Düşməni vahiməyə salan TİF: Türkün özünə nə verəcək?
Bizi izləyin

İqtisadi gündəm

Düşməni vahiməyə salan TİF: Türkün özünə nə verəcək?

Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi inteqrasiyası istiqamətində daha bir tarixi addım atılıb. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın üzv olduğu Türk İnvestisiya Fondu (TİF) rəsmən yaradılıb.

Türk İnvestisiya Fondunun kapitalı birinci mərhələdə 500 milyon dollar olub. Bu fondda 5 ölkə bərabər paya malikdir.

Bildirilir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla həyata keçirilən TİF-in üzvlərinin sayına qarşıdakı dövrdə daha 4 ölkə əlavə olunacaq.

TİF-in yaradılması ilə bağlı aşağıdakı məlumatları dərc edilib:

"Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin hazırladığı fərman layihəsində tapdığımız təfərrüatlara görə, fondun məqsədi regional iqtisadi inkişafı təşviq etmək, regional ticarəti genişləndirmək və iqtisadi fəaliyyətə dəstək verməkdir. TİF on min hissəyə bölünəcək.

Qalan səhmlər hər il 3 bərabər hissə ilə ölkələrdən alınacaq. İstanbulda yaradılacaq Türkiyə İnvestisiya Fondunda sədr, icraçı direktor, idarə heyəti və şura olacaq.

Bəs TİF necə işləyəcək, hansı sektorlara və layihələrə diqqət yetirəcək?

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, hər bir səhm 50.000 dollar dəyərində olacaq:

“5 üzv dövlətin hər biri fonda 100 milyon dollar sərmayə qoyacaq. Müqavilə qüvvəyə mindikdən sonra 90 gün ərzində təsis ölkələr birinci tranşı ödəyəcəklər. Bu miqdarın hər ölkə üzrə 5 milyon dollar olduğu bildirilir”.

Ekspert qeyd edib ki, bu fond beynəlxalq statusa malik olacaq:

“İlkin mərhələdə Fondun 20 il müddətində fəaliyyət göstərilməsi nəzərdə tutulub. gərəkərsə bu, uzadıla bilər. Fondun türk dövlətləri birliyinin güclənməsində müstəsna əhəmiyyəti olacağı gözlənilir”

A.Nəsirlinin sözlərinə görə, fond ticarət, logistika, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı, yaşıl enerji və digər hazırda dünyanın maraqları çərçivəsində olan layihələrə investisiya yatıracaq:

“Hazırda, Orta Asiyada Rusiya ilə Çin arasında bazar rəqabəti gedir. Belə bir şəraitdə Türk İnvestisiya Fondunun yaradılması, Orta Asiyada yerləşən türk dövlətlərinin bazarda iştirakının dirçəldilməsinə bir töhfə verəcəyi gözlənilir. Ümumiyyətlə, bu investisiya fondu demək olar ki, türk dünyasında yeni tendensiyalara qucaq aça bilər”.

Ekspert deyib ki, hər hansı bir dövlətin ərazisində vacib logistik layihənin həyata keçirilməsi üçün ölkə təkbaşına bunun öhdəsindən gələ bilmir və bu fonda müraciət edir. Fond da həmin layihəni dəyərləndirəcək və münasib bildiyi halda bunun maliyyələşdirilməsinə başlayacaq:

“Yəni ilkin mərhələdən sonra bu fondun yığım kapitalı daha çox genişləndirilə bilər. Beynəlxalq maliyyə qurumlarının mütəxəssisləri qiymətləndirir ki, bir neçə ilə fondun kapitalı bir neçə milyard dolları keçə bilər. Yəni dünya maliyyə bazarı iştirakçıları da Türk İnvestisiya Fondunun perspektivləri barədə optimist fikirlər söyləyirlər”.

Aydan Beydullayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm