Anası başqa kişi ilə qaçan, atası intihar edən yevlaxlıdan DƏHŞƏTLİ ƏMƏL - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Anası başqa kişi ilə qaçan, atası intihar edən yevlaxlıdan DƏHŞƏTLİ ƏMƏL - ŞOK TƏFƏRRÜAT

Çayxanada qətl törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Sadiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Sadiq Məmmədov 11 avqust 2016-ci il tarixdə, günorta saatlarında Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən və əvvəllər ofisiant kimi işlədiyi “Şahin” adı ilə fəaliyyət göstərən çayxanaya gəlib.

Şit zarafat

Sadiq çayxanada dostları İntiqam Məmmədov və İlkin Ağakişiyevlə çay içib. Həmin vaxt Sadiq dostlarının yanında zarafatla söyüş söyüb.

Bu zaman çayxanada olan digər şəxslər və çayxananın sahibi Valeh Musayev Sadiqə özündən böyüklərin yanında söyüş söyməsinə görə iradını bildirib. Valeh dostlarının yanında Sadiqə “şərəfsiz” deyib, ondan çayxananı tərk etməsini tələb edib.

Təhqir və üzr istəmə tələbi

Sadiq dostları – İnqiam və İlkinin yanında onun ünvanına təhqiramiz, nalayiq sözlər işlətməsilə əlaqədar Valehdən qisas almaq niyyətinə düşüb. O, bu məqsədlə Valehi öldürmək qərarına gəlib.

Sadiq 12 avqust 2016-ci ildə, saat 17.30-da yaşadığı evin mətbəxindən götürdüyü bıçaqla Valehin işlətdiyi kafeyə gəlib. O, bir gün əvvəl dostlarının yanında onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir edərək alçaltmasına görə Valehdən üzr istəməsini tələb edib.

Qətl

Lakin Valeh onun və valideynlərinin ünvanına yenidən nalayiq söyüşlər söyüb. Bu zaman Sadiq üzərində gəzdirdiyi bıçaqla Valehin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. 16 bıçaq xəsarəti alan Valeh hadisə yerində ölüb.

Sadiq Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham edilib. Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

“Anam başqa kişiylə qaçdı, atam intihar etdi”

Təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq Məmmədov bildirib ki, atası Cəlil Məmmədov 1988-ci ildə Füzuli rayonundan olan Vəsilə Məmmədova ilə ailə həyatı qurub: “Ailədə iki uşağıq. Mən və bacım Fərqanəni bibim Almaz boya-başa çatdırıb. Mən və bacım dünyaya gəldikdən bir qədər sonra, yəni 1994-cü ildə anam başqa kişiyə qoşularaq qaçıb, atam da bununla əlaqədar özünü asaraq intihar edib”.

Sadiq Məmmədovun sözlərinə görə, avqustun 11-də, günorta saatlarında əvvəllər işlədiyi Valehin çayxanasında sinif yoldaşı İlkin, dostu İntiqam və həmin kafedə işləyən İbrahimlə çay içib: “Sinif yoldaşım və dostlarımla münasibətim yaxın olduğu üçün aramızda söyüş zarafatı etdik. Bu zaman çayxanada oturan tanımadığım yaşlı kişi mənə “ə heyvan, nə söyüş söyürsən” dedi. Həmin yaşlı kişiyə “ağsaqqal, burada hər kəs söyüşlə zarafat edir” ifadəsini işlətdim. Həmin kişi məni vurmaq istədi. Lakin sonradan fikrini dəyişərək geri qayıtdı. Bundan sonra çayxananın sahibi Valeh üzərimə gəldi, məni təhqir etməyə başladı. Valeh mənə “şəxsiyyətsiz” dedi və bildirdi ki, axşam saat 12-də burada olarsan, söhbətimizi edərik, səni vuraram”.

“Üzr istəməsini tələb etdim”

Sadiq Məmmədov Valehin həmişə üzərində bıçaq gəzdirdiyi bildiyini deyib: “Bunun üçün avqustun 12-də, saat 17.30-da ehtiyat üçün evdən mətbəx bıçağını götürərək Valehin çayxanasına gəldim. Valehdən ötən gün məni təhqir etməsinin səbəbini soruşdum. Ona “dünən axşam demişdin ki, gələrsən söhbətimizi edərik”, deyə bildirdim. Valehdən üzr istəməsini tələb etdim. Valeh heç bir söz demədi. Həmin vaxt Valehin köməkçisi İbrahim də orada idi. Valeh əsəbi şəkildə İbrahimi içəri otağa keçməyə məcbur etdi. İbrahim də arxa otağa keçmdi. Mən isə həmin vaxt çayxanadan çıxdım. Oradan uzaqlaşarkən Valeh ardımca valdeynlərimin ünvanına və “varyoxuma” söyüşlər söyməyə başladı. Buna görə də çayxanaya yenidən daxil oldum”.

“Dəfələrlə bıçaq zərbələri vurdum”

Təqsirləndirilən şəxs bildirib ki, həmin vaxt Valehin cibindən bıçaq çıxarmağa hazırlaşdığını görüb: “Valehdən cəld hərəkət etdim. Valeh cibindən çıxardığı qatlanan bıçağı açana qədər üzərimdə gəzdirdiyim mətbəx bıçağı ilə onun arxadan bel nahiyəsindən vurdum. Sonra Valeh yenə də əlindəki qatlanan bıçağı açmaq istəsə də, müqaviməti olmadığı üçün aça bilmədi. Valehin bıçağı açmasından qorxduğum üçün yenə onun qarın nahiyəsindən vurdum. Onun qarın nahiyəsindən qan axdığını gördüm. Bıçaq qana bulaşdığı üçün əlim sürüşdü və bıçaq sağ əlimin orta barmaqlarını kəsdi. Buna baxmayaraq Valehə dəfələrlə bıçaq zərbələri vurdum”.

“Məqsədim öldürmək olub”

Sadiq Məmmədov qeyd edib ki, Valeh onun ailə üzvlərini təhqir etdiyinə görə çox əsəbiləşib və acığını çıxmaq, özünü sakitləşdirmək üçün Valehə çoxsaylı bıçaq xəsarətləri yetirib: “Valehin həmin vaxt ayaq üstə qalmağa taqəti çatmadı və yerə yıxıldı. Valeh yerdə olarkən kürək nahiyəsindən bir neçə dəfə yumruqla vurdum və çölə çıxdım. Valehi bıçaqla vurmaqda məqsədim onu öldürmək olub. Səbəbi isə Valehin məni təhqir etməsi, valideynlərimin ünvanına nalayiq söyüşlər söyməsidir”.

“Qardaşımın qatilindən şikayətçiyəm”

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən İsmayıl Musayev bildirib ki, Sadiqi qardaşı Valehin işlətdiyi kafedə 2016-cı ilin iyun-iyul aylarında köməkçi işləyərkən tanıyıb: “Avqustun 12-də saat 16-17 radələrində İbrahim zəng edərək Valehin vurulduğunu və vəziyyətinin ağır olduğu üçün xəstəxanaya aparmaq üçün təcili yardımn çağırdıqlarını bildirdi. Hadisə baş verən yerə getdim, orada qardaşım Valehi qan içində yerə uzanmış vəziyyətdə gördüm. Bundan sonra təcili tibbi yardım maşını gəldi və xəstəxanaya apardılar. Avqustun 13-də Velehi dəfn etdik. Konkret nə səbəbə Sadiqin Valehi öldürdüyünü bilmirəm. Qardaşımın qatilindən şikayətçiyəm”.

17 il 6 ay cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Məmmədov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sadiq Məmmədov apelyasiya şikayəti verib.

O, barəsində olan hökmün ləğv edilməsini, daha yüngül cəza verilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Sadiq Məmmədovun şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm