İqtisadi gündəm
Xoşbəxtin filmi - FOTO
Yanvarın 9-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt
Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filminin
təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri,
Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri
iştirak edib.
İkihissəli bədii-sənədli film Xoşbəxt Yusifzadənin “Ömrün illəri və
izləri” kitabı əsasında çəkilib.
Ssenari müəllifi Eldar İskəndərzadə olan bu ekran əsəri Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi ilə
“SOCAR-Media” İctimai Birliyi tərəfindən istehsal edilib.
Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsi üçün
gərgin əmək sərf etmiş görkəmli neftçi-alim, akademik Xoşbəxt
Yusifzadənin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası
haqqında ən maraqlı hekayətdir. “Fədakar” filmində adlı-sanlı
neftçinin ömrünün maraqlı anları, həyat yolu xronoloji ardıcıllıqla
təqdim edilir. Film əfsanəvi Neft Daşlarında, Bakı şəhərinin
ayrı-ayrı yerlərində, Azərbaycan Dövlət Neft Akademiyasında,
Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb.
Filmdəki obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva,
İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov,
Əlican Əzizov, Əliqulu Səmədov, Namis Şirməmmədov, Mirzə Ağazadə,
Şamil Süleymanov, aktyorlar Hikmət Rəhimov, Günəş Mehdiyeva, Könül
Şahbazova, Rauf Hüseynov və başqaları canlandırıblar.
Filmin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru
Rafiq Quliyev, məsləhətçisi Xalik Məmmədovdur.
Bakının qədim kəndlərindən olan Pirşağıda, anasının ad günündə
dünyaya göz açan Xoşbəxt Yusifzadənin ömür yoluna işıq salan bu
ekran əsərində o dövrün ab-havası da öz əksini tapıb. Belə ki,
minlərlə xoşbəxt ailələrə qənim kəsilən gözlənilməz həbslər bu
ailədən də yan ötməyib. Xoşbəxt dünyanı dərk edib özünü tanıyanda
atasını həbs ediblər və o, evini, ailəsini, gül üzlü övladlarını
birdəfəlik tərk etməli olub. Xoşbəxt atasını itirsə də özünü
itirməyib, gecəsini-gündüzünə qataraq oxuyub, öyrənib, özünü təsdiq
etməyi, kim olmasını və nəyə qadir olduğunu sübuta yetirib.
Anasının min bir əziyyətlə saxladığı bu ailə ayaqda durmağı
bacarıb. Hər zaman birinciliyə can atan Xoşbəxt, həm də el ruhunda
köklənib, özünü hər zaman doğulduğu torpağa, yaşadığı məmləkətə,
mənsub olduğu millətə borclu bilib.
Tamaşaçı filmə baxdıqca fədakar bir insanın ömür kitabını
vərəqləmiş olur. Böyük ustalıqla seçilmiş hər bir detal 85 illik
ömrün bütün eniş-yoxuşlarına işıq salır, tamaşaçı fədakarlığın,
zəhmətin nəyə qadir olmasının bir daha şahidi olur. Bu, həm də bir
həyat hekayəsidir. Ötənlərdən, oxuduqlarımızdan və gördüklərimizdən
fərqli olaraq müasirimizin həyat hekayəsi. Burada öyrəniləsi çox
şey var. Ən əsas düz yaşamaq, halallığa bağlı olmaq, ucaldıqca,
şöhrətləndikcə sadələşmək, təkəbbürdən, kin-küdurətdən, pislikdən
uzaq olmaq, seçdiyin peşəni dəyərə mindirmək, ən əsası isə
daşıdığın adın mənasını həyatda tapmaq - xoşbəxt olmaq.
Qəhrəmanın həyat yolu və xarakterinə uyğun, heç bir şişirtməyə,
pafos və süni müdaxilələrə yol vermədən ekranlaşdırılmış bu filmdə
bir insanın körpəliyindən, yeniyetməliyindən, gəncliyindən ahıl
dövrünə qədər bütün ömrü boyu onu izləyən məqamlar, mənfi və
müsbətindən asılı olmadan bütün detalları ilə öz əksini tapıb.
Filmə baxarkən bir daha əmin olursan ki, insanın bütün uğurlarının
mayasında çəkdiyi zəhmət dayanır.
Filmdə görkəmli geoloq alimin neft sənayesinin inkişafına verdiyi
töhfələr, yeni neft-qaz yataqlarının kəşf olunmasında xidmətləri
bir daha diqqətə çatdırılıb.
Bu ekran əsərində həm də bir Azərbaycan kişisinin böyük obrazı
canlandırılıb.
Böyük maraqla qarşılanan filmin təqdimatından sonra ARDNŞ-in
prezidenti Rövnəq Abdullayev bir daha Xoşbəxt Yusifzadəni təbrik
edərək ona uzun ömür, cansağlığı arzulayıb.
Sonra filmin yaradıcı heyətinə ARDNŞ-in fəxri fərmanları təqdim
edilib.
Bütün iştirakçılara minnətdarlığını bildirən filmin qəhrəmanı
Xoşbəxt Yusifzadə vurğulayıb ki, bu ekran əsərində ulu öndər Heydər
Əliyev və Prezident İlham Əliyev tərəfindən səslənən dəyərli
fikirlər əslində bütün neftçilərə ünvanlanıb. Bu, ölkəmizdə
neftçilərin əməyinə verilən qiymətin göstəricisidir.
Yaradıcı heyətin işini yüksək qiymətləndirən X.Yusifzadə deyib ki,
2 saatlıq film böyük bacarıq və zəhmətin bəhrəsidir: “Onlar bu
filmdə Xoşbəxti xoşbəxt kimi göstərməyə nail olublar”.
Sonda iştirakçılara filmin diski təqdim olunub.
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş