İqtisadi gündəm
Vaqif Səmədoğlunun vəfatı ilə əlaqədar rəsmi nekroloq imzalandı
Azərbaycan Prezidenti, dövlət rəsmiləri və ictimai xadimlər Vaqif Səmədoğlunun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Publika.az-ın məlumatına görə, nekroloqda deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) 2015-ci il yanvarın 28-də ömrünün 76-cı ilində vəfat etmişdir.
Vaqif Səmədoğlu 1939-cu il iyun ayının 5-də Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə Bülbül adına musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil almış, sonralar Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçmişdir.
Əmək fəaliyyətinə 1963-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Vaqif Səmədoğlu 1968–1973-cü illərdə “Azərbaycan Sovet Ensiklopediyası” Baş redaksiyasında incəsənət şöbəsinin müdiri, 1973–1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenarist, 1978–1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor, 1982–1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ədəbi hissə müdiri vəzifələrində çalışmış, 1992–1994-cü illərdə isə Azərbaycan Yazıçılar Birliyinin müstəqil “Oğuz eli” qəzetinin baş redaktoru işləmişdir.
Vaqif Səmədoğlu 2000–2010-cu illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Həmin dövrdə o, Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur.
Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr vermişdir. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaratmışdır. O, müraciət etdiyi rəngarəng mövzularda vətənin parlaq obrazını daim diqqət mərkəzində saxlayırdı.
Ədəbi tənqidin həmişə fikir poeziyası kimi yüksək dəyərləndirdiyi Vaqif Səmədoğlu lirikası bəşəriliklə milliliyi özündə birləşdirməklə, mənalı yaşamağa çağırması və düşünməyə sövq etməsi sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Müasir dövrlə ahəngdar surətdə sıx bağlanan sənətkar ənənə ilə novatorluğun vəhdətində, sərbəst şeirin də imkanlarından istifadə edərək, müasir insanın psixologiyasının dolğun və əhatəli təsvirinə nail olmuşdur. Səməd Vurğunun ədəbi varisi olaraq doğma dilin tükənməz imkanlarından ustalıqla bəhrələnən şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.
Vaqif Səmədoğlu teatr və kino üçün yüksək sənətkarlıq keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifi idi. Bədii vasitələrin əlvanlığına və təsir gücünə görə seçilən, diqqəti taleyüklü mənəviyyat problemlərinə yönəldən bu əsərləri ona dramaturq şöhrəti gətirmişdir.
Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Vaqif Səmədoğlu, eyni zamanda, ictimai xadim kimi də tanınırdı. O, azərbaycançılıq məfkurəsindən çıxış edərək mədəniyyətimizin inkişafı, milli mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.
Vaqif Səmədoğlunun ədəbi və ictimai-siyasi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali təltifləri olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.
Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Vaqif Səmədoğlunun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Kamal Abdullayev, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Anar Rzayev, Nizami Cəfərov, Səməd Seyidov, Fikrət Qoca, Çingiz Abdullayev, Söhrab Tahir, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub imzalayıblar.
Mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il yanvarın 29-da saat 12.00-dan 14.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında (Füzuli meydanı, 1) qoyulacaqdır.
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Hadisə08:10
Sumqayıtda PARTLAYIŞ oldu: 1 nəfər dağıntılar altından sağ çıxarıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO
-
ABŞ04:50
Tramp onları hədələdi: "Ağır bədəl ödəyəcəklər"
-
İdman02:43
UFC tarixinin səs-küylü sensasiyaları – VİDEO
-
Magazin201:23
Tanınmış meyxanaçı vəfat etdi
-
Qoroskop00:10
Günün qoroskopu: romantik anlar yaşanacaq