Sevdiyi qızı qaçırana 10 il cəza verildi, amma... - MƏHKƏMƏ
Bizi izləyin

Hadisə

Sevdiyi qızı qaçırana 10 il cəza verildi, amma... - MƏHKƏMƏ

O, məhkəmə zalından azadlığa buraxılıb.

Sevdiyi qızı qaçırmaqda təqsirli bilinən Siyəzən rayon sakini, 1994-cü il təvəllüdlü Əkbər Əlirzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Əkbər Əlirzayev 11 mart 2014-cü il tarixdə 1998-ci il təvəllüdlü Vəfa Məmmədovanı (ad və soyad şərti verilib - red.) evlənmək məqsədilə qaçırıb.

Sevdiyi qızı qaçırmaq planı

Bu məqsədlə o, saat 14.30 radələrində Vəfa Məmmədovanın hazırlıq məşğələsinə getdiyi Siyəzən şəhəri, H.Əliyev küçəsi, 29 saylı binanın 3-cü blokunun birinci mərtəbəsində gözləyib.

Vəfa Məmmədova ingilis dili müəlliməsi Ofelya Mürsəlovanın yaşadığı 56-cı mənzilə keçmək istəyərkən Əkbər Əlirzayev onun qolundan tutaraq buraxmayıb və taksi sürücüsü olan tanışı Nurlan Ağayevi olduğu ünvana çağırıb. Əkbər Əlirzayev Vəfa Məmmədovaya evlənmək üçün qaçırmaq istədiyini bildirib. Sonra o, qızı taksiyə əyləşdirib.

Əkbər Əlirzayev Nurlandan avtomobili Siyəzən şəhəri Xətai küçəsinə - “dəmir yolu” bazarının yanına sürməsini xahiş edib. Nurlan Ağayev də onları Əkbər Əlirzayevin dediyi yerə aparıb. Orada Əkbər Əlirzayev həmin yerə çağırmış olduğu başqa bir taksi sürücüsü – Tərlan Məmmədovun idarə etdiyi "VAZ 2105" markalı avtomobilə minməyi Vəfa Məmmədovadan tələb edib.

Əkbər Əlirzayev Vəfanı Tərlan Məmmədovun avtomobili ilə Bakı şəhərinə aparıb. Ertəsi gün, yəni martın 12-də Vəfa Məmmədovanın saxlanıldığı yer polis əməkdaşları tərəfindən müəyyən edilib.

Əkbər Əlirzayev və Vəfa Məmmədova polis əməkdaşları tərəfindən Siyəzən rayon polis şöbəsinə gətirilib. Elə həmin gün Vəfa Məmmədova valideynlərinə təhvil verilib, Əkbər Əlirzayev isə həbs edilib.

10 il cəza

İstintaq orqanı tərəfindən Əkbər Əlirzayevin barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Əkbər Əlirzayevin cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Əkbər Əlirzayevin Vəfa Məmmədovanı qəsdən qaçırması sübuta yetirilib. Məhkəmə ona 10 il cəza kəsib.

Hökmdən narazı qalan Əkbər Əlirzayev apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, Vəfa Məmmədovanı zorla qaçırmayıb. Onun şikayətinə görə, Vəfa Məmmədovanın razılığını alandan sonra evlənmək məqsədilə qaçırıb.

Əkbər Əlirzayev qeyd edib ki, Vəfa Məmmədova da onu sevib. Amma valideynlərinin təzyiqi ilə onun barəsində ittihamedici ifadə verib. Bu səbəbdən Əkbər Əlirzayev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sevdiyi qızı qaçırana bəraət

Əkbər Əlirzayevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq sonda qərar elan edib. Məhkəmə Əkbər Əlirzayevin günahsız olmasını sübuta yetirildiyi qənaətinə gəlib. Buna görə də onun barəsində bəraət hökmü çıxarılıb.

Məhkəmə Əkbər Əlirzayevin barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb. Bu qərardan narazı qalan prokurorluq kasasiya protesti verib. Prokurorluq protestində Əkbər Əlirzayevin həbs edilməsini tələb edib.

Prokurorluğun protesti araşdırılması üçün Ali məhkəməyə göndərilib. Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada prokurorluğun protesti təmin edilməyib. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm