Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
Bizi izləyin

Hadisə

Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu

Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin işdən çıxarılan direktoru Rəfiqə Məmmədova vəzifədən azad edilməsini əsassız hesab edərək məhkəməyə müraciət edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, iddiaçı Rəfiqə Məmmədova cavabdeh quruma qarşı işə bərpa, məcburi iş buraxmaya görə itirilmiş əməkhaqqının ödənilməsi və mediasiya xərclərinin tutulması tələbi ilə məhkəməyə iddia ərizəsi təqdim edib.

İddiaya əsasən, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında ləğv edilib. Keçmiş direktor bu əmrin ləğv olunmasını və əvvəlki vəzifəsinə bərpa edilməsini xahiş edir.

R.Məmmədova bildirib ki, 1980-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur, 2012-ci ildən isə sözügedən məktəbin direktoru kimi çalışıb. Onun sözlərinə görə, fəaliyyəti dövründə heç vaxt intizam tənbehi almayıb, dəfələrlə mükafat və fəxri fərmanlarla təltif olunub. O, eyni zamanda 10 ildən artıqdır ki, Mərkəzi Seçki Komissiyasının Şəmkir şəhəri üzrə 102 saylı seçki dairəsinin 13-cü məntəqəsinin sədri vəzifəsini icra edib.

R.Məmmədova qeyd edib ki, Qazax–Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə aparılan yoxlama zamanı irad kimi göstərilən hallar əsassız olub. Onun sözlərinə görə, I sinfə qəbul edilən şagirdlərin valideynləri elektron ərizə ilə müraciət edib və həmin şagirdlərin dərsə davamiyyəti qənaətbəxş olub. Buna baxmayaraq, ondan həmin sinfin bağlanması və şagirdlərin məktəbdən uzaqlaşdırılması tələb edilib.

R.Məmmədova vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, 9 illik təhsil icbaridir və davamiyyəti olan şagirdlərin məktəbdən kənarlaşdırılması qanunsuzdur. O, həmçinin diqqətə çatdırıb ki, işdən çıxarıldıqdan sonra belə, bağlanması tələb edilən sinif fəaliyyətini davam etdirib.

İddiaçı bildirib ki, işdən azad olunmazdan əvvəl səhhəti ilə əlaqədar xəstəxanada müalicə alıb, şəkər xəstəliyindən əziyyət çəkir, sonradan isə göz problemi ilə bağlı Bakı şəhərində müalicə olunub. Müalicə dövrünü təsdiqləyən tibbi arayışların cavabdeh quruma təqdim edildiyini qeyd edib.

Keçmiş direktor əlavə edib ki, onun xəstəxanada olduğu müddətdə direktor səlahiyyətləri müqavilə əsasında çalışan təşkilatçı müavin Zülfiyyə Əhmədovaya verilib və təhvil-təslim sənədlərində belə yol verilən səhvlər onun 43 illik qüsursuz pedaqoji fəaliyyətinə hörmətsizlikdir.

R.Məmmədova hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan kobud pozuntu hallarına yol verməyib.

Keçmiş direktor həmçinin qeyd edib ki, yoxlamalar aparılan ərəfədə seçki məntəqəsində olduğu üçün bəzi məsələlərdən xəbərsiz olub.

Qazax–Tovuz Regional Təhsil İdarəsinin yoxlama materiallarında isə qeyd olunur ki, məktəbdə aparılan davamiyyət yoxlamaları zamanı bir sıra siniflərdə dərsə davamiyyətin zəif olduğu aşkarlanıb. Belə ki, yoxlama zamanı bəzi siniflərdə şagirdlərin böyük hissəsinin dərsdə iştirak etmədiyi müəyyən edilib.

Məktəbdə siniflərdə davamiyyət yoxlaması aparılan zaman 9c sinfində jurnal üzrə 18 şagirddən 8 nəfər, 11a sinfində jurnal üzrə 30 şagirddən 5 nəfər, 11c sinfində jurnal üzrə 26 şagirddən 3 nəfər, 7c sinfində jurnal üzrə 21 şagirddən 14 nəfər, 10b sinfində jurnal üzrə 30 şagirddən 14 şagird, 10c sinifində jurnal üzrə 24 şagirddən 8 nəfər dərsdə iştirak etməyib.

Birinci instansiya məhkəməsi keçmiş direktorun şikayətini təmin etməyib. Rəfiqə Məmmədovanın apelyasiya şikayəti də nəticəsiz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm