Boğularaq ölən AİLƏNİN DRAMI: "Zirzəmidən gələn qoxuya milçəklər yığışmışdı" - - FOTOLAR
Bizi izləyin

Hadisə

Boğularaq ölən AİLƏNİN DRAMI: "Zirzəmidən gələn qoxuya milçəklər yığışmışdı" - - FOTOLAR

Sumqayıt şəhəri, Sülh küçəsi, 5-ci məhəllə, ev 18/11 ünvanında bir ailənin 6 üzvü dəm qazından boğularaq, dünyasını dəyişib. Ailə sözügedən ünvanda yerləşən 3 mərtəbəli binanın zirzəmisində yaşayırmış. Bu dəhşətli hadisə ilə bağlı yaranan müxtəlif fikirlərə aydınlıq gətirmək üçün Publika.az olaraq, həmin ünvana yollandıq.

Yol boyu həmin binanı təsəvvür etməyə çalışırdım. Üfunət iyi, ucuq-sökük, şəraitsiz zirzəmi… Hadisə yerinə çatanda ətrafda çox insan görmədik. Gördüyümüz qonşular isə hadisəni təsvir etməyə çətinlik çəkirdilər. Əvvəlcə həmin binaya girdik. İçəri daxil olan kimi kəskin qoxu insanı haldan-hala salırdı. Bir neçə dəfə cəhd etdikdən sonra nəhayət aşağı enib, ailə üzvlərinin dünyalarını dəyişdirdikləri mənzilin qapısına gəldik. Prokurorluq əməkdaşları tərəfindən möhürlənmişdi.

Qarşımıza çıxan qonşu dedi ki, hüquq-mühafizə orqanlarına o xəbər verib. Qadından ailə haqqında soruşduq. Dedi ki, ailə bura 2 ay əvvəl köçübmüş. Buna görə də heç kim onları tanımırmış:

“Mən də çox tanımırdım. Yalnız evin xanımı ilə (Hüseynova Yeganə) "salam-sağol"um vardı. Sakit ailə idilər. Təxminən yanvar ayı olardı, bu binaya köçdülər. Deyirlə, qaçqın, məcburi köçkün olublar. Amma bircə gəlinin Füzulidən olduğunu bilirdim. Əvvəl Xəzər bağları massivində yaşayıblar. Gəlin deyirdi, borcları olub, ev-eşiklərini satıb, gəliblər bu zirzəmiyə. Qonşulardan heç kimlə münasibətləri olmayıb. Çox çölə-bayıra çıxan adam olmayıblar. Hardasa 5-10 gün qabaq blokdan qəribə qoxular gəlməyə başladı. Bizim də belə şey ağlımıza gəlməz. Deyirdik, yəqin köhnə binadı, kanalizasiya xətlərində nasazlıq var, qoxunun da səbəbi odur. Sonra gördük ki, qoxu daha da ağırlaşır. Bir neçə dəfə qapılarını döymüşdüm, içəridən səs gəlsə də, qapını açan olmamışdı. İşıqları da yanırdı. Artıq martın 3-4 o qədər kəskin və ağır qoxu yaranmışdı ki, evlərimizdə otura bilmirdik. Məcbur olduq qonşularla JEK-ə müraciət etdik”.

Hətta bağlı pəncərədən qoxu o qədər kəskin hiss olunurmuş ki, bütün ətrafı milçəklər bürüyübmüş:

“Zirzəmi olsa da, kiçik bir pəncərəsi var. Ordan istədik evə baxaq, qoxudan yaxınlaşmaq mümkün deyildi. JEK işçiləri gələndə gördülər ki, qapını açan yoxdu. Vəziyyətdən şübhələndilər və aidiyyatı qurumları da çağırdılar. Polis, prokurorluq əməkdaşları gəldi əraziyə. Qapını sındırıb, içəri daxil olanda gördülər ki, hamısı ölüb. “JEK” işçiləri polislərlə birgə zirzəminin qapısını qırıb, içəri girəndə dəhşətli mənzərə ilə qarşılaşdılar. Rafiq Hüseynovun cəsədini hamamda, həyat yoldaşı Hüseynova Yeganənin cansız bədənini isə düz qapının ağzında tapdılar. Yəqin arvad çalışıb kömək çağırsın, amma elə qapının ağzında son nəfəsini verib. Ailənin qızı Hüseynova Sara isə ayrılıb gəlmişdi, 3 azyaşlı usağı vardı. Onların da cansız bədənləri yatdıqları çarpayıda idi”.

Ümumiyyətlə, ərazidə olanda gördük ki, burada bədbəxt hadisələr tez-tez təkrarlana bilər. Çünki buradakı binalarda zirzəmilərdə də yaşayış var. Hamsına da qaz çəkilib. Sakinlər deyir ki, binada istilik sistemi yoxdur. Evləri hər kəs fərdi şəkildə qızdırır, kimisi kondisioner vasitəsilə, kimisi radiartların köməyilə, bəziləri də el arasında “ceyran peçi” kimi tanınan çuqun sobadan istifadə edərək.

Başqa bir qonşu da onların bir neçə gün əvvəl dünyalarını dəyişdiklərini təsdiqlədi:

"Onlar təzəlikcə ölməyiblər. Qohumları gəlmişdi, dedilər ki, bura köçdükləri haqqında məlumatları olmayıb. Qızı “atam-atam” deyib ağlayırdı. Hamı deyir ki, bu ailəni itirib-axtaran olmayıb neçə gündür. Qohumları deyirdi ki, ailə yeni köçdükləri evin ünvanını heç kimə verməyib. Heç o biri qızlarına da”.

İlkin məlumatlara görə, hadisə zirzəmi-mənzildə hamamda quraşdırılmış su qızdırıcısından qaynaqlanıb. Çünki mənzilə baxış keçirilən zaman “ceyran peçi” adlandırdığımız sobaya rast gəlinməyib. Ailənin günlər əvvəl boğularaq öldüyünü isə ətrafdakı binalarda yaşayan sakinlər də təsdiqləyir. İnsanlar deyir ki, günlərlə bu tərəflərdən çürümüş meyit iyindən keçmək olmurdu. Nə qədər təmizlənmə işləri aparılsa da, kəskin qoxu hiss edilirmiş.

Meyitlər dünən çıxarılıb və dəfn olunmaq üçün ailələrinə verilib. Hazırda faktla bağlı cinayət işi başladılıb. Məsələ ilə bağlı prokurorluq araşdırma aparır. Evin qapısı möhürlənib, mənzilin içərisi və ətraf ərazilər dezinfeksiya edilib. Mənzilə isə ailə yaxınlarının belə girməsinə icazə verilmir.

Sumqayıt şəhər 1 saylı Mənzil Kommunal İdarəsindən bizə bildirdilər ki, həmin mənzil normal yaşayış üçün zəruri şəraitlə təmin edilmiş olub:

“Həmin ailə təzə köçmüşdü. Zirzəmidə yaşasalar da, mənzildə şərait elə də pis olmayıb.Normal təmirli otaqlardı. Binaların zirzəmilərinin əksəriyyəti eyni cür, normal təmirlidir”.

Könül Cəfərli

Foto Səfiya Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm