Gənclərin küçə söz-söhbəti qanla nəticələndi - BEYLƏQANDA
Bizi izləyin

Hadisə

Gənclərin küçə söz-söhbəti qanla nəticələndi - BEYLƏQANDA

"Əgər elədiyin hərəkətin arxasinda durmağa duxun çatmırsa, o hərəkəti eləmə".

Qətl törətməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Cəsarət Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Cəsarət Rüstəmov 6 may 2015-ci il tarixdə, saat 12 radələrində yaşadığı Beyləqan rayonu, Tatallar kəndi ərazisində yerləşən mağazadan siqaret alıb geri dönəndə rayonun Eyvazalılar kənd sakinləri Rövşən Məhərrəmov və Nüsrət Məhərrəmovu görüb.

Cəsarət Rüstəmov onlara yaxınlaşaraq özünə heç bir aidiyyəti olmadığı halda hansı səbəbdən tez-tez kənd ərazisinə gəldiklərini soruşub. Bu zaman Rövşən Məhərrəmov ona kobud cavab verib.

“Ağsaqqal” gələcək

Cəsarət isə Rövşən Məhərrəmova əsəbiləşib və onlara münasibətlərinə aydınlıq gətirmək üçün birlikdə “Ayaq” adlanan körpünün üstünə getməyi təklif edib. Onlar birlikdə Cəsarətin dediyi yerə gediblər. Körpüyə çatdıqdan sonra Nüsrət Məhərrəmov tək olmadıqlarını, onunla danışmağa “ağsaqqallarını” da çağıracaqlarını deyib. Cəsarət Rüstəmov onlarla razılaşıb və dəvət edəcəkləri istənilən şəxslə görüşməyə hazır olduğunu bildirib.

Nüsrət Məhərrəmov saat 12:33-də özünə məxsus mobil telefonla Eyvazalılar kənd sakini Şəhriyar Abbasova zəng edib və baş vermiş mübahisə barədə ona məlumat verib. Nüsrət Şəhriyar Abbasovu “Ayaq” adlanan körpünün üstünə çağırıb. Şəhriyar Abbasov onlara gözləmələrini, bir azdan gələcəyini deyib.

Bu zaman həmin telefon danışığını eşidən Cəsarət Rüstəmov onu gözləməyənin ünvanına nalayiq sözlər işlətməklə qayıdacağını deyərək, dayısı Fikrət Talıbova məxsus, Tatallar kəndi ərazisində yerləşən fermanın yaxınlığındakı sahəyə gəlib.

“Telefonu aç işim var”

Tatallar kəndi ilə Eyvazalılar kəndinin sərhəd zonasının avtomobil yolunun kənarına gələn Şəhriyar Abbasov Cəsarət Abbasovun orada olmadığını görüb, ona dəfələrlə zəng edib.

Bundan sonra zəngləri cavabsız qaldığını görən Şəhriyar Abbasov Cəsarət Rüstəmova “telefonu aç işim var”, “Əgər elədiyin hərəkətin arxasında durmağa duxun çatmırsa, o hərəkəti eləmə”, “söyüş söymüsən ki, gəlirəm, gözləyin, indi özün basa düş, gör özünü nə yerə qoyursan, cavabını gözləyirəm” mətnli qısa sms göndərib.

Bu SMS-ləri oxuyan Cəsarət Rüstəmov Rövşən və Nüsrətə orada gözləmələrini, şəxsi işi ilə əlaqədar kəndə gedib, qayıdacağını deyib. O, yaşadığı Tatallar kəndinə tərəf gedib.

O, “İJK” modelli ov tüfəngini, həmçinin həmin tüfəngdə istifadə edilməsi üçün nəzərdə tutulan 2 ədəd patron götürüb. Cəsarət Rüstəmov yolda rastlaşdığı dayısı oğlu Səddam Talıbova onunla birlikdə getməyi təklif edib. Səddamla birlikdə saat 14.30 radələrində Tatallar kəndi ilə Eyvazalılar kəndinin sərhəd zonasının yaxınlığında yerləşən elektrik dirəyinin yanına gəlib.

Bu zaman kənddən həmin əraziyə qayıdan Şəhriyar, Nüsrət və Rövşən ona tərəf yaxınlaşıb. Şəhriyar Abbasov Rövşən və Nüsrətə tək söhbət edəcəyini bildirib.

Mübahisə

Buna görə də Şəhriyar Abbasov Cəsarətlə təxminən 10-15 metr kənara çəkilib. Bu zaman aralarında baş verən mübahisənin gedişində Şəhriyar Abbasov qəflətən onun əlindəki tüfəngin lüləsindən yapışaraq sağ qaş nahiyəsinə bir yumruq zərbəsi vurub.

Bu zaman Şəhriyar Abbasov tüfəngi onun əlindən almaq istəyib. Cəsarət tüfəngi özünə tərəf çəkib və lüləsini Şəhriyarın əlindən çıxarıb.

Güllələnmə

Bundan sonra Cəsarət Rüstəmov ona qarşı zor tətbiq etdiyinə görə qisas almaq üçün Şəhriyarı öldürmək qərarına gəlib. O, bu məqsədlə Şəhriyar Abbasova tərəf atəş açıb.

Güllə xəsarəti alan Şəhriyar Abbasov xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Şəhriyar Abbasov iyunun 7-də xəstəxanada vəfat edib.

12+1

Cəsarət Rüstəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəsarət Rüstəmov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində Cəsarət Rüstəmovun cəzasının ağırlaşdırılmasını istəyib. Zərərçəkmiş tərəf də eyni tələblə apelyasiya şikayəti verib.

Təqsirləndirilən Cəsarət Rüstəmov isə cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Əhməd Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, prokurorluq və zərərçəkmiş tərəfin şikayəti qismən təmin edilib. Cəsarət Rüstəmovun cəzası 13 ilə qədər artırılıb.

Cəsarət Rüstəmovun şikayəti təmin edilməyib. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm