Azərbaycanda söz və mətbuat azadlığı: varmı, yoxmu?
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda söz və mətbuat azadlığı: varmı, yoxmu?

Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mediaya, jurnalistlərə azadlıq verilməlidir. Təbii ki, qanunları və etik normaları pozmamaq şərtilə. Lakin bu azadlığın hansısa çərçivələr daxilində olub-olmaması daim müzakirə obyektidir.

Mətbuat azadlığı necə tənzimlənməlidir?

Dünyada oluğu kimi, Azərbaycanda da son zamanlar söz və mətbuat azadlığı məsələsi gündəmdən düşmür. Bu məsələyə 2 kontekstdən yanaşmaq olar- söz və mətbuat azadlığı müəyyən çərçivələr daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki cəhətdən hər iki aspektdən yanaşmada problemlərin olduğu sirr deyil.

1.Media və söz azadlığına çərçivə qoyulduqda dövlət məmurları və başqaları bundan sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlədə bilirlər.

2.İfrat-azadlıq şəraitində də tam fərqli problemlər yaşanır. Jurnalistlər özü bu durumdan sui-istifadə edə bilər, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və korparativ maraqlar üçün yararlana bilər.

Belə antipod arqumentlər cəmiyyətdə və hökumət dəhlizlərində müzakirəyə çıxarılan diffamasiya məsələsini gündəmə gətirir. Beynəlxalq təşkilatların da bu məsələdə hökumətə təzyiqləri var. Amma hökumət rəsmiləri bunun qarşısına tutarlı əks-arqumentlər çıxara bilirlər. Çünki, ölkədə mediadan şəxsi məqsədləri üçün istifadə, şərəf-ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, özəl və işğüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarına kifayət qədər rast gəlinir.

Qeyd etmək lazımdır ki, söz və mətbaut azadlığının qırmızı cizgisini, təhqirlə tənqidin sərhədlərini dəqiq ayırd edə biləcək mexanizm yoxdur. Qanunvericilikdə də bir sıra ümumiləşdirmələr və qeyri-dəqiq ifadələrin yer alması problemi qəlizləşdirir. Bu durumda "media azadlığı necə tənzimlənməlidir", ya da "söz azadlığına hansısa çərçivələr qoyulmalıdırmı" sualları ortaya çıxır.

Bu məsələnin həll olunması üçün ideal olmasa da, sınaqdan çıxmış praktikalar yox deyil. Örnək olaraq, inkişaf etmiş ölkələrin təcrübəsi göstərilir. Düzdür, bu ölkələrdə media azadlığı azad cəmiyyətin qurulmasında, vətəndaş cəmiyyətinin bərqərar olmasında önəmli tədirlərə malikdir. Lakin, bu ölkələrin hamısında media qanunvericiliyi, jurnalistika ənənələri, ictimai münasibətlər sistemi eyni deyil. Eyni olan etik kodekslərdir ki, bu da məcburi xarakter və hüquqi status daşımır.

Bundan başqa, hər cəmiyyətin öz realıqları, mənəvi-psixoloji mühiti, ictimai qınağın səviyyəsi burada əsas yer tutur. Azərbaycan kimi ölkədə medianın spesifik xüsusiyyətləri, tarixi ənənələri var. Milli mediamız fərqli ictimai-siyasi formasiyalarda formalaşıb. Bu üzdən də dünya təcrübəsi ilə milli ənənələri uzalaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi tapılmalıdır.

Ultra-azadıq, yoxsa qırmızı cizgilər?

Bu gün mediamızda Qərb standartlarının tətbiqinə çalışılır, lakin hələ ki, bunun reallaşmasına çoxsaylı faktorlar maneə törədir. Burada jurnalistikanın maddi təminat və ictimai karyera baxımından perspektivli olmaması, peşəkar jurnalist çatışmazlığı, müasir jurnalistika təhsili və peşəkar təcrübə qazanma üçün imkanların azlığı, maliyyə müstəqilliyinin olmaması, reklam bazarının formalaşmaması, ictimai qınaq təcrübəsinin, obyektiv reytinq mərkəzlərinin yoxluğu, stereotiplərdən çıxmaqda çətinliklər kimi faktorlar önəmli rol oynayır.

Azərbaycanda mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet medianın sürətli inkişafı müsbət tendensiyalardandır. Lakin bu prosesin mənfi tərəflərini də qeyd etmək lazımdır. Yəni, kəmiyyət cəhətdən inkişaf var, keyfiyyət tərəfdən isə yox.

Azərbaycanda mətbuat azadlığından sui-istifadə halları son vaxtlar getdikcə artır. Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə belə bir sual çıxır- İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxara bilərmi? Bu suala cavab vermək üçün durumu nəzərdən keçirməyə ehtiyac var.

Faktiki olaraq, elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə olunur. Əvəzində sifarişli, qərəzli, cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir. Bu hallar isə öz növbəsində cəmiyyətdə digər problemlərin əsasını qoyur. Onlar hansılardır? Gəlin nəzərdən keçirək.

Tam nəzarətsiz, cəzasızlıq şəraitində, mətbuat vasitəsinin dövlət orqanından icazə alınmadan fəaliyyətə başlaya bilməsi, istədiyini yazması kimi ultra-azadlıq mühitində keçid dövrü yaşayan bir cəmiyyətdə və ölkədə aşağıdakılar baş verir:

1.Mətbuat vasitələrinin sayı ifrat dərəcədə artır, böyük bir jurnalist ordusunun ölkədə dolaşması ilə medianın və jurnalistlərin nüfuzu aşağı düşür.

2.Cəzasızlıq sindromu böhtan, təhqir, şantaj kimi halların çoxalmasına gətirib çıxarır ki, bu da cəmiyyətdə narazılıq yaradır, insan hüquqlarının pozulmasına səbəb olur.

3.Oxucu auditoriyasının parçalanması nəticəsində tirajlar aşağı düşür, gəlirlər azalır, peşəkar jurnalistlər bu sahədən uzaqlaşmağa və onların yerini diletantlar tutmağa başlayır.

4.Hətta təhlükəli siyasi, dini və digər təşkilatlar belə mətbu orqanlar təsis etməklə cəmiyyətdə zərərli ideyaları təbliğ edir, anti-milli, anti-dövlət təbliğatı aparırlar.

5.Bir çox qəzetlər yaranmış münbit şəraitdən maksumum yararlanaraq reketçiliklə məşğul olmağa başlayır və jurnalistikanı gözdən salırlar.

Media azadlığının tam boğulması zamanı isə fərqli problemlər meydana çıxır. Vətəndaşlar dövlətin işlərindən və ölkədə baş verənlərdən xəbər tuta bilmir. Bu zaman informasiyalar "simsiz teleqrafla" xalq arasında dolaşır, şayiələr baş alıb gedir, dövlətə inam azalır.

Beləliklə, ultra azadlığın və senzuranın olması şəraitində problemlərin yarandığı aydın olur. Lakin hər məsələdə "qızıl orta" deyilən bir praktika da var ki, əksər hallarda o, öz müsbət təsirini göstərir. Azərbaycanda bu üçüncü yolun seçildiyi aydın görünür.

Azərbaycanda mətbuat azadlığı necə başa düşülür?

Son vaxtlar mətbuatda ölkədə söz azadlığının olmaması və jurnalistlərin həbs olunması ilə bağlı yazıların sayı artıb. Bəli, belə hallar çox təəssüf ki, bizim ölkədə də yox deyil. Amma ədalət naminə deməliyik ki, bir çox hallarda müəlliflər dövləti, hakimiyyəti və xalqı təhqir edir və yazının sonunda da şikayətlənirlər ki, jurnalistlərə azad fikir səsləndirməyə imkan verilmir, mətbuata təzyiqlər var. Əslində, bu yazıların özü də ölkədə mətbuat və söz azadlığının olduğunu göstərir.

Burada bir problem var- bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuat azadlığını bəziləri özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayırlar.

Azad söz və mətbuat azadlığı ölkəmizdə olmasaydı, məsələn, dövlət məmurlarını tənqid və təhqir etmək mümkün olmazdı, 4 min KİV, on minlərlə internet saytı və bloqlar yarana bilməzdi. Belə olmasaydı, həbs olunan, cərimə olunan jurnalistlərin sayı-hesabı olmazdı, çünki ölkə mətbuatını izləyəndə hər gün yüzlərlə qanun pozuntusuna rast gəlmək olur.

Qərbdə dövlət məmurlarına bir məsələ aşılanır- aldığınız maaşın yarısı tənqid və təhqirlər dözməyiniz müqabilində verilir. Bizdə də məmurların jurnalistləri məhkəməyə vermə hallarına çox az rast gəlinir, halbuki, onların çoxu maaşlarının yarısını buna görə aldıqlarından xəbərsizdirlər.

Əslində, ictimai fiqurlara və ya yüksək rütbəli hökumət məmurlarına qarşı tənqidin hədləri demokratik jurnalistika kriteriyalarına görə o qədər genişdir ki, bəzi hallarda təhqirlər və ya özəl yaşama müdaxilə belə əsaslandırıla bilər. Avropa məhkəməsinin presedentləri bunu göstərir. Lakin bu demək deyil ki, media mənsubları bundan sui-istifadə etməlidirlər. Ən azı peşə etikası və cəmiyyətdə buna qarşı yarana biləcək mənfi rəy göz önünə alınmalıdır.

Jurnalist vəsiqəsi bəzi hallarda qoruyucu sipər kimi cibdə daşınır. Bəziləri hansısa cinayət əməllərinə görə ifşa edilərək həbs ediləndə bütün dünyaya həşir çəkirlər ki, "vay qoymayın, məni jurnalist olduğuma görə həbs ediblər".

Hətta, iri məbləğdə rüşvət aldığı yerdə yaxalanan "jurnalist"lərin həmkarları tərəfindən müdafiəsi halları da var. Bu, cəmiyyət üçün çox mənfi bir nümunədir. Əslində, belə "jurnalist"lərə qarşı mübarizəni ilk növbədə elə həmkarları- biz özümüz aparmalıyıq.

Bəs vətəndaş və ya məmur? Onlar niyə belə quldur "jurnalist"ə rüşvət verməyə məcbur olmalıdır? Çünki məmur rüşvət verməsə, belə mətbuat quldurları gedib qəzetdə ifşaedici yazılar yazıb döşəyəcək qabırğasına və olacaq el içində xar. İndi 9 milyonluq ölkəni qapı-qapı düşüb hər vətəndaşa əlli iki min şahid, sübut, fakt və dəlil göstərəsi deyilsən ki, elə deyil, belədir.

Təbii ki, qərəz, böhtanla yanaşı, bir çox məmurların cinayət və qanunpozma halları da olmamış deyil. Belə hallar haqda fakt əldə edən "jurnalist"lər (bəzi hallarda qəzetlər) müəyyən məbləğ müqabilində susmağı təklif edirlər. Bu faktların ictimailəşməməsi naminə tərəflər arasında bazarlıq baş tutur.

Vətəndaşlar isə, bəzən öz problemlərini həll etdirmək üçün bəzi "jurnalist"lərə rüşvət verir və problemi ictimailəşdirirlər. Bu kimi hallar bəzi sahələrdə məmur-vətəndaş münasibətlərinin arzuolunan səviyyədə olmaması, dövlət icra strukturlarında şəffaflıqla bağlı şübhələrin varlığı üzündən yaşanır.

"4-cü hakimiyyət"in 1-ci funksiyası

Ölkədə problemlərin varlığı heç kimə sirr deyil. Bu problemlər ən ali dövlət kürsülərindən, prezident səviyyəsində belə etiraf olunur. Lakin, dövlət və iqtidaryönlü qəzetlərə baxdıqda hansısa problemin, nöqsanın ortaya qoyulduğunu görmək olmur. Ya da bu, çox nadir hallarda olur.

İndi Sovet dövründəki kimi mətbuat yalnız dövlətin orqanı deyil. Minlərlə azad media vasitəsi, nəzarət olunması mümkün olmayan internet resursları, sosial şəbəkələr var, insanlar onsuz da baş verənlərdən xəbər tutur.

Əslində, rəsmi və iqtidaryönlü mətbuat nöqsanları, problemləri açıq göstərsə, həm bu problemlər həll olunar, həm də vətəndaşlarda dövlətə, dövlət mətbuatına inam güclənər. Ölkədə nöqsanlara və qanun pozuntularına qarşı güclü mübarizənin aparılması mətbuatın "4-cü hakimiyyət" srutusunu təsdiq etmək üçün ideal imkandır, çünki medianın yardımı olmadan bu proses öz hədəflərinə çata bilməz.

Jurnalist olaraq bizim əsas vəzifəmiz cəmiyyətdə gedən prosesləri dolğun və düzgün təqdim etməkdir. Qeyri-konstruktiv mövqedən, təhqiramiz ifadələrdən, təzyiqlərdən, yersiz iddialardan və şantajdan əl çəkməliyik. Cəmiyyətdə medianın, jurnalistlərin nüfuzünü qorumaq istəyiriksə, öz missiyamızı vicdanla yerinə yetirməliyik.

Qərbdə jurnalistləri "cəmiyyətin gözətçi köpəyi" adlandırırlar. Bu vəzifə şərəflidir və cəmiyyətin inkişafına böyük təsir göstərir. Azərbaycanda bütün jurnalistlərin bu təfəkkürə yiyələnməsi, medianın nəhayət öz funksiyasını yerinə yetirməyə başlaması ölkədə vətəndaş cəmiyyətinin qurulmasına böyük töhfə verə bilər.

Bu gün örnək göstərilən ölkələrdə də media tam azad deyil. Qərb mediası bütün dünyaya obyektivlik dərsi keçsə də, özləri öz dövlətlərinin maraqları naminə çox hallarda qeyri-obyektiv olmağı da bacarırlar.

Medianın 3 əsas vəzifəsinin olduğu məlumdur- məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək. Bunların hamısı önəmlidir, lakin hansının daha önəmli olması haqda uzun zamandır mübahisələr gedir.

Əslində, bu hər bir cəmiyyətin durumundan asılıdır. Bizim hazırki durumumuzda məlumatlandırma və maarifləndirməyə böyük ehtiyac var. Söhbət ciddi mediadan gedir. Əyləndirmə ilə məşğul olan bu sahədə ixtisaslaşmış media vasitələri hər zaman mövcud olur. Həm də bunun üçün mediadan başqa da vasitələr var.

Ümumiyətlə, fikrimizcə, medianın qəbul olunmuş bu 3 standart vəzifəsinin xaricində daha bir və ən əsas missiyası də var. Media sadə vətəndaşların səsini cəmiyyətə və dövlətə çatdırmalı, dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır.

Jurnalistikanın əsas kriteriyaları isə, obyektiv, tərəfsiz və... ən əsası vicdanlı olaraq çalışmaqla şərtlənir. Bu ana vəzifələri yerinə yetirmək olduqca çətin və təhlükəli məsələdir. Dünyada ən təhlükəli peşələrin ilk üçlüyündə jurnalistikanın da yer alması belə deməyə əsas verir. Məhz bu üzdən jurnalistika fədakar insanlar tələb edir.

Media heç zaman olmayan hadisəni göstərən "sehirli güzgü" ola bilməz və olmamalıdır. Dünya şöhrətli jurnalist Pol Stenlinin medianın təyinatı haqda bir tərifi var- "Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki, insanlar ora baxaraq bütün hadisələri olduğu kimi görür". Azərbaycana məhz belə media lazımdır.

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm