• USD 1,7000 0,00% EUR 1,8751 +0,02%
    • GBP 2,1685 +0,96% RUB 0,0264 0,00%

Arvadından boşanmasına səbəbkar olan həmkəndlisinə 15 bıçaq vurdu – LƏNKƏRANDA CİNAYƏT

  • Hadisə
  • 21 Fevral 2017 20:48
  • 1 323 Baxış
Arvadından boşanmasına səbəbkar olan həmkəndlisinə 15 bıçaq vurdu – LƏNKƏRANDA CİNAYƏT

Xüsusi amansızlıqla adam öldürməyə cəhddə ittiham olunan Lənkəran rayonu, Velədi kənd sakini, 1974-cü il təvəllüdlü İsaq Miriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, İsaq Miriyev həmkəndlisi Şəmsəddin Məmmədov tərəfindən əvvəllər döyülüb. Daha sonra Şəmsəddin İsaq Miriyevin digər şəxslər tərəfindən döyülməsini təşkil edib.

İntim münasibət

Həmçinin Şəmsəddin Məmmədov İsaq Miriyevin həyat yoldaşı Sevda Babayeva və qayınanası Məhəbbət Babayeva (hər iki şəxsin adı və soyadı şərti verilib - red.) ilə intim münasibətdə olub.

Məlum olub ki, Şəmsəddin Məmmədov İsaq Miriyevin həyat yoldaşı Sevda ilə ayrılmasına səbəb olub. İsaq Miriyev 17 aprel 2014-cü il tarixdə Lənkəran rayon məhkəməsinin qətnaməsi ilə həyat yoldaşından ayrılıb.

Qisas

Bütün bunlarla bağlı İsaq Miriyev Şəmsəddin Məmmədova qarşı kin-küdurət bəsləməyə başlayıb, onu öldürməklə qisas almaq qərarına gəlib.

Bu niyyətlə İsaq Miriyev 26 may 2016-cı il tarixdə, saat 20 radələrində bıçaq götürərək Velədi kəndi ərazisində “köhnə bağçanın yanı” adlanan yerə gəlib. Orada Şəmsəddin Məmmədovu gözləyib.

Şəmsəddin Məmmədov özünə məxsus idarə etdiyi “VAZ-21725” markalı avtomaşınla ora gəlib. Bu zaman İsaq Miriyev onu saxladıb və niyyətini gizlədərək Şəmsəddindən onu Velədi kəndində yaşayan qohumu Sərdar Babayevin evinə aparmasını xahiş edib.

15 bıçaq zərbəsi

Bundan sonra İsaq Miriyev Şəmsəddinin avtomaşınına əyləşib. Təxminən 50-60 metr getdikdən sonra Şəmsəddin Məmmədovun sükan arxasında olmasından istifadə edən İsaq Miriyev onu öldürmək məqsədi ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. İsaq Miriyev Şəmsəddin Məmmədova ümumilikdə 15 bıçaq xəsarət yetirib.

Bundan sonra Şəmsəddin Məmmədov imkan taparaq avtomaşından düşüb. İsaq Miriyev onun yerə yıxılmasını görəndən sonra öldüyünü güman edib və hadisə yerindən uzaqlaşıb.

Lakin Şəmsəddin Məmmədov təsadüfən rastlaşdığı həmkəndlisi Mübariz Hüseynov tərəfindən qısa müddətdə xəstəxanaya çatdırılıb. Ona vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edilib.

İsaq Miriyev Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

“İsaq bir qadına söz atmasına görə döyülüb”

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Şəmsəddin Məmmədov bildirib ki, həmkəndlisi İsaq Miriyev ilə münasibətləri təxminən 2011-ci ilin yazında pozulub: “Buna səbəb İsaqın oğlum Cahidlə kənd kafesində mübahisə edərək, onu döyməsi və buna görə də İsaqı ertəsi gün tənbeh edərək sifətinə bir-iki sillə vurmam olub. Bundan bir neçə gün sonra dəniz kənarında İsaqı bir qadına söz atmasına görə tanımadığı şəxslər döyüb. İsaq bunun mənim tərəfimdən təşkil edilməsindən şübhələnib. Bundan sonra İsaq mənə qarşı kin-küdurət bəsləməyə başlayıb. İsaq hamıya onu döydürdüyümü deməyə başlayıb, hətta öz arvadı Sevda ilə boşanmasına səbəbkar olmağımı düşünüb”.

“İsaq çox pərişan oldu”

Zərərçəkmiş şəxsin sözlərinə görə, hətta İsaq hadisədən 2 il əvvəl kənddə onun avtomaşınını daş-qalaq edib, maşından düşəndə özünə də əllə zərbələr vurub: “Bu hadisə ilə bağlı şikayətim üzrə cinayət işi açılıb və İsaq məhkəməyə verilib. 2016-cı ilin yazında İsaqla barışdıq. Bundan sonra İsaq müraciət edərək bir “ağsaqqal” kimi arvadı Sevda ilə barışdırmağı məndən xahiş etdi. Mən də kəndin mollasını, qohumlarını götürərək Sevdanın atası evinə getdim. Sevdanın atası və digər yaxın qohumları xahişimi qəbul etmədi. Bunu sonradan İsaqa bildirdim. İsaq bundan çox pərişan oldu”.

Şəmsəddin Məmmədov qeyd edib ki, mayın 26-da, saat 20 radələrində özünə məxsus “Priora” markalı avtomaşınla kənd yolu ilə gedərkən İsaqı görüb: “Buna görə də avtomaşını saxladım, hara getməsini soruşdum. İsaq qohumu Sərdargilə getdiyini dedi. İsaqı ora aparmaq üçün maşınıma dəvət etdim. İsaq maşına qabaq sağ oturacağa əyləşdi. Təxminən 100-150 metr getdikdən sonra İsaq gileylənməyə başladı. Həmin vaxt diqqətim yolda olub. Fikrimin dağınıq olmasından istifadə edən İsaq əvvəl qarın nahiyəmə, sonra bədənimin digər hissələrinə bıçaq zərbələri vurmağa başladı. Onun əlindən bıçağı almağa çalışdım. Qışqırdım ki, qoymayın, öldürdü, kömək edin. Bu hadisə həmkəndlilərim Tələtlə Fazilin evi yaxınlığında baş verib. İsaq mənə daha bir neçə zərbə yetirdi, onların əksəriyyəti qollarıma, biri dizimə, biri isə boğazıma dəyib. Axırıncı zərbədən sonra qapını açaraq maşından düşdüm və cibimdəki bıçağı çıxardım ki, onunla özümü qoruyum, hətta İsaqı vurum. İsaqa tərəf getmək istədim. Bu zaman aldığım xəsarətlərdən özümü saxlaya bilmədim, yerə yıxıldım. İsaq da bunu görərək heç nə demədən qaçdı”.

Şəmsəddin Məmmədov ifadəsinin sonunda xəstəxanaya aparılmasından, ona orada tibbi yardım göstərilməsindən danışıb. O, həmçinin qeyd edib ki, bu hadisənin səbəbini İsaq Miriyevin arvadı Sevda ilə boşanmasından sarsıntı keçirməsi, əsəbləri yerində olmadığı üçün boşanmasında onu günahkar hesab etdiyi üçün törətməsini güman edir.

“Arvadımla münasibətlərimin pozulmasına səbəbkar olub”

Təqsirləndirilən şəxs qismində ifadə verən İsaq Miriyevin Şəmsəddin Məmmədov ilə əvvəllər münasibəti yaxşı olub: “Lakin 2011-ci ildə Şəmsəddinin oğlu Cahidlə aramızda münaqişə baş verdikdən sonra münasibətlərimiz pisləşib. Şəmsəddin arvadım Sevda ilə 2014-cü ildə ailə münasibətlərimin pozulmasına səbəbkar olub. Şəmsəddinin bu hərəkətlərindən narazı qalmışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, mayın 26-da, təxminən saat 20 radələrində yaşadığı Velədi kəndindəki yolla evinə gedərkən Şəmsəddin idarə etdiyi “Priora” markalı avtomaşını onun yanında saxlayıb: “O, hara getdiyini soruşdu, sonra məni maşına dəvət etdi. Mən də Şəmsəddinin avtomaşınına əyləşdim. Yolda Şəmsəddindən arvadım Sevda ilə məni barışdırmaq barədə danışıb-danışmadığını soruşdum. Şəmsəddin də buna cəhd etdiyini, lakin Sevda barışmaq istəmədiyini mənə bildirdi. Şəmsəddinin dediklərindən əsəbiləşdim. Bu səbəbdən aramızda mübahisə başladı. Şəmsəddin bıçaq çıxararaq mənə yönəltdi. Dərhal Şəmsəddinin əlindən tutdum və bıçağı almağa çalışdım. Bu zaman bıçaq mənim əlimə dəyərək kəsdi. Buna baxmayaraq, Şəmsəddinin əlindən bıçağı aldım və avtomaşından düşərək bıçağı kənara atdım. Bir müddət sonra evinə yaxınlaşarkən evi yanında kənd sakinləri toplaşdığını, polis əməkdaşları olduğunu gördüm. Bu səbəbdən evə gəlmədim, kənd qəbiristanlığına getdim, orada səhərə kimi gözlədim”.

“Qəsdən bıçaqla vurmamışam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra evə gəlib: “Bu vaxt polis əməkdaşları gələrək məni saxladılar və onda bildim ki, Şəmsəddin bıçaq yarası ilə xəstəxanaya düşüb. Hesab edirəm ki, Şəmsəddinin əlindən bıçağı almaq üçün onunla mübarizə edərkən, bıçaq Şəmsəddinə ehtiyatsızlığı ucbatından dəyib. Şəmsəddinin avtomaşınına minərkən üzərimdə bıçaq olmayıb. Onu qəsdən bıçaqla vurmamışam”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsaq Miriyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İsaq Miriyev apelyasiya şikayəti verib.

O, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə aşağı həddə cəza təyin edilməsini xahiş edib.

İsaq Miriyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan ediblər. Qərara görə, İsaq Miriyevin apelyasiya şikayəti təmin edilməyib. (Teleqraf.com)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR