“Əlimdəki bıçaqla oğlumun kürəyindən vurdum, arxası üstə yerə yıxıldı” – Dəhşətli qətlin təfərrüatı
Bizi izləyin

Hadisə

“Əlimdəki bıçaqla oğlumun kürəyindən vurdum, arxası üstə yerə yıxıldı” – Dəhşətli qətlin təfərrüatı

Abşeron rayon sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədov lal-kar olan doğma oğlu, 14 yaşlı İbrahim Məmmədovu bıçaqlayaraq öldürüb.

Publika.az xəbər verir ki, hadisə ötən il iyulun 19-da Qobu qəsəbəsində baş verib.

Eldəniz Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Novruz Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Eldəniz Məmmədov elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O bildirib ki, 19 iyul 2014-cü il tarixində, axşamüstü qonşusu Vaqif Zülfəliyevin evində bir şüşə araq içəndən sonra öz evinə qayıdıb: “Ağacları suvarandan sonra səkidə oturdum. Təxminən 15 dəqiqədən sonra həyat yoldaşım Simuzər qışqıraraq məni çağırdı və oğlum İbrahimin evin ikinci mərtəbəsindən yerə yıxıldığını bildirdi”.

“Oğlumun ipi kəsərkən yerə yıxıldığını bildirdim”

Təqsirləndirilən şəxs: “Qapıdan çıxanda Vaqiflə üz-üzə gəldim. Ona dedim ki, Qalibə söylə uşaq yıxılıb, onu xəstəxanaya aparsın. Təxminən 2 dəqiqə sonra Qalib, anası Sona və qonşuları Cəmaləddinlə bizim həyətə gəldi. Oğlum İbrahimi maşına qoyaraq xəstəxanaya apardılar. Təxminən 10 dəqiqə sonra polis şöbəsindən gəldilər və məndən nə baş verdiyini soruşdular. Polis əməkdaşlarına oğlumun evin ikinci mərtəbəsindəki ipi kəsərkən yerə yıxıldığını söylədim” – deyə bildirdi.

“Arvadım cinayətini mənim boynuma atıb”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Mübariz kimi tanıdığı polis əməkdaşına xəstəxanadan zəng ediblər və İbrahimin bıçaqlandığını deyiblər: “Həmin vaxt həyat yoldaşım Simuzərdən oğlum İbrahimi hansı səbəbdən bıçaqla vurmasını soruşsam da, o, heç bir cavab vermədi. Bundan sonra polis əməkdaşları məni şöbəyə apardılar. Oğlumu mən deyil, həyat yoldaşım Simuzər qətlə yetirib. Simuzər öz törətdiyi cinayəti mənim boynuma atıb”.

Məhkəmə Eldəniz Məmmədovun ifadəsini özünümüdafiə kimi qiymətləndirib. Buna görə də onun ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edilib.

“Oğlumun oğurluq etməsi yadıma düşdü”

Eldəniz Məmmədov istintaqa verdiyi ifadəsinin əvvəlini məhkəmədə verdiyi ifadəsinə uyğun danışıb. Amma o, istintaqa verdiyi ifadəsində oğlunu qətlə yetirməsini etiraf edib: “Otaqda masanın üstündə olan bıçağı götürərək həyətə çıxdım. Oğlum İbrahim qonşunun həyəti ilə bizim həyətin arasında olan daş hasarın yanında suvenir toxumaq üçün lazım olan ipi hörürdü. Oğlumu görən kimi onun əvvəllər oğurluq etməsi yadıma düşdü. İbrahim təxminən 2 il əvvəl Qarayev adına 3 saylı lal-kar uşaqlar üçün olan məktəbdə işləyən müəllimənin çantasından, həmin ərəfədə qardaşım Elşənin cibindən 400 manat və hadisədən təxminən bir həftə əvvəl arvadıma məxsus pul qabından 20 manat oğurlayaraq corabının içində gizlətmişdi. Bu hərəkətlərinə görə camaat içində bizi biabir etdiyini söyləyərək başına döyə-döyə onu evin qarşısına gətirdim və əlimdəki bıçaqla bir dəfə kürəyindən vurdum. İbrahim arxası üstə yerə yıxıldı. Oğlum mənə müqavimət göstərməyə başladı. Onun hər iki əlindən tutdum. Sonra dizlərimi yerə qoyaraq bıçaqla ona daha 2-3 zərbə vurdum”.

“Beton döşəmənin üstünə tökülmüş qanı yudu”

Eldəniz Məmmədov istintaqa verdiyi ifadəsində həmçinin bildirib ki, qətlə şahid olan həyat yoldaşı Simuzər onlara yaxınlaşıb qışqıra-qışqıra: “Eldəniz, eləmə-eləmə” - deyib. “İbrahimi bıçaqla vurduqdan sonra dizlərinin üstündən durdum. Bıçağı yerə atıb Simuzərə İbrahimi yuxarı evə aparmasını, tökülən qanı yumasını, soruşan olsa, İbrahimin evin ikinci mərtəbəsindəki paltar ipini kəsərkən yerə yıxıldığını və bıçağın onun qarnına girməsini deməsini tapşırdım. Bundan sonra Simuzər həyətin beton döşəməsinin üstünə tökülmüş qanı yudu. İbrahimi vurduğum bıçağı götürərək evin ikinci mərtəbəsindəki metal borulara bağlanmış paltar asılan ipi kəsdim. Sonra İbrahimin altına palaz sərərək onu sürüyüb evin ikinci mərtəbəsinə apardım. Daha sonra Simuzər tapşırığıma əməl edərək, kabab çəkilən şişi əyib yerə tulladı ki, İbrahimin ikinci mərtəbədən yerə düşərkən qarnına bıçaqla yanaşı, şişin də girməsi təəssüratını yaratsın” - deyə təqsirləndirilən şəxs vurğulayıb.

“Sərxoş olduqdan sonra qızımı və nəvələrimi döyüb”

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Rəhilə İsmayılova deyib ki, Eldəniz Məmmədov onun kürəkəni, hadisə nəticəsində ölən İbrahim Məmmədov isə nəvəsidir: “Eldəniz Məmmədov cəzaçəkmə müəssisəsindən azad ediləndən sonra dostları ilə səfil həyat keçirirdi. Hər gün səhərdən gecəyədək içki içib qızımı və nəvələrimi döyürdü. İyulun 19-da, axşam saat 21.50 radələrində qonşum Vaqifin oğlu Qalib oğlum Nizamiyə zəng edərək nəvəm İbrahimin yıxıldığını, qarnına şiş batdığını və xəstəxanaya aparıldığını bildirdi. Mən də xəstəxanaya getdim və ora çatanda nəvəmin artıq öldüyünü, həm də onun doğma atası Eldəniz tərəfindən bıçaqlanaraq öldürüldüyünü öyrəndim. Səhəri gün İbrahimi Qobu kənd qəbiristanlığında dəfn etdik”.

“Yemək yeməyin, mənə araq üçün pul qalsın”

Mərhum azyaşlının anası Simuzər Məmmədova cinayət işi üzrə şahid qismində ifadə verib. O bildirib ki, həyat yoldaşı Eldəniz cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra bir müddət avtomobil rəngsazı işləyib, elə işlədiyi vaxtdan da dostları ilə qarajda sərxoşluqla məşğul olurdu. O, mənə və uşaqlarıma deyirdi: ”Yemək yeməyin, mənə araq üçün pul qalsın”.

Şahidin sözlərinə görə, Eldəniz Məmmədov İbrahimi bıçaqlayıb: “Bundan sonra İbrahimi xəstəxanaya apardıq. Orada polislərə verdiyim ifadədə İbrahimin Eldəniz tərəfindən qətlə yetirməsini söylədim”.

Məhkəmənin hökmü ilə Eldəniz Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm