Bank işçisindən sevgilisi ilə gizli gəzən oğlana və qardaşına qarşı DƏHŞƏTLİ CİNAYƏT
Bizi izləyin

Hadisə

Bank işçisindən sevgilisi ilə gizli gəzən oğlana və qardaşına qarşı DƏHŞƏTLİ CİNAYƏT

İki qardaşı öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Qaradağ rayon sakini Zaur Tərlanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, 2015-ci il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov yol kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə “Vinçester” markalı odlu silahdan bir neçə atəş açıb.

Buna Zaurla onların arasında mübahisə yaranması səbəb olub.

Hadisə nəticəsində Rəhimov qardaşları ölüb. Cinayəti törədən Zaur hadisə yerindən qaçıb. Səhəri gün Qaradağ Rayon Polis İdarəsi 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanov yaxalayıblar.

İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət bu məsələ üstündə baş verib.

Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Tərlanovun vəkilləri apelyasiya şikayəti veriblər. Onlar Zaur Tərlanovun müddətli cəza verilməsini istəyiblər.

Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Zaur Tərlanovun apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Zaur Tərlanovun vəkili kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclas da Zaur Tərlanovun vəkilinin şikayəti təmin edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması qərara alınıb.

Bu dəfə işə Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

İyulun 23-də keçirilən prosesdə hakim heyəti qərar elan edib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin Zaur Tərlanovun barəsində təyin etdiyi ömürlük cəzanı ləğv edib.

Zaur Tərlanovun cəzası 20 ilə endirilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Mərhum Cahid və Cavid Rəhimovların anası Nigar Rəhimova Publika.az-a bildirib ki, məhkəmənin çıxardığı qərar ədalətli deyil.

Nigar Rəhimovanın sözlərinə görə, Zaur Tərlanov heç bir səbəb olmadan onun iki oğlunu söhbət etmək adı ilə aparıb və maşında olduqları vaxt öldürüb: “Həmin vaxt mənim övladlarımda silah olmayıb. Silahsiz olan övladlarıma Vinçester”dən acıdığı atəşlə iki metr yarımdan güllələyib. Bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində bir il iş getdi, ömürlük cəza verildi. Sonradan apelyasiya şikayəti verildi. Apelyasiya Məhkəməsində iş getdiyi vaxt kasasiya şikayəti verdilər ki, şikayətlərinə istintaq yolu ilə baxılsın. Həmin vaxt şikayətə istintaqla baxılması barədə qərar qəbul edildi. Yenidən bir ildə apelyasiyada iş getdi, ömürlük cəza təsdiq olundu”.

Nigar Rəhimova qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər: “Ali Məhkəmədə şikayətə hakim Tahir Kazımov baxdı. Tahir Kazımov işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul etdi. Bütün işlər görüldü, iki oğlumun qatili ömürlükdən xilas edildi. İki nəfəri öldürən şəxsə 20 il iş verdilər, heç həbsxana rejimi də verməyiblər”.

Nigar Rəhimova bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verəcəklər: “Mən burda ağır cəza istəyirəm. Ya öldürəcəm, ya da öləcəm. İki oğluma qarşı bir oğul istəyirəm. Bu qədər haqsızlıq, ədalətsizlik olmaz. Deyirlər ki, cinayət namus üstündə olub. Namus üstündə olmayıb, münaqişə zəminində baş verən hadisədir. Bir ananın bu qədər faciəsi ilə oynamaq olmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm