

20 Sentyabr - Neftçilər Günü münasibətilə neftçiləri ürəkdən təbrik edir, peşə fəaliyyətlərində uğurlar arzulayıram. 27 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox azı düşünürdü ki, Azərbaycan qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı ölkələrdən birinə çevriləcək.

Publika.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

Ekspert "Əsrin müqaviləsi" ilə bağlı vacib məqamlara toxunub:

"Müqavilənin operatoru kimi çıxış edən "BP" şirkəti ən çox paya malik idi: ingilislər 34,1% paya sahib ola bilmişdilər. Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdürülmüşdü: "Chevron-Texaco" (10,2%), "Lukoil" (10%), ARDNŞ (10%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), "TPAO" (6,8%), "Devon Energy" (5,6%), "Itochu" (3,9%), "Amerada Hess" (2,7%). Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilmişdi və 6,5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı. Müqavilə çərçivəsində "Çıraq" neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılmışdı. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barel neft ixrac edilməyə başlanılmışdı ki, bunun da 131 min bareli "Çıraq", qalanı isə "Azəri" yatağında hasil edilmişdi. Yeni əsrdən isə Azərbaycan "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail olmuşdu.

"Əsrin müqaviləsi" sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdi. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tankeri dünya bazarlarına çıxarıldı. Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istəyirəm ki, "Əsrin müqaviləsi" qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirməsinə imkan yaratdı".

V.Bayramov qeyd edib ki, "Əsrin müqaviləsi" ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi: " "Əsrin müqaviləsi"nin davamı və onun yaratdığı imkanlar kontektsində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı formalaşdırmaqdadır.

"Yeni əsrin müqaviləsi" çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, həm də bu sektora yardımçı sahələrin inkişafını stimullaşdıran amildir".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm