Azərbaycanın 3 rayonunda güclü yanğın: FHN helikopterləri HAVAYA QALDIRDI (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanın 3 rayonunda güclü yanğın: FHN helikopterləri HAVAYA QALDIRDI (YENİLƏNDİ)

Quba rayonunun Qonaqkənd və İsnov kəndləri yaxınlığında meşəətrafı ərazilərdə baş verən yanğın söndürülüb.

Bu barədə AZƏRTAC-a Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Aydəmir Manafov məlumat verib.

A.Manafovun sözlərinə görə, meşəətrafı ərazidə baş verən yanğın İsnov kəndində yaşayış evlərinə qədər yaxınlaşsa da, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının vaxtında müdaxiləsi ilə söndürülüb.

“Biz hazırda müvafiq qurumların nümayəndələri ilə birlikdə yanğın baş verən ərazidəyik. Əvvəlcə İsnov, sonra isə Qonaqkənd istiqamətində yanğın söndürüldü. İndi FHN-in əməkdaşları yanğının yenidən alovlanmaması üçün tədbirlər görürlər.

Siyəzən rayonunda baş verən yanğının əhatə etdiyi ərazi isə genişlənib. Rayon ərazisində başlayan, meşə-çöl ərazisini əhatə edən yanğının hüdudları genişlənib.

Yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən alovu söndürmək hələ ki, mümkün olmayıb. Əlaqədar qurumlar yanğının söndürülməsi istiqamətində işlər aparır.

***

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və Qırlar kəndlərinin, həmçinin Siyəzən rayonunun İsnov kəndi yaxınlığında (Şabran rayonu ilə sərhəddə) meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.

Publika.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Siyəzəndə baş vermiş yanğınla bağlı məluymat yayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.

Yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

***

Quba rayonunun Qonaqkənd kəndi ərazində güclü yanğın başlayıb.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, yanğın meşə massivinə də keçib. Quba Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, o cümlədən kənd sakinləri yanğının söndürülməsi üçün çalışır.

Kənd sakinlərinin verdiyi məlumata görə, təxminən 10 hektara yaxın ərazi yanıb.

Siyəzənin Əriziküş kəndi ərazisində qeydə alınan yanğın isə Şabranın Zöhrabkənd kəndinə keçib. Alovun meşəyə yayılması ehtimalı var.

Hər üç ərazinin dağlıq olması və güclü küləyin əsməsi yanğının söndürülməsini çətinləşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm