"Nazir deyir ki, tutun, qoy bu dollarla alver məsələsi yığışdırılsın" - MƏHKƏMƏ
Bizi izləyin

Hadisə

"Nazir deyir ki, tutun, qoy bu dollarla alver məsələsi yığışdırılsın" - MƏHKƏMƏ

Məni birbaşa Çovdarovun otağına apardılar.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan “Real” MTK-nın müdiri olmuş və iş üzrə zərərçəkmiş şəxs kimi tanınan İlham Qasımov ifadə verib.

Dələduzluqda təqdirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilən İlham Qasımov məhkəmədə istintaqa ifadəsini təsdiq etdiyini söyləyib.

Məlumat üçün bildirək ki, İlham Qasımov azərbaycanlı milyonçu Gülağa Qəmbərova (Tənha) qarşı 19 milyon dollarlıq dələduzluqda təqsirləndirilərək həbs edilib.

İlham Qasımov qeyd edib ki, 2007-ci ildə tanımadığı bir nəfər ona zəng vurub: “Həmin şəxs dedi ki, qardaşın İslamla Tahir MTN-dədir, Akif Çovdarov sizi çağırır. Həmin şəxsdən Akif Çovdarovun kim olduğunu soruşdum, cavabında MTN-də idarə rəisi işləydiyini dedi. Bu hadisəyə qədər Akif Çovldarov ad-soyadlı şəxsi tanımamışam və onun haqqında ümumiyyətlə nəsə eşitməmişəm.

Axşam saat 20 radələrində MTN-in Parlament prospektində yerləşən inzibati binasına getdim. Girişdə Akif Çovdarovu soruşdum. Məni birbaşa Çovdarovun otağına apardılar. Akif Çovdarov dedi ki, qardaşın dollarla ev satıb, siz cinayət etmisiniz, mən qardaşını tutacam. Ona bunun cinayət olmadığını dedim.

Bu zaman Akif Çovdarov qardaşımı “podval”da toka verəcəyini bildirdi. Hədə-qorxu gəldi, sonda qardaşımın buraxılması üçün 500.000 dollar tələb etdi. Həmin pulu verməyə imkanımın olmadığını, tikintiyə hələ təzə başladığımı dedim. Lakin Akif Covdarov tez-tez telefonla danışaraq, “yox ey, nazir deyir ki, tutun, qoy bu dollarla alver məsələsi yığışdırılsın” sözlərini işlətdi.

Çox yalvar-yaxardan sonra Akif Çovdarov 250.000 dollar müqabilində qardaşımı və satış menecerini azad etməyə razılaşdı. 250.000 dolları kabinetində ona verdim. Həmin gün saat 21:30 radələrində qardaşım İslam və satış üzrə meneceri Tahir MTN-dən buraxıldı”.

İlham Qasımovun sözlərinə görə, MTN əməkdaşları növbəti dəfə 2009-cu ilin qışında MTK-nın Xan Şuşinski küçəsində yerləşən ofisinə gələrək onu və şirkətin sənədlərini aparıblar: “MTN-də Akif Çovdarov mənə qəzəbli şəkildə dedi ki, Rauf adlı şəxsə 150 min manat atmısan. Akif Çovdarovun dediyinə görə, Rauf Eldar Mahmudovun yaxın dostudur, nazirin otağında çay içir.

Rauf adlı şəxsi tanımadığımı desəm də, xeyri olmadı. Bu bəhanə ilə məndən yenə 250 min manat aldılar”.

İlham Qasımov bildirib ki, 2015-ci il sentyabr ayının 3-də və ya ya 4-də həyat yoldaşı Arifə Qasımova zəng edib və bir neçə silahlı adamların evinin qabağından, blokun çıxışında oğlu Nurlanı apardıqlarnı deyib: “Həmin şəxslərin MTN əməkdaşları olması heç ağlıma da gəlmədi. Bir qədər sonra telefonuma tanımadığım nömrədən zəng gəldi. Zəng edən özünü təqdim etmədi, bildirdi ki, Akif Çovdarov Nurlanın bizdə olduğunu, yanına gəlməyiniz barədə göstəriş verib.

Bu zəngdən sonra Akif Mustafayev adlı dostuma zəng etdim və ondan bu barədə kömək istədim. O, Eldar Mahmudovla yaxın dost idi. Akif Mustafayev sonradan mənə zəng vurdu, Akif Çovdarov guya oğlum Nurlanın narkotik maddə ilə tutuduqlarını və uşağın buraxılması üçün 300.000 dollar istədiklərini dedi. Cavab verdim ki, oğlum nəşə çəkirsə, tutsunlar, ancaq onun qanını yoxlatdıracam, pul da verən deyiləm. Bundan sonra Akif Çovdarov digər oğlum Lətifin vasitəsi ilə 50.000 dollar aldı və övladımı buraxdı”.

İlham Qasımovun sözlərinə görə, 14 sentyabr 2015-ci il tarixdə bacısı oğlu Kənanın “Sofıya” şadlıq sarayında toy mərasimi keçirilib, dostları Tofıq İbrahimov və Namiq Orucov da toya dəvətli olub: “Tofıq özü Moskva şəhərində biznes fəaliyyəti ilə məşğul olur, Rusiya Federasiyası vətəndaşıdır. Saat 22 radələrində şadlıq evinin 1-ci mərtəbəsində foyedə səs-küy eşitdim. Çoxlu sayda MTN əməkdaşları əllərində silah Namiqin qollarını buraraq döşəməyə uzatmışdı. MTN-çilər onu döymüşdü, sonra qoluna qandal vurulmuşdu. Tofıqin isə şadlıq sarayının qarşısnda olan 99-XE-999 dövlət qeydiyyat nişanlı avtomobilini və sürücüsü Gülağanı da MTN əməkdaşları tutaraq aparmışdllar.

Tofiq zəng edərək Akif Mustafayevdən Gülağanı və maşını buraxdırmasını xahiş etmişdi. Akifın bu işlərin sifarişçisi olduğuna əmin olduq. Tofıq narahat oldu və həmin gecə “Nar şərab” restoranında Akif Mustafayevlə görüşdü. Onlar Tofiqdən 1.000.000 dollar istədilər. Sonra Tofiq telefonda 300.000 dollar verməyə razılaşdığını dedi, məndən 1 aya qaytarmaq şərti ilə borc istədi. Həmin gün pulu düzəldə bilmədim. Sabahı gün 200.000 dolları Tofıqə verdim. Tofıq isə həmin pulu Akif Mustafayevə verərək, Akif Çovdarova göndərdi. Bundan sonra bildiyimə görə Gülağa özü gedərək Tofıqin maşınını MTN-dən götürdü”.

Qeyd edək ki, Akif Mustafayev “Akula Akif” ləqəbi ilə tanınıb. O, MTN rəhbərliyinə imkanlı şəxslər, sahibkarlar barəsində məlumat ötürürmüş. Bunun qarşılığında öz payını alırmış.

Məhkəmədə vəkillərin suallarını cavablandıran İlham Qasımov həmin toydan videogörüntülərin olub-olmamasına cavab verə bilməyib. İlham Qasımovun ifadəsinə görə, sonradan MTN əməkdaşları həmin görüntüləri alıblar və məhv ediblər.

Günün ikinci yarısında davam edəcək prosesdə İlham Qasımov proses iştirakçılarının suallarını cavablandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm